Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi böyük uğurdur. SİA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ilin yekunlarına həsr edilən mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, BMT-də əldə edilən uğur Azərbaycana beynəlxalq səhnədə göstərilən etimadın bir göstəricisidir.
Bu il İzmirdə keçirilən Strateji Əməkdaşlıq Şurasının toplantısının 2011-də Azərbaycan-Türkiyə münasibətləri kontekstində önəmli hadisələrdən biri olduğunu deyən səfir iqtisadi münasibətlərədə toxunub: "Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə yatırmasını çox müsbət qiymətləndirirəm. Bu günə kimi enerji sektoru da daxil olmaqda Azərbaycan Türkiyə iqtisadiyyatına 10 mlrd. dollar sərmayə yatırıb. Türkiyə isə Azərbaycana 6 mlrd dolar həcmində vəsait yatırıb. Bu il ölkələr arasında ticarət dövriyyəsinin həcmi bir qədər də artaraq 3 milyard dollara çatıb". Başa çatmaqda olan il ərzində çoxlu sayda ikitərəfli səfərlərin olduğunu xatırladan səfir dövlətlərarası əlaqələrin bütün sahələrdə inkişaf etdiyini söyləyib. Onun sözlərinə görə hər gün Bakıdan İstanbula və əksinə 6 aviareys həyata keçirilir: "Bu, sıx münasibətlərimizin bir göstəricisidir. Eyni zamanda gələn il Bakıda Strateji Əməkdaşlıq Şurasının iclasının keçiriləcək. Bu, çox mühüm toplantıdır. Bundan savayı Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istismara verilməsini gözləyirik. Enerji sahəsində yeni inkişaf gözləyirik".