Dünən Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Avropa Şurasının "Uşaqlara qarşı zorakılıq" proqramı çərçivəsində "Biz zorakılığa yox deyirik!" mövzusunda tədbir keçirilib. Tədbirdə AŞ Parlament Assambleyasının sözügedən proqramının Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva, Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, həmçinin, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Suraxanı rayonunda fəaliyyət göstərən bir neçə məktəbin müəllimləri və şagirdləri iştirak ediblər. Tədbiri açan Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycanda əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətdən danışdı və bildirdi ki, bu siyasətin bir istiqaməti də gələcək nəslə olan münasibət məsələsidir: "Gənclərə, yeniyetmələrə, uşaqlara olan münasibət, onların inkişafı bizdə dövlət siyasətinin prioritetlərindəndir. Gənclərimizlə, yeniyetmələrimizlə, uşaqlarımızla bağlı müxtəlif dövlət proqramları olmaqla yanaşı, həm də Heydər Əliyev Fondu tərəfindən tətbiq edilən bir sıra proqramlar var. Hesab edirəm ki, bunlar da məhz dövlət qayğısının bir tərkib hissəsidir". Rayon rəhbəri onu da bildirib ki, Azərbaycanda uşaqlara qarşı zorakılıqla mübarizə istiqamətində də böyük işlər görülür: "Ümumiyyətlə, Azərbaycanda, o cümlədən, Suraxanıda internat məktəbləri, uşaq evləri ən müasir standartlara cavab verən vəziyyətə gətirilib".
Tədbirdə millət vəkili Sevinc Fətəliyeva çıxış edərək Azərbaycanda iqtisadi-siyasi sabitliyin, inkişafın tam təmin olunduğunu bildirib və əlavə edib ki, bu inkişafın da bir istiqaməti uşaqlarla, yeniyetmələrlə, gənclərlə bağlıdır: "Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətinin əsas hissələrindən biri də uşaqlara dövlət qayğısıdır. Bu sahədə Heydər Əliyev Fondu tərəfindən görülən işlər xalq tərəfindən yüksək dəyərləndirilir. Biz isə AŞPA-nın məlum proqramına əsasən bu tipli tədbirləri keçirməklə istəyirik ki, uşaqlarımızın həyatı daha da yaxşılaşsın. Biz çalışmalıyıq ki, onlar ailələrində, oxuduqları məktəblərdə, gündəlik təmasda olduqları ətraf mühitlərində zorakılıq halları ilə qarşılaşmasınlar".
Görüşdə, həmçinin, məktəblilərdən Nigar İbrahimova, Ceyhun Həsənli, Aysel Orucova, Valideyn və Müəllim Assosiasiyasının nümayəndəsi Cəmilə Tağıyeva və digərləri çıxış ediblər. Sonda "Müasir cəmiyyətdə uşaqların rolu" mövzusundə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.
AYTƏN SƏMƏDOVA