PDF Oxu

Sosial

  • 32

“Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatının durumu və gələcək inkişafı” mövzusunda beynəlxalq konfrans keçirildi

“Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatının durumu və gələcək inkişafı” mövzusunda beynəlxalq konfrans keçirildi

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Avropa Birliyinin Azərbaycan Nümayəndəliyi və İsveçin LO-TCO təşkilatı tərəfindən dəstəklənən "Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan" layihəsi çərçivəsində "Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatının durumu və gələcək inkişafı" mövzusunda beynəlxlaq konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan "Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan" layihəsinin koordinatoru Müşfiq Ələsgərli "Azərbaycan jurnalistlərinin mövcud sosial durumu: Sosial hüquqların qorunmasında həmkarlar təşkilatının rolu" mövzusunda çıxış edərək, qeyd etdi ki, bu layihə Beynəlxalq Jurnalistika İttifaqının və Jurnalist Həmkarlar İttifaqının birgə layihəsidir. Layihənin ilkin məqsədlərindən biri mediaya töhfə verməkdir. Avropa Birliyinin mediadəstəklə bağlı 2 layihəsi başa çatıb. Gələn ilin layihəsi medianın inkişafına yönəlib. Güman edirəm ki, medianın inkişafına dəstək davam edəcək.

Daha sonra çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri V.Əliyev qeyd etdi ki, bu layihə jurnalistlərin sosial müdafiəsi baxımından daha əlverişli olacaq. "Belə tədbirlərin davamlı olmasını arzu edirəm"-deyə əlavə edən PA-nın sektor müdiri dövlətin mətbuata diqqət və qayğısından da bəhs etdi. V.Əliyev vurğuladı ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan mətbuata dövlətin diqqət və qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Jurnalistlərin fəxri adlarla və mükafatlarla təltif edilməsi, jurnalistlərin mənzil-məişət probleminin həll edilməsi ilə bağlı ölkə başçısının imzaladığı Sərəncam, KİVDF-nin yaradılması Azərbaycan dövlətinin kütləvi informasiya vasitələrinə və jurnalislərə diqqət və qayğısı deməkdir."

MŞ-nin sədri Ə.Amaşov isə çıxışında Azərbaycanda jurnalistlərin həmkarlar ittifaqlarının yaradılmasının zəruri olduğunu vurğuladı. "Reallığa gedəndə görürük ki, bəzi qəzet və teleradio şirkətlərində həmkarlar təşkilatı fəaliyyət göstərir. Ancaq bunlar Azərbaycan jurnalistikasının 20-25 faizini təşkil edir. Ölkəmizdə jurnalistlərin həmkarlar hərəkatı hansı istiqamətdə gedir və respublikada jurnalistlərin ayrıca həmkarlar təşkilatı olsunmu? Biz də bu məsələləri araşdırırıq və MŞ olaraq, 2012-ci ildən bu məsələlərə öz dəstəyimizi verəcəyik". Ə.Amaşov onu da vurğuladı ki, bu layihə etik jurnalistika təşəbbüsü adlanır. İndiyə qədər onlarla jurnalistlərə təlim-seminar təşkil olunub. KİVDF-nin icraçı direktoru V. Səfərli bildirdi ki, jurnalistlərin sosial müdafiəsi məsələsi ən vacib məsələlərdən hesab olunur. Fond rəhbəri onu da bildirdi ki, böyük jurnalist ordusunun olmasına baxmayaraq, bizim təşkilatlanmağımız çox zəifdir: "İstəyirəm ki, jurnalistlərin həmkarlar ittifaqları olsun və həmin qurum AHİK-tn üzvü olsun. İstərdim ki, jurnalistlərin istirahət mərkəzi olsun. KİVDF qəzet redaksiyaları ilə layihə həyata keçirdiyimiz müddətdə təxminən 50 faizə yaxın qəzetdə mühasibatlıq yox dərəcəsində idi və indi də bu vəziyyət qənaətbəxş deyil. Bu məsələnin həllində jurnalistlər fəal olmalı və əmək müqaviləsi tələb etməlidir". Daha sonra AHİK-in baş mütəxəssisi Arif İbrahimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nizami Əhmədov mövzu ilə bağlı fikirlərini səsləndirdi. Xatırladaq ki, konfrans müxtəlif mövzularla bağlı seminarlar şəklində öz işini davam etdirdi.

ANAR MƏCİDZADƏ

Digər xəbərlər