Ötən gün YAP Cəlilabad rayon təşkilatının VIII konfransı keçirildi. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzdülər, Onun əziz xatirəsini ehtiramla yad etdilər.
Sonra hesabat məruzəsi ilə çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı ötən dövr ərzində görülən işlərdən danışdı. "Ötən hesabat dövrü bir sıra əhəmiyyətli hadisələrlə yadda qalıb. Belə ki, Azərbaycan Respublikasının müstəqillik əldə etməsinin 20 illiyi, Ulu Öndərimizin rəhbərliyi altında yeni təfəkkür, siyasi mədəniyyət mənbəyi olan Yeni Azərbaycan Partiyasının yaranmasının 19-cu ildönümü bu il təntənə ilə qeyd edilib. Azərbaycan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Dünyanı iqtisadi və siyasi böhranın bürüdüyü bir vaxtda Azərbaycan özünün yüksələn xətt üzrə inkişafını davam etdirib. Əmin-amanlıq qorunub, ictimai-siyasi sabitlik saxlanılıb".
M.Mirxaslı, həmçinin, ötən dövrdə görülən işlərdən danışdı. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının IV Qurultayından keçən dövr ərzində qarşıda duran vəzifələr YAP İcra Katibliyinin göstərişlərini icra etmək, Cəlilabad rayonunun bütün ictimai və siyasi həyatında yaxından iştirak etməkdən ibarət olub: "Bu baxımdan YAP Cəlilabad rayon təşkilatının fəaliyyəti çox uğurlu olub. Belə ki, YAP rayon təşkilatı hazırda 93 ilk təşkilat ətrafında 5630 nəfər partiya üzvünü birləşdirir. Hesabat dövründə 1590 nəfər Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunubdur. Hazırda YAP rayon təşkilatının qeydiyyatında olan üzvlərdən 26,5 faizini qadınlar, 29 faizini isə gənclər təşkil edir. Təşkilatın 34 faizini ali təhsilli ziyalılar təşkil edir. Fərəhləndirici haldır ki, partiya sıralarında gənclərin sayı hər il daha çox olur. Bu da Yeni Azərbaycan Partiyasına gənclərin daha çox inamının təzahürüdür. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının ziyalılar partiyası, Azərbaycan ziyalısının isə hər zaman Yeni Azərbaycan Partiyasının aparıcı qüvvəsi olması rayon təşkilatının timsalında daha aydın, daha qabarıq nəzərə çarpır".
YAP Cəlilabad rayon təşkilatının sədri onu da vurğuladı ki, partiya üzvləri ölkənin ictimai-siyasi həyatında yüksək fəallıq göstərirlər. Xüsusilə də, ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkiləri və referendumda təşkilat üzvləri yüksək fəallıq göstəriblər.
Tədbirdə təşkilatın nəzarət-təftiş qrupunun sədri Varid Əsgərovun hesabat məruzəsi dinlənildi.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Arif Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov, deputat Malik Həsənov, rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərov, YAP Cəlilabad rayon təşkilatı qadınlar şurasının sədri Fərqanə Məmmədova və gənclər birliyinin sədri Anar Abdullayev, "Yeni Gün" rayon qəzetinin redaktoru Böyükxan Bağırlı və digər natiqlər çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin ən nüfuzlu qüvvəsinə və xalqın partiyasına çevrilməsində, onun yaradıcısı, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulamışlar. Məruzə və çıxışlarda bildirilmişdir ki, Ümummilli Liderimizin siyasi xəttinin, ideyalarının bu gün partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xalqımızda sabaha böyük inam doğurur. Natiqlər son dövrlər Cəlilabadın iqtisadi və mədəni həyatında böyük dəyişikliklərin baş verdiyini, geniş tikinti-quruculuq işlərinin aparıldığını vurğulamışlar. Çıxış edənlər partiyanın Cəlilabad rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
YAP Cəlilabad rayon təşkilatı idarə heyətinin üzvü, Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov konfransda çıxış edərək, rayon ərazisində görülən işlərdən bəhs etdi: "Bu gün bizim əsas məqsədimiz Prezident İlham Əliyevin yürütdüyü siyasətin arxasınca gedərək gördüyümüz işlərlə Ulu Öndərimizin ruhunu şad etmək, eyni zamanda, dövlət başçısının tapşırıqlarına uyğun addımlar atmaqdır. Hazırda ölkədə Prezident İlham Əliyevin göstərişi ilə böyük tikinti-quruculuq işləri görülür. Biz, hər birimiz cənab Prezidentin əsgərləriyik və bu işlərin görülməsində bilavasitə iştirak edirik."
RİH başçısı qeyd etdi ki, rayon ərazisində məktəblərin, səhiyyə ocaqlarının tikintisi, təmiri, küçələrin asfaltlanması kimi işlər geniş vüsət alıb.
Konfransda gündəliyə uyğun olaraq təşkilatı məsələlərə baxıldı. YAP Cəlilabad rayon təşkilatının 45 nəfərdən ibarət şura tərkibi, 7 nəfərdən ibarət nəzarət-təftiş komissiyası formalaşdırıldı. Mirsüleyman Mirxaslı isə yenidən təşkilatın sədri seçildi. Həmçinin, konfransda bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olundu. Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olundu.
RƏFİQƏ HÜSEYNOV