PDF Oxu

Sosial

  • 10

“Kaspii” qəzeti bu gün 130 illik şərəfli tarixini yaşayır

“Kaspii” qəzeti bu gün 130 illik şərəfli tarixini yaşayır

Bu gün Azərbaycan mətbuatı özünün inkişaf mərhələsini yaşayır. Milli mətbuatın tarixi bir əsrdən artıq dövrü əhatə edərək formalaşmış, öz təməlini möhkəmlətmişdir. Əsası "Əkinçi" qəzeti tərəfindən qoyulan milli mətbuatımız sonrakı illərdə müxtəlif adda qəzetlərlə geniş bir şəkildə təqdim olunmuşdur. Bu birincilər sırasında milli mətbuatda yeri və rolu olan "Kaspii" qəzetinin xüsusi mövqeyi var. Bu gün 130 illik yubileyini qeyd edən qəzet öz ənənəsi ilə seçilir.

1881-ci ildə əsası qoyulan "Kaspii" qəzeti nəşrə başlayıb və çarizmin senzurasına baxmayaraq, fasiləsiz 38 il, bunun da 30-ilə yaxını gündəlik nəşr olunub. Rusiya müsəlmanlarının və Şərq dünyasının əsas aparıcı informasiya vasitələrindən biri olub. 1891-ci ildə "Kəşkül" qəzeti bağlanandan sonra təxminən 10 il ərzində "Kaspii" qəzeti yeganə informasiya qaynağı kimi çıxış edib. Qəzetin əsas fəaliyyət dövrü 1897-ci ildən başlayır. Aparılan tədqiqatlardan bəlli olub ki, o dövrdə Azərbaycanın maarifpərvər oğlu, Azərbaycan mətbuatının və mədəniyyətinin himayədarı Hacı Zeynalabdin Tağıyev "Kaspii" qəzetini alır. Tarixi faktlar da göstərir ki, böyük xeyriyyəçinin Həsən bəy Zərdabi ilə dostluğu bu mətbu orqanın alınmasında böyük rol oynayır. Görünür, həmin dostluğun əsasında da Həsən bəy Zərdabinin dostu olan Əlimərdan bəy Topçubaşov 1897-ci ildə "Kaspii" qəzetinə 6 aylıq hazırlıq keçəndən sonra baş redaktor təyin olunur.

Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Məhəmməd Şahtaxlı, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov kimi demokratik ruhlu şəxsiyyətlərin publisist yazıları burada çap olunub. Çar Rusiyasının qılıncının kəsib-doğradığı bir vaxtda bu insanlar böyük bir fədakarlıq göstərərək, bu gün mətbuat və söz azadlığı çərçivəsində deyilən sözləri o zaman deyə biliblər. Əhməd bəy Ağayevin qadın azadlığına, əlifbaya, maarifə, Şərq jurnalistikasına münasibət və s. adlı məqalələri bu gün də müasir səslənir.

Qəzetin tarixinə nəzər salaraq, görürük ki, 1865-ci ildə Rusiya dövləti belə bir qərar qəbul edir ki, artıq ərazilərdə də qəzet çap etmək lazımdır. Ona görə 1875-ci ildə Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirdi. 1900-cü ilə qədər Qafqazda 56-ya qədər qəzet çap olunurdu. Bunlardan 23-ü rus, 15-i gürcü, 15-i erməni, yalnız 3-ü azərbaycan dilində idi. "Kaspii" qəzeti bu boşluğu dolduran bir qəzetə çevrildi. 1881-ci ildə nəşrə başlayan qəzet Azərbaycanın işıqlı ziyalılarını öz ətrafına topladı və Azərbaycan mətbuat tarixinin böyük bir dövrünü əhatə etdi. 1897-ci ildə "Kaspii" qəzetinə Əlimərdan bəy Topçubaşov redaktor təyin olundu. Bir müddətdən sonra o, qəzeti ümumrusiya müsəlmanları qəzeti səviyyəsinə qaldırdı.

"Kaspii" qəzeti bizim tariximizdir. Bu qəzet ziyalılarımızın, burada çalışan şəxsiyyətlərin siyasi fəaliyyətinin tarixidir. "Kaspii" qəzeti Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan nəşrlərdən biridir. Tarixi "Kaspii"nin Azərbaycan xalqının inkişafında mühüm rola malikdir. Qəzet Şərq jurnalistika sistemi ilə Qərb jurnalistikasına keçidin əsasını qoyub.

Bu gün qəzet bu ənənəni davam etdirir. Azərbaycan dövlətçilik ənənələrini yaşadan qəzət 130 illik yubileyi ilə bağlı keçirdiyi müsabiqələri bu qəzetin milli dəyərlərimizə, tariximizə olan diqqəti bir daha təsdiqlədi. Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə həsr olunan müsabiqə elə fikirlərimizi əsaslandırır. "Mübariz yol" və "Kaspii" qəzetinin yaranması və fəaliyyəti" adlı kitabları 130 illik yubileyinə bir töhfə oldu.

"Kaspi" qəzeti Azərbaycanda maarifləndirmə işlərinin aparılmasına böyük dəstək olub. 1999-cu ildə "Kaspii" qəzetinin yenidən nəşr olunması və bugünə qədər fəaliyyət göstərməsi tarixi "Kaspii"nin həmin xətti və ideyaları bu gün də davam etdirməsi deməkdir. "Kaspii" qəzetinin Azərbaycan mətbuat tarixində özünəməxsus rolu olub və bu gündə var. Bugünkü qəzet bolluğunda özünəməxsus yeri olan mətbu orqana oxucu tələbatı var.

Qəzetin əməkdaşları 130 illik tarixi məsuliyyəti üzərlərinə götürüb məsuliyyətlə bu vəzifəni həyata keçirirlər.


NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər