Dünən Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının VII konfransı keçirilmişdir. Konfrans nümayəndələri və qonaqlar ilk öncə rayonun mərkəzi meydanına gedərək, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Onun abidəsi önünə gül dəstələri və əklillər qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Konfransın əvvəlində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının banisi, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Arif Quliyev bildirmişdir ki, təşkilat yarandığı gündən ölkədə gedən ictimai-siyasi proseslərdə, eləcə də, prezident, parlament və bələdiyyə seçkilərində fəal mövqe nümayiş etdirmişdir. Rayon təşkilatı VI konfransdan keçən müddət ərzində daha da təşkilatlanmış, rayonun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrilmişdir. Hazırda 98 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının 8003 nəfər üzvü vardır. Təşkilat üzvlərinin 3242 nəfərini gənclər, 3200 nəfərini isə qadınlar təşkil edir. Hesabat dövründə YAP sıralarına 2208 nəfər qəbul olunmuşdur.
Konfrans iştirakçılarına məlumat verilmişdir ki, Prezident İlham Əliyevin 2011-ci il 18 oktyabr tarixli Sərəncamı ilə YAP Ağcabədi rayon təşkilatı sədrinin müavini Teymur Rəhimov və aparatın təlimatçısı Ramil Nağıyev "Tərəqqi" medalı ilə təltif olunmuşlar: "Prezident İlham Əliyev bu ilin mayında rayona səfər etmiş, Ağcabədi-Qaradolaq-Kəbirli yolunun, şahmat məktəbinin, sutkalıq istehsal gücü 20 ton olan Ağcabədi süd emalı zavodunun, sutkalıq istehsal gücü 250 ton, "Atena" süd məhsulları kombinatının açılışında, 205 çarpayılıq xəstəxana binasının təməlqoyma mərasimində iştirak etmişdir".
Konfransda Milli Məclis Sədrinin müavini Bahar Muradova və Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiyanın keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan, YAP-ın respublikanın həyatında oynadığı əhəmiyyətli rolundan danışmışlar. Nəzarət-təftiş qrupunun hesabatı dinlənildikdən sonra təşkilati məsələlər müzakirə edilmiş, YAP rayon təşkilatı şurasının, idarə heyətinin, nəzarət-təftiş qrupunun üzvləri seçilmişdir. A.Quliyev yenidən yekdilliklə YAP Ağcabədi rayon təşkilatının sədri seçilmişdir.
Konfransda, həmçinin, müxtəlif respublika və Avropa turnirlərində qalib olmuş rayon idmançılarına hədiyyələr təqdim olunmuşdur.
Yekun olaraq konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.
R.RƏSULOV