Dünən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli jurnalist, ustad redaktor və pedaqoq Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Kütləvi informasiya vasitələrində obyektivlik və operativlik, forma və məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin "Bakı" - "Baku" təcrübəsi" mövzusunda elmi konfrans keçirildi. Qeyd edim ki, tədbirdən öncə, Nəsir İmanquliyevin Fəxri Xiyabandakı məzarı ziyarət olundu.
Tədbirdə tanınmış elm və ədəbiyyat adamları, jurnalistlər, Nəsir İmanquliyevin tələbələri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov tədbirin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Nəsrulla İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında" 23 noyabr 2011-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar təşkil olunduğunu diqqətə çatdırdı. O, qeyd etdi ki, N.İmanquliyev Azərbaycan jurnalistikası məktəbinin tanınmış və görkəmli simalarındandır. N.İmanquliyevin mənalı ömür yolundan, səmərəli elmi, pedaqoji fəaliyyətindən, jurnalistikamızın inkişafındakı xidmətlərindən danışan K.Tahirov, onun yaradıcılığının, fəaliyyətinin gənc jurnalistlər üçün böyük örnək olduğunu bildirdi.
87 il ömür sürmüş professor N.İmanquliyev bütün şüurlu həyatını Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, azərbaycançılıq ideologiyasının təbliğinə, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar kadrların hazırlanmasına həsr etmişdir. Kitabxananın direktoru böyük alim və jurnalistin zəngin yaradıcılığının əhəmiyyətini vurğuladı. Belə ki, onun redaktorluğu ilə uzun illər işıq üzü görən "Bakı" və "Baku" qəzetləri ölkənin ictimai-siyasi-mədəni həyatında əhəmiyyət kəsb edən hadisəyə çevrilmişdir. 30 il bu qəzetlərə rəhbərlik edən N.İmanquliyev elə bir məktəbin bünövrəsini qoymuşdur ki, bundan bəhrələnənlər sonrakı mərhələlərdə Azərbaycan jurnalistikasının layiqli davamçısına çevrildilər.
Kitabxananın direktoru onunla bağlı sənədli filmin istehsal olunduğunu və bu gün yubiley tədbirində təqdim ediləcəyini bildirdi.
Sonra tədbiri aparmaq üçün söz Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə verildi. O, ilk olaraq, ölkə Prezidentinin məlum Sərəncamına diqqət çəkib, bu rəsmi sənədin Azərbaycan jurnalistika sənətinə böyük bir dəyər olduğunu söylədi. Həyatını mətbuatla bağlamış publisistin keçdiyi həyat və yaradıcılıq yolunu diqqətə çəkən R.Məcid onun heç bir jurnalistə nəsib olmayan bir ömrü yaşadığını vurğuladı. 30 il qəzetə baş redaktorluq etməklə yanaşı, Bakı Dövlət Universitetində çalışan N.İmanquliyevin yetirdiyi tələbələrin onun davamçıları olduğunu bildirdi. Onun rəhbərlik etdiyi qəzetlərdə dövrün nüfuzlu simalarının məqalələrinin, ədəbi nümunələrinin nəşrinə yer verildiyini söyləyərək, həqiqətən də, onun ənənələrinin bir məktəb olaraq tətbiqinin və öyrənilməsinin vacibliyini söylədi.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev N.İmanquliyevin keçdiyi ömür yolunu vərəqləyib, yaşadığı ömür yolunda çox uğurlara nail olduğunu bildirdi. Tələbə ikən universitet auditoriyasında mühazirələr oxumuş, qəzetin informasiya baxımından zənginliyinə xüsusi diqqət ayırmışdır. Universitetdə çalışdığı zaman çərçivəsində professional jurnalistlərlə yanaşı, Azərbaycana layiqli vətəndaşların yetişməsinə də nail olmuşdur. V.Əliyev onu ustad redaktor kimi xarakterizə edib, əməyinə dövlət tərəfindən hər zaman diqqət və qayğı göstərildiyini bildirdi. Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar N.İmanquliyevin atası Rəsul Rza ilə birgə "Ordu" qəzetində əməkdaşlıq illərinə nəzər salıb, cəbhə həyatı ilə bağlı xatirələrini çözələdi.
Milli Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan milli jurnalistikasında yeri və sözü olan N.İmanquliyevin fəaliyyət və həyatının maraqlı tərəflərinə münasibətini ifadə edib, "Bakı" və "Baku" qəzetlərinin həmin dövrlərdə alternativinin olmadığını söylədi.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, millət vəkili Nizami Cəfərov, akademik Vasim Məmmədəliyev, millət vəkili Elmira Axundova, jurnalist Zemfira Məhərrəmli və başqaları çıxış edərək, N.İmanquliyevin özünəməxsus xüsusiyyətlərini, onun zəngin yaradıcılıq yolunu xarakterizə edib məxsusi keyfiyyətlərinə də nəzər saldılar. Qeyd olundu ki, Azərbaycan ziyalılıq məktəbinə adını həkk edən N.İmanquliyev cürəti, əqidə möhkəmliyi, sözünün çəkisi ilə fərqlənən və seçilən simalardan olmuşdur.
Tədbirdə belə bir təklif də irəli sürüldü ki, rus şairi A.S.Puşkinin təsis etdiyi "Literaturnaya qazeta" 200 ildir ki, məhz onun portreti ilə işıq üzü görür. "Bakı" və "Baku" qəzetinin yaradıcısı olan N.İmanquliyevin şəkli məhz həmin qəzetlərdə öz əksini tapsın.
Qeyd edim ki, kitabxanada N.İmanquliyevin həyat və fəaliyyətini əks etdirən sərgi də təşkil olunmuşdur.
NƏZAKƏT