PDF Oxu

Sosial

  • 13

“YAP möhtəşəmliyi və mütəşəkkilliyi ilə regionda ən güclü siyasi təşkilat kimi qəbul edilməkdədir”

“YAP möhtəşəmliyi və mütəşəkkilliyi ilə regionda ən güclü siyasi təşkilat kimi qəbul edilməkdədir”

Hesabat məruzəsi ilə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva ötən dövr ərzində rayon təşkilatının həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verdi. O, Yeni Azərbaycan Partiyasının zəngin həyat yolu keçdiyini, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqlədiyini vurğuladı. Rayon təşkilatının sədri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün də istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 19 il ötdüyünü diqqətə çatdırdı: "Bu illər ərzində YAP həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atmışdır. Bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə YAP nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir. Heç şübhəsiz ki, bu nailiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün ölkə Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olmuşdur".

Rayon təşkilatının sədri YAP-ın ilkin, çoxsaylı, mübariz dəstələrindən biri olan və artıq mükəmməl tərzdə formalaşmış Nizami rayon təşkilatının hesabat dövründə öz işini partiya Nizamnaməsinə, Qurultay qərarlarına, YAP İdarə Heyətinin, Siyasi Şuranın qərar və göstərişlərinə uyğun qurmaq üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdiyini söylədi: "1993-cü il sentyabrında yaranan YAP Nizami rayon təşkilatının 380 nəfər üzvü var idisə, bu gün 100 ilk ərazi təşkilatı ətrafında 8205 nəfər partiya üzvü birləşir. 250 nəfər konfrans iştirakçısından 240 nəfəri YAP Nizami rayon təşkilatının VII konfransında iştirak edir".

Tədbirdə rayon təşkilatının nəzarət-təftiş qrupunun üzvü Rauf Hacıyevin hesabat məruzəsi dinlənildi. Məruzələr ətrafında partiya üzvü Füzuli Hacıyev, "Zəngi" məktəbinin direktoru Heydər Bayramov, 120 saylı məktəbin direktoru Almaz Əsgərova, Nizami rayon Qarabağ əlilləri, şəhid ailələri ictimai birliyinin sədri Məhi Mehdiyev çıxış edərək, hesabatı qənaətbəxş qiymətləndirdilər.

Konfransın işində çıxış edən Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov konfrans iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik etdi. T.Budaqov partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirdi. O bildirdi ki, təşkilat üzvləri Nizami rayonunun ictimai-siyasi həyatında fəal iştirak edirlər. T.Budaqov, həmçinin, rayonda həyata keçirilən abadlıq və quruculuq işləri haqqında da ətraflı məlumat verdi: "Ölkə Prezidentinin təsdiq etdiyi Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, bir sıra layihələr həyata keçirilir, əhalinin sosial problemlərinin həlli istiqamətində lazımi addımlar atılır".

Konfransda, həmçinin, təşkilati məsələlərə baxıldı. Sədaqət Vəliyeva yekdilliklə yenidən YAP Nizami rayon təşkilatının sədri, seçildi. Həmçinin, təşkilatın 61 nəfər şura, 5 nəfər nəzarət-təftiş qrupunun üzvləri də seçildi. Konfransda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə partiya vəsiqələri təqdim olundu. Sonda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olundu.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər