PDF Oxu

Sosial

  • 5

Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmir

Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmir

Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının Berlində nəzərdə tutulan görüşü Ermənistan tərəfinin görüşə gəlməməsi səbəbindən baş tutmadı. Niyə Ermənistan tərəfi hələ də bu məsələyə aydınlıq gətirmir? Məsələyə münasibət bildirən ekspertlər qeyd edir ki, işğalçı ölkənin danışıqlardan qaçması, onların Azərbaycanın gücündən ehtiyat etməsi ilə əlaqədardır.

Cümşüd Nuriyev,

politoloq:

- Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının Berlində keçirilməsi nəzərdə tutulan görüşünün baş tutmaması ermənilərin danışıq predmeti olmaması ilə bağlıdır. Son vaxtlar Azərbaycan dövlətinin apardığı güclü siyasət, işğalçı ölkə olan Ermənistanı çox çətin vəziyyətə salıb. Demək olar ki, Azərbaycan tərəfi bütün vasitələrlə Dağlıq Qarabağ münaqişəsinin baş verməsi ilə bağlı həqiqətləri gündəmə gətirir. Birincisi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə, həmçinin, Moskvada Leyla xanım Əliyevanın 2008-ci ildən apardığı təbliğat və digər tərəfdən isə, Prezident İlham Əliyevin yürütdüyü siyasət işğalçı ölkəni çətin vəziyyətə salıb. Bu günə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara orta heyət gedirdisə, indi Berlin danışıqlarına əslən Qarabağdan olan ziyalıların getməsi Ermənistan tərəfini daha da çətin vəziyyətə salıb. Çünki Dağlıq Qarabağın erməni icması Azərbaycan icmasına cavab verə biləcək durumda deyil. Bir sözlə, Berlində keçirilməsi nəzərdə tutulan danışıqların alınmamasının əsas səbəbi ermənilərin heç bir gücü olmaması ilə əlaqədardır. Çünki Ermənistan işğalçı bir ölkədir.


Elman Nəsirli,

politoloq:

- Bildiyiniz kimi, işğalçı ölkə olan Ermənistan prinsip etibarilə Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı danışıqlar prosesindən imtina etməyib. Əksinə, erməni tərəfi beynəlxalq ictimaiyyəti aldatmaq naminə sülhpərvər ölkə olduğu imicini formalaşdırmaq üçün sözügedən danışıqlarda maraqlı bir tərəf kimi çıxış edir. Bir sözlə, Ermənistan tərəfi Dağlıq Qarabağ problemi ətrafında aparılan danışıqlara gedə-gedə, heç bir halda sözügedən münaqişənin həlli ilə bağlı konkret addım atan deyil. Yəni, indiki Sarkisyan rejiminin mövqeyi budur. Bununla yanaşı olaraq, başqa bir prosesin getməsi, yəni Dağlıq Qarabağın Ermənistan və Azərbaycan icması arasında görüşlərin keçirilməsi rəsmi Yerevanı xeyli narahat edir. Onlar hesab edir ki, sözügedən münaqişənin həllinə ünvanlanmış bu şəkildə "xalq diplomatiyası" və belə təmaslar nəticə etibarı ilə Ermənistan iqtidarının seçdiyi məlum xətdə, yəni status-kvo vəziyyətini qoruyub saxlamaq xəttinə mane ola bilər. Ona görə də, bütün hallarda Ermənistan tərəfi çalışır ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan hər hansı bir danışıqlar prosesi baş tutmasın.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər