Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir. Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Fransanın tutduğu ermənipərəst mövqeyi qeyri-ciddi qarşılayan işlərə biganə qalmayan Türkiyə dövləti, eləcə də, türk dünyası öz haqlı iradlarını və etirazlarını bildirməkdədirlər.
Mustafa Kabakçı: " Təəssüf ki, Fransa Xocalı soyqırımı kimi faktı, Azərbaycanın 20 faiz torpaqlarının işğal altında qalmasını, 1 milyon qaçqının olmasını görməməzliyə vurur"
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Modernləşmə siyasəti: Yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfranda iştirak etmək üçün Bakıya gələn Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa Kabakçı bəyan edib ki, Fransa qondarma "erməni soyqırımı" ilə bağlı yanlış addımının hesabını çox ağır ödəyəcək: "İnanırıq ki, bütün türk dünyası Fransanın qondarma "erməni soyqırımı" ilə bağlı yanlış addımına öz kəskin sözünü deyəcək, Fransa bunun qarşılığını çox ağır ödəyəcək".
TBMM millət vəkilinin sözlərinə görə, qondarma "erməni soyqırımı" özündə siyasi deyil, elmi məsələni ehtiva edir. M.Kabakçının fikrincə, tarixi gerçəkliklərin ortaya çıxmasından Türkiyə heç bir zaman narahatlıq keçirməyib və indi də keçirmir: "Türkiyə bütün arxivləri açmağa, elm adamlarını bu məsələyə cəlb etməyə, tarixi gerçəkliyi ortaya çıxarmağa hazırdır. Ancaq tarixi məsələni siyasi məsələyə çevirib onunla Türkiyəni ittiham etmək cəhdləri heç cür doğru deyil".
Onun sözlərinə görə, bu məsələdə hökm vermək siyasətçilərin deyil, tarixçilərin işidir: "Türkiyənin edəcəyi çox şeylər var. Türkiyəni əvvəlki Türkiyə hesab edənlər yanıldıqlarını görəcəklər. Türkiyə heç bir dönəmdə yalnız olmayıb və bundan sonra da olmayacaq. Türkiyənin yanında bütün türk coğrafiyasını əhatə edən toplumlar, o cümlədən, qardaş Azərbaycan xalqı var. Təəssüf ki, Fransa Xocalı soyqırımı kimi faktı, Azərbaycanın 20 faiz torpaqlarının işğal altında qalmasını, 1 milyon qaçqının olmasını görməməzliyə vurur. Fransa bir iş görmək istəyirsə, Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalçılıq siyasətinə son qoymaq üçün konkret mövqe ortaya qoymalıdır".
Rəbiyyət Aslanova: "Onlar hər zaman fəaliyyətlərində "bizlər" deyə bir bölgü aparıblar və bununla digər dövlətlərə qarşı ikili mövqe nümayiş etdiriblər"
Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova isə bu barədə münasibətini açıqlayarkən bildirib ki, Fransa Senatının "qondarma erməni soyqırımı"nı inkarına görə cəza nəzərdə tutan qanunu qəbul etmə istəyi ilə bağlı həm Azərbaycan, həm Türkiyə parlamentlərində fikirlər ortaya qoyulub. Belə bir qanunun qəbul edilmə cəhdi Fransa xarici siyasətinin uğursuz addımı kimi başa düşülə bilər: "Bütün Avropada təkcə sosial-iqtisadi böhran deyil, həm də düşüncə böhranı yaşanır. Onlar hər zaman fəaliyyətlərində "bizlər" deyə bir bölgü aparıblar və bununla digər dövlətlərə qarşı ikili mövqe nümayiş etdiriblər".
Millət vəkili vurğuladı ki, belə bir yanlış addım atılması davam edərsə, bu, Fransa xarici siyasətini geriyə atacaq: "Bu, Fransanın Türkiyə ilə münasibətlərinə mənfi təsir göstərəcək". R.Aslanova bu qərarın Fransanın ATƏT-in Minsk Qrupunda həmsədrliyinə təsiri məsələsinə gəldikdə isə, qeyd edib ki, məsələləri qarışdırmaq lazım deyil: "İstəsək də, istəməsək də, Fransa həmsədr kimi fəaliyyətini davam etdirir. Amma belə bir qərarı bu başdan qınayırıq".
RƏFİQƏ HÜSEYNOVA
RÖVŞƏN RƏSULOV