Dekabrın 14-də Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının VIII konfransı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu öndərin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Toplantıda müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Sonra rayon təşkilatının sədri Əzizə Vahabova hesabat məruzəsi ilə çıxış etmişdir. Əzizə Vahabova bildirmişdir ki, sıralarında 7 mindən çox üzvü birləşdirən YAP İsmayıllı rayon təşkilatının ərazi ilk təşkilatlarının sayı 86-ya çatmışdır. YAP üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, seçkilərdə xüsusi fəallıq nümayiş etdirirlər.
Konfransda nəzarət-təftiş qrupunun sədri R.Ağayevin hesabatı dinlənilmişdir.
YAP İsmayıllı rayon təşkilatının gənclər birliyinin sədri T.Salehov, təşkilatın qadınlar şurasının sədri S.Əhmədova ötən dövrdə görülmüş işlərdən danışmışlar.
Milli Məclisin deputatları Hadi Rəcəbli, Novruzəli Aslanov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu konfransda çıxış edərək, partiyanın dövlət siyasətinə daim dəstək verdiyini, təşkilatın bundan sonra da qabaqcıl, mübariz təşkilat kimi öz işini uğurla davam etdirəcəyinə əminliklərini ifadə etmişlər.
İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov YAP-ın 19 il əvvəl tarixi zərurətdən yarandığını, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında partiya üzvlərinin fəal rol oynadıqlarını bildirmiş, son illər rayonda aparılmış genişmiqyaslı abadlıq, quruculuq işlərindən danışmışdır.
Sonra konfransın qətnamə layihəsi oxunmuş, YAP İsmayıllı rayon təşkilatının yeni tərkibi seçilmişdir.
Vahabova Əzizə Saatxan qızı YAP İsmayıllı rayon təşkilatının sədri seçilmişdir.
Konfransda, həmçinin 39 nəfərdən ibarət şura, 17 nəfərdən ibarət idarə heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilmişdir.
Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.