PDF Oxu

Sosial

  • 11

“Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”

“Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə hazırlanmış "İlham Əliyev" kitabının təqdimatı oldu

İlham Əliyevin Azərbaycanın müstəqillik dövründən başlayaraq bu günümüzə qədər həyata keçirdiyi məqsədyönlü, strateji xətti onun inkişafı, dünya dövlətləri içərisində mövqeyini, nüfuzunu nümayiş etdirməsi ilə nəticələnib. Qısa bir zaman məsafəsində, son 20 illik müstəqillik tarixinidə Azərbaycanın ictimai-siyasi, mədəni, sosial və iqtisadi həyatında baş verən sıçrayışlar dövlətin artan gücünü xarakterizə edən əsas dəyərlərdir. Sözsüz ki, bu amillərin reallaşması Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə baş verən sıçrayışların nəticəsi kimi ortaya çıxıb. Ulu Öndər Heydər Əliyev əbəs yerə Azərbaycanın yaradıcısı və qurucusu kimi diqqətə çatdırılmır. Belə ki, bütövlükdə, ömrünü Azərbaycanın inkişafı və dövlətin rifahının gücləndirilməsi istiqamətinə yönəldib, Azərbaycançılıq məfkurəsini siyasi kursunda əsas götürüb, məhz milli-mənəvi dəyərlərə üstünlük verməsi bütün bu reallıqların əks-sədasının geniş bir sferada yayımlanmasına gətirib çıxarmışdır. Bu gün Heydər Əliyev siyasi kursunu yüksək bir şəkildə davam etdirən və öz bacarıq, vətənpərvərlik hisslərini əsas tutaraq ölkə başçısı İlham Əliyev dövlətin iqtisadiyyatının daha da sürətlənməsi, ordusunun gücləndirilməsi, ölkənin sülh və əmin-amanlıq şəraitində yaşaması və s. amillərdən çıxış edib, vahid və güclü xəttini yürüdür. Onun siyasi kursu hər bir kəsin diqqətindədir. Ölkədaxili, eləcə də, beynəlxalq səviyyədə təşkil olunan sipmozium konfrans və digər nüfuzlu tədbirlərdə ölkənin artan gücü dünyanın ən inkişaf etmiş dövlət başçılarının diqqətindən kənarda qalmır və yüksək tribunalardan bu inkişafın təzahürləri diqqətə çatdırılır. Bütün bunların müqabilində İlham Əliyevin fəaliyyətini, daxili və xarici siyasətini əks etdirən sanballı kitablar nəşr olunur. Bu nümunələr müasir dövrümüzün bir salnaməsi olaraq tariximizə daxil edilir. Belə qiymətli nəşrlər sırasına Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə hazırlanmış "İlham Əliyev" kitabı da daxil edilib. Yüksək tərtibatla işlənmiş kitabın ilk səhifəsində Heydər Əliyevin şəkli əks olunub. Növbəti səhifədə isə, Ulu Öndərin İlham Əliyevlə bağlı inamlı fikirlərinə yer ayrılıb: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir Şəxsiyyətdir. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu Öndərin İlham Əliyevlə bağlı söylədiyi bu yüksək fikirlər Prezidentin 8 illik fəaliyyəti dövründə reallığa çevrilib. Hər bir ifadə İlham Əliyevin siyasi məkanda, eləcə də, ölkə daxilində yürütdüyü siyasətin əməlində özünü göstərir. "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" sözləri, həqiqətən də, Ulu Öndərin etimadını ifadə edən fikirlərin təsdiqidir. Hər bir Azərbaycan vətəndaşına qayğı ilə yanaşaraq, onun sosial rifahının yüksəlməsinə, həyat tərzinin dəyişməsinə məlum sərəncamları ilə təsirini göstərib. Dövlət Proqramları əsasında görülən işlər Azərbaycanın simasını dəyişməklə yanaşı, ölkə əhalisinin və həyat tərzinin yüksək formada köklənməsində müstəsna rol oynayır.

"İlham Əliyev" kitabında Onun bütövlükdə keçdiyi həyat yolunun, böyüyüb boya-başa çatdığı ailənin, şəcərənin təqdiminə, eləcə də, Prezidentlik dövrünə xronoloji ardıcıllıqla nəzər salınıb. Belə ki, fotoşəkillər əsasında hazırlanmış kitabda ilk olaraq İlham Əliyevin ailə üzvləri haqqında təsəvvür yaranır. Heydər Əliyevin ətrafında birləşən Azərbaycanın hər bir sahələrində, ictimai-siyasi fəaliyyətdə bu simalar dövlətin formalaşması, onun siyasi arenada öz sözünü demək qüdrətinə malik olmasında xüsusi rola malikdirlər.

Oftalmologiya elminin inkişafında və Azərbaycan səhiyyəsinin dünyaya tanıdılmasında nüfuzulu rola malik olan olan Zərifə xanım Əliyeva və Ümummilli lider Heydər Əliyev kimi dahinin ailəsində formalaşan İlham Əliyevin keçdiyi ömür yolları bu sənədli şəkillər vasitəsi ilə göz önündə vərəqlənir. İlham Əliyevin Bakı və Moskva həyatını əhatə edən uşaqlıq illəri Onun gələcək ictimai-siyasi həyatına izlər salır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidenti, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü kimi yüksək vəzifələrdə çalışan Prezidentin fəaliyyəti kitabda əksini tapıb.

Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü il 31 oktyabr tarixində andiçmə mərasimi və həmin tarixdən başlayaraq dövlətə rəhbərliyi çərçivəsində əldə olunan uğur və nailiyyətlər yeni bir səhifənin açılmasına səbəbdir. Dünyanın inkişaf etmiş dövlətlərinin prezidentləri ilə görüşləri, beynəlxalq aləmdə ona verilən orden və medallar diqqətdən yayınmır. Belə ki, Ankarada İlham Əliyev Bilkən Universitetinin fəxri doktoru diplomu və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı, Beynəlxalq Olimpiya Komitəsinin ali mükafatı - "Olimpiya ordeni", Korvins Universiteninin fəxri doktor diplomu, Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı, Varşavada Polşa Respublikasının "Xidmətlərə görə Böyük Xaç Ordeni, "Balkanların ləyaqətli dostu" mükafatı, Krans Montana Forumunun ən ali mükafatı və s. ilə təltif edilmişdir.

Kitabda ölkə həyatının ictimai-siyasi mənzərəsini əks etdirən fotolar İlham Əliyevin quruculuq-abadlıq istiqamətində apardığı məqsədyönlü fəaliyyətinin bir qolu kimi özünü göstərir. Onun sadə, zəhmətkeş insanlarla mütəmadi görüşləri və bu səmimi münasibətdən doğan anlar İlham Əliyevin hər bir vətəndaşa Prezident olaraq qayğı ilə yanaşmasını və onların mənafeyindən çıxış etməsini göstərir.

İlham Əliyevin Sidney Yay Olimpiya oyunlarında iştirakı və Azərbaycan idmançılarının böyük uğurlar, nailiyyətlər əldə etməsi maraqlı sənədlər əsasında təqdim olunur. Azərbaycanın bir sıra rayonlarında yeni olimpiya mərkəzlərinin, idman kompleksinin açılışı Azərbaycan Prezidentinin idmana ayırdığı böyük diqqətdir.

Azərbaycan milli-mənəvi dəyərlərinə daim diqqət ayıran və onun mədəniyyətini, incəsənətini hər zaman uca tutan Prezident, bu sahənin tanınmış simalarının həyat və fəaliyyətinin təbliğində, eləcə də, onların abidəsinin ucaldılması yönündə rəsmi sənədləri imzalayıb. Belə ki, Bakıda dahi bəstəkar Motsartın abidəsinin açılışı, Qara Qarayev adına Musiqi Mədəniyyəti binasının yenidənqurmadan sonra istifadəyə verilməsi, Fikrət Əmirovun xatirəsinə ucaldılmış abidənin açılışı, və digər hadisələr bu mənəvi-milli dəyərlərə olan diqqətin, eləcə də, onun təbliğinə açılan yolun təməlidir. Azərbaycanda turizm sektorunun inkişafı və bununla bağlı Dövlət Proqramının təsdiqlənməsi və "2011-ci ilin Turizm ili" elan edilməsi ilə bağlı tədbirlər planının təsdiqi bu sahənin sürətli inkişafına təkan oldu. Belə ki, kitabda "Hilton Bakı" otel kompleksinin açılışını əks etdirən foto Azərbaycanda turizm sektorunun dünyanın inkişaf etmiş ölkələri səviyyəsində qurulduğunu ehtiva edən bir sənətdir.

Dövlət başçısının Sərəncamı ilə yeni məktəb və uşaq bağçalarının tikintisi, yenidənqurma və bərpası ilə yanaşı, şəhərimizin mərkəzində yeraltı keçidlərin, körpülərin salınması, o cümlədən, yeni metrostansiyaların istifadəyə verilməsi İlham Əliyevin 8 illik rəhbərliyi dövründə baş vermişdir. Ölkəmizdə bir sıra nüfuzlu beynəlxalq festivalların, konfransların təşkili də İlham Əliyevin Azərbaycanın nüfuzunu və onun beynəlxalq arenada tanınaraq, haqq səsinin dünyaya çatdırılması istiqamətində gördüyü işlərin davamıdır.

Ordu quruculuğuna daim diqqət ayıran İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin "AZAD Sysmtems Co" müəssisəsinin açılışında iştirakı, müasir hərbi sursata malik olan dövlətin gücü fotoxronikalarda əks olunub.

Dünya dövlətlərində Azərbaycanın imicinin artması, Ümummilli Lider Heydər Əliyevə ehtiramın nümunəsi olaraq Ulyanovskda Ümummilli Lider Heydər Əliyev abidəsinin və meydanının açılması, Kiyevdə Heydər Əliyev abidəsinin açılışı və digər belə rəsmi mərasimlər kitabda əksini tapıb.

Prezidentin Fransa, Türkiyə, Almaniya, Belçika, ABŞ və digər onlarla belə xarici ölkələrə rəsmi səfərləri, eləcə də, prezidentlərlə görüşləri Azərbaycan dövləti ətrafında formalaşmaqda olan nüfuzu diqqətə çatdırır.

"İlham Əliyev" kitabında Azərbaycanla bağlı şəkillərə nəzər salarkən, uğurların bizi müşayiət etdiyini görürük. Bu nailiyyətlər, Azərbaycanın inkişafı, onun simasının dəyişməsi məqsədyönlü fəaliyyətin nəticəsi, vətənə olan məhəbbətin bariz nümunəsidir. Fotoşəkillərin hər biri insanda zəngin təəssürat yaradır, Azərbaycanın inkişafda olan daha da böyük gələcəyindən xəbər verir.


NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər