PDF Oxu

Sosial

  • 13

“Səs” qəzetində Vyetnam KP-nın xarici əlaqələr komissiyasının sədr müavini ilə görüş keçirilib

“Səs” qəzetində Vyetnam KP-nın xarici əlaqələr komissiyasının sədr müavini ilə görüş keçirilib

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyasının sədr müavini Vuong Tua Fonq Yeni Azərbaycan Partiyasının dəvəti ilə "Modernləşdirmə siyasəti: yeni sosial və iqtisadi çağırışlar" tədbirində iştirak etmək məqsədilə ölkəmizdə səfərdədir. SİA-nın verdiyi məlumata görə, vyetnamlı qonaq dünən "Səs" qəzetinin qonağı olub.

Qəzetin redaksiyasında Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev Vuong Tua Fonqu salamlayaraq ölkələrimiz arasında təkcə iqtisadi, siyasi sahədə yox, eyni zamanda media sahəsində də əlaqələrin bundan sonra daha yüksək səviyyədə inkişaf edəcəyinə inandığını bildirib.

İki ölkə arasındakı əlaqələrin neft sektoru və təhsildən başladığını deyən B.Quliyev ölkələrimiz arasında əlaqələrin hələ Sovet hakimiyyəti illərindən başladığını xatırladıb: "Vyetnamla Azərbaycan arasındakı münasibətlər tarixi keçmişə - Sovet hakimiyyəti illərinə təsadüf edir. Həmin illərdə vyetnamlı tələbələrin əksəriyyəti məhz Bakıda təhsil almağa üstünlük verirdilər. Dövlət Neft Akademiyası isə Vyetnamdan gələn tələbələrin ən çox üz tutduğu təhsil ocağı idi. Məhz bunun sayəsində bu gün Vyetnamın neft sektorunda çalışan mütəxəssislərin əksəriyyətini Neft Akademiyasının məzunları təşkil edir".

Baş redaktor qonağa maraqlı bir faktı da xatırladıb. Məlum olub ki, ulu öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işləyərkən Vuong Tua Fonq görüşlərin birində onun tərcüməçisi kimi iştirak edib.

Qonaq bu faktın məhz bu görüş zamanı xatırlatdığı üçün B.Quliyevə təşəkkürünü bildirib və Ulu öndərlə eyni tədbirdə olmasından qürur duyduğunu vurğulayıb.

Vuong Tua Fonq Azərbaycanda səfərdə olmaqdan məmnunluq duyduğunu ifadə edib. O qeyd edib ki, Azərbaycanın qısa müddət ərzində keçdiyi sürətli inkişaf yolu hamı tərəfindən rəğbətlə qarşılanır: "Mən ilk dəfə Azərbaycanda 2007-ci ildə olmuşam. Bu günə qədər Azərbaycanda olan dəyişiklər göz qabağındadır".

Paytaxtın yenidən qurulduğunu təəccüblə qarşılayan vyetnamlı qonaq belə inkişafın heç bir ölkəyə nəsib olmadığını qeyd edib: "İqisadiyyatı inkişaf edən, siyasi münasibətləri beynəlxalq standartlara cavab verən ölkədə yaşamaq, işləmək çox xoşdur. Belə olan halda Azərbaycanla Vyetnam arasında təkcə neft sektorunda yox, digər sahələrdə də əlaqələr inkişaf edəcək". Azərbaycana gəlişinin məqsədləri haqda məlumat verən qonaq qeyd edib ki, ölkələr arasındakı əlaqələr getdikcə daha da inkişaf edir və bu sevindirici haldır: "Bakıya Yeni Azərbaycan Partiyasının dəvəti ilə "Modernləşdirmə siyasəti: yeni sosial və iqtisadi çağırışlar" tədbirində iştirak etmək məqsədilə gəlmişik. Bu tədbirdə iştirak etməkdən və Azərbaycanda olmaqdan çox məmnunuq".

Digər xəbərlər