PDF Oxu

Sosial

  • 9

Milli Məclisə dəstək adlı tvinninq layihəsi başa çatdı

Milli Məclisə dəstək adlı tvinninq layihəsi başa çatdı

Dünən parlamentdə "Azərbaycan Respublikasının Milli Məclisinə dəstək" adlı Tvinninq layihəsinin yekunlarına həsr edilən tədbir və mətbuat konfransı keçirilib. Milli Məclis Aparatının və Tvinninq layihəsinin rəhbəri Səfa Mirzəyev qeyd edib ki, Avropa Birliyi və Avropa Komissiyası tərəfindən təşkil edilən layihənin icrası 2 il 3 ay çəkib.

O, xatırladıb ki, 2009-cu ilin sentyabrında Avropa Komissiyası bu barədə tender elan etmişdi və qalib kimi Litva parlamenti elan olunmuşdu: "Həmin müddətdən bu yana Tvinninq layihəsi ilə bağlı iki ölkənin parlamentləri arasında çox işgüzar münasibətlər, əməkdaşlıq əlaqələri yarandı. Litva parlamenti və parlamentariləri də həm mental baxımdan bizə yaxındırlar, həm də aramızda dil baryeri yox idi. Biz bir yerdə işgüzar şəraitdə layihəni həyata keçirdik". S.Mirzəyev vurğulayıb ki, layihədə göstərilən bütün komponentlər üzrə işlər müvəffəqiyyətlə başa çatdırılıb: "Ümumiyyətlə, AB və Avropa Komissiyası tərəfindən bu tipli layihələr bir çox ölkələrdə keçirilir. Sevindirici haldır ki, bu tipli 280 layihə arasında Tvinninq layihəsi müvəffəqiyyətlə icra olunduğuna görə 3-cü yeri tutur. Demokratiyanın inkişafına töhfəsinə görə isə bu layihə birinci hesab olunur". S.Mirzəyev qeyd edib ki, bu layihə çərçivəsində böyük nailiyyətlər var: "Onlardan ən əsası Azərbaycan qanunverciliyinin Avropa Birliyi qanunvericiliyinə yaxınlaşmasıdır. Bununla bağlı 3 pilot layihə həyata keçirilib: bunlar "Normativ-hüquqi aktlar haqqında" qanun layihəsi, Tikinti və Şəhərsalma Məcəlləsi, üçüncü isə Rəqabət Məcəlləsidir. Artıq qeyd etmək istərdim ki, "Normativ-hüquqi aktlar haqqında" Konstitusiya qanunu Milli Məclis tərəfindən qəbul olunub və qüvvəyə minib, Tikinti və Şəhərsalma Məcəlləsi bu günlərdə komitə iclaslarında müzakirədən sonra birinci oxunuşa tövsiyə olunub. Rəqabət Məcəlləsi isə 3-cü oxunuşa təqdim olunma ərəfəsindədir". O, eyni zamanda, qeyd edib ki, Avropa Birliyinin dəstəyi ilə 115 həftə ərzində həyata keçirilən layihə çərçivəsində Azərbaycan ictimaiyyətinin Avropa Birliyi barədə məlumatlandırılması istiqamətində işlər görülüb. "Bununla bağlı müvafiq internet sayt yaradılıb və kifayət qədər uğurla fəaliyyət göstərib"-deyə o, əlavə edib.

Tədbirdə Litva Seymi Aparatının rəhbərinin müavini, Tvinninq layihəsinin rəhbəri Qedeminas Aleksonis bildirib ki, iki ildən çox davam edən layihə çərçivəsində Azərbaycanın qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində işlər aparılıb. "Layihənin digər uğuru da Avropa parlamentarilərinin Azərbaycanı daha yaxından tanıması oldu. Bu müddət ərzində 60-a yaxın keçirilən birgə tədbirdə 7 Avropa ölkəsinin ekspertləri və parlamentariləri iştirak edib"-deyə vurğulayıb.

"Hazırda Avropa Birliyi Azərbaycan nümayəndəliyi tərəfindən 21 tvinninq layihəsi üzərində iş gedir". Bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndə heyəti rəhbərinin səlahiyyətlərini icra edən Andrey Valentinov bildirib.

O, qeyd edib ki, artıq onlardan 17-si icraya başlayıb. "15 il əvvəl Azərbaycanla AB ilə imzalanan tərəfdaşlıq sazişi bütün sahələrdə, o cümlədən, vətəndaş cəmiyyətindəki islahatlar sahəsində Azərbaycanın bu kimi layihələrin həyata keçirməsinə gözəl şərait yaradır"-deyə o, bildirib. O, həmçinin, deyib ki, AB Azərbaycan üçün islahatlar gündəliyi tərtib edib. "Bu gündəlik çox yüksək səviyyədə hazırlanıb və bu layihələrin həyata keçirilməsi üçün Azərbaycana çox lazım olacaq"-deyə, o, vurğulayıb.

"Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əməkdaşlıq haqqında saziş imzalanacaq". Bunu isə tədbirin sonunda keçirilən mətbuat konfransında S. Mirzəyev bildirib. O, qeyd edib ki, hazırda saziş üzərində iş gedir və onun yaxın zamanlarda imzalanması planlaşdırılır. "Burada həm deputatların, həm də parlament icra strukturlarının birgə fəaliyyəti nəzərdə tutulur"- deyə S.Mirzəyev sonra bildirib. Aparat rəhbəri, həmçinin, deyib ki, Avropa Parlamenti ilə Azərbaycan Milli Məclisinin birgə hazırladığı "Nizama salınmanın təsirinin qiymətləndirilməsi haqqında" qanun layihəsi artıq hazırdır.Onun sözlərinə görə, bu sənədin hazırlanmasına 2 il vaxt sərf olunub. "Layihənin hazırlanmasında Avropa təcrübəsinə xüsusi önəm verilib. Hazırda layihə üzərində tamamlanma işləri gedir və iş başa çatan kimi baxılması üçün müvafiq qurumlara göndəriləcək"-deyə S.Mirzəyev vurğulayıb.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər