PDF Oxu

Sosial

  • 27

“Azərbaycanın müasir inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır”

“Azərbaycanın müasir inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır”

Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri elm və təhsilin sürətlə inkişaf etməsidir. Bu sahələrin ön planda olması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.


Bu fikirləri Şuşa Humanitar Kollecinin müəllimi Sevinc Səfixanova demişdir.

S.Səfixanova bildirmişdir ki, təhsilə, təhsil işçilərinə müntəzəm diqqət və qayğısı Azərbaycana rəhbərlik etdiyi bütün illərdə ulu öndərin çoxsahəli və genişmiqyaslı fəaliyyətində prioritet istiqamət olmuşdur. Ümummilli liderimiz Azərbaycanda iqtisadiyyatın, elm və təhsilin, mədəniyyətin inkişafına daim böyük önəm vermişdir. Heydər Əliyevin müdrik siyasətini Prezidentimiz İlham Əliyev uğurla davam etdirir.


"Heydər Əliyev əvəzsiz tarixi şəxsiyyət, müstəqil dövlətimizin banisidir"


Ulu öndər Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana axışan insan seli arasında tələbələr xüsusilə seçilirdi.

Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini yad edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin II kurs tələbəsi Nəzərbəy Hacıağayev AzərTAc-a demişdir ki, indiki gənclik əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətindən bəhrələnir. Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət və qayğı göstərilmiş, gənclər xarici ölkələrə təhsil almağa göndərilmişlər. Ümummilli lider Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında, dövlət idarəçiliyində gənclərin daha fəal iştirakına xüsusi diqqət yetirmiş, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Sevindirici haldır ki, ulu öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz gənclər ümummilli liderimizin xalqımız qarşısındakı xidmətlərini heç vaxt unutmayacaq, onun əməllərini, ideyalarını yaşatmaq üçün bütün gücümüzü səfərbər edəcəyik.


"Əgər bu gün biz azad və müstəqil respublikada yaşayırıqsa, buna görə məhz ulu öndərimizə borcluyuq"


Dekabrın 12-də ümummilli lider Heydər Əliyevə ehtiramlarını bildirmək üçün Fəxri xiyabana gələnlər arasında gənclərin sayı çoxluq təşkil edirdi.

Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsinin 4-cü kurs tələbəsi Kənan İbrahimov AzərTAc-a bildirmişdir ki, biz tələbələr hər il Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini anırıq. Əgər bu gün biz azad və müstəqil respublikada yaşayırıqsa, buna görə məhz ulu öndərimizə borcluyuq. Onun Azərbaycanın firavan gələcəyi üçün gördüyü işlər danılmazdır. Məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu təməllər üzərində bu gün vüqarla dayanan Azərbaycan gələcəyə nikbin baxır. Ulu öndərimiz Azərbaycan gəncliyinə daim etibar etmiş, diqqət və qayğısını əsirgəməmişdir. Biz gənclərə dövlət səviyyəsində göstərilən qayğı bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Çalışacağıq ki, bizə göstərilən bu etimadı doğruldaq.


"Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur"


Dekabrın 12-də səhər tezdən minlərlə insan ümummilli lider Heydər Əliyevə sonsuz ehtiramlarını bildirmək üçün Fəxri xiyabana axışırdı. Mühəndis Nemət Hüseynov da ulu öndərin məzarını ziyarət etmək üçün gələnlərin arasında idi.

Ulu öndərin Azərbaycan qarşısında xidmətlərindən danışan Nemət Hüseynov AzərTAc-a bildirmişdir ki, Heydər Əliyev xalqımızın böyük oğludur. Ulu öndər yenidən hakimiyyətə gələnədək ölkədə xaos, özbaşınalıq, tənəzzül hökm sürürdü. Yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə şərait yarada bilərdi. Məhz bu ağır və şərəfli vəzifəni üzərinə götürən ulu öndərin yorulmaz və gərgin fəaliyyəti nəticəsində Azərbaycan o çətin anlardan qurtula bildi.

Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyev isə müstəqil dövlətimizi dünya ölkələri arasında sayılıb-seçilən bir ölkə kimi tanıtdırmışdır. Artıq dünya dövlətləri Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi kimi tanıyır, onunla hesablaşır, sözünü dinləyirlər.

Allah ulu öndərimizə rəhmət eləsin!


"Ulu öndər Heydər Əliyev azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün böyük təşəbbüslər göstərib"


Xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmək üçün dekabrın 12-də Fəxri xiyabana gələnlər arasında Türkiyədə təhsil almış gənclər də vardır.

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov AzərTAc-a bildirmişdir ki, ulu öndər Heydər Əliyevin türk dövlətçiliyinin formalaşmasında xüsusi xidmətləri vardır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təhsil sahəsində böyük irəliləyiş əldə edilmişdir. Məhz 1991-ci ildən sonra əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil siyasəti Azərbaycanın kadr potensialının təkmilləşdirilməsinə böyük zəmin yaratmışdır.

Sovetlər dönəmində və müstəqillik illərində ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün böyük təşəbbüslər göstərmişdir. Gənclər siyasəti onun fəaliyyətində əsas yerlərdən birini tuturdu. Gənclərin inkişafı ulu öndərin ən çox diqqət yetirdiyi sahələrdən idi. Qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevin həyatı gənclərimiz üçün əsl nümunədir. Heydər Əliyev kimi dahi insanın həyat yolu və dövlətçilik fəaliyyəti əslində böyük həyat məktəbidir.

Ulu öndərin xatirəsi daim bizim qəlbimizdə yaşayır və yaşayacaqdır.


"Ulu öndər tamaşanı teatrşünaslardan daha yaxşı təhlil edirdi"


Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri Xiyabana gələn insan axınının ardı-arası kəsilmir. Hamı yaxşı başa düşür ki, xalqını sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, ölkənin inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir.

Xalq Artisti Ağaxan Salmanov da ziyarətə gələnlər arasındadır. O, AzərTAc-a müsahibəsində demişdir: "Azərbaycanın inkişafında və dünyada tanınmasında böyük xidmətləri olan ulu öndərə Allahdan rəhmət diləyirəm. Sənət dostlarımla ulu öndərin xatirəsini yad etməyə gəlmişəm. Ümummilli liderin mədəniyyətə xüsusi diqqəti var idi. Bütün tamaşaların premyeralarında şəxsən iştirak edirdi. Teatr sənəti haqqında, hər hansı bir əsərlə bağlı əhatəli təhlillər aparırdı. Ulu öndər tamaşanı teatrşünaslardan daha yaxşı təhlil edirdi".


"Ulu öndər Heydər Əliyev mədəniyyətin və incəsənətin inkişafına böyük qayğı göstərib"


Səhərin erkən saatlarından ulu öndər Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramını ifadə etmək üçün Fəxri Xiyabana gələn insanlar arasında müxtəlif peşə sahibləri, o cümlədən mədəniyyət və incəsənət xadimləri də vardır.

Ümummilli liderimizin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gəlmiş aktyor Novruz Qartal AzərTAc-a bildirmişdir ki, ulu öndər ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına böyük qayğı göstərmişdir. Bu qayğı sayəsində incəsənət sahəsi yeni-yeni uğurlara imza atmışdır.


"Ulu öndər Heydər Əliyev zamanı qabaqlamağa qadir şəxsiyyət idi"


Adətən insanlar zamanın ardınca gedirlər. Yalnız dahilər zamanı qabaqlayırlar. Ulu öndər Heydər Əliyev zamanı qabaqlamağa qadir şəxsiyyət idi. Dahi şəxsiyyət Heydər Əliyev qısa zaman kəsiyində dünyanın nəhəng dövlətlərinin diqqətini Azərbaycana cəlb etdi. Ümummilli lider dövlət qurdu, dövlətçiliyi möhkəmləndirdi, vətəndaş cəmiyyətini formalaşdırdı, dünya azərbaycanlılarının birliyini yaratdı. Tanrı ona çox şey vermişdi: fenomen yaddaş, xalqına, Vətəninə bağlılıq, sadəlik, polad iradə, rəvan nitq, yaraşıqlı boy-buxunu və nəhayət tarix yaratmaq bacarığı.

Bu sözləri AzərTAc-a ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün dekabrın 12-də Fəxri xiyabana gəlmiş Mais Cəfərov demişdir. M.Cəfərov vurğulamışdır ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya şöhrətli siyasi xadim və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin hadisələrlə dolu olan çətin bir dövrdə ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın ən ağır sınaqlarından məharətlə çıxartdı. Ümummilli lider Heydər Əliyev ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni inkişafının təməlini qoydu. Adı hər bir azərbaycanlının yaddaşında əbədi həkk olunmuş bu dahi şəxsiyyətin xatirəsi hər zaman xalqımız tərəfindən böyük sevgi və rəğbətlə anılacaqdır.


"Biz firavan, azad yaşayışa görə məhz ulu öndər Heydər Əliyevə borcluyuq"


Biz firavan, azad yaşayışa görə məhz ulu öndər Heydər Əliyevə borcluyuq.

Bu sözləri dekabrın 12-də ümummilli liderin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn mühəndis Cəvahir Rzayeva AzərTAc-a müsahibəsində demişdir.

Biz ulu öndərin xalqımız üçün gördüyü böyük işləri heç vaxt unutmayacağıq və unuda da bilmərik. Heydər Əliyevin məzarını ziyarət etmək, onun xatirəsini anmaq hər birimizin vətəndaşlıq borcudur, o cümlədən də mənim. Fərəhləndirici haldır ki, bu gün ulu öndərin xatirəsi yalnız Azərbaycanda deyil, ölkəmizdən kənarda da hörmət və ehtiramla yad edilir.

Görürsünüzmü, el ağsaqqalları, ziyalılar, idarə və təşkilatların nümayəndələri müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün bura axışırlar, ölkədə sabitliyi və əmin-amanlığı bərpa edən, onu dağılmaq təhlükəsindən qurtaran dahi bir insana məhəbbətlərini nümayiş etdirirlər!

Digər xəbərlər