PDF Oxu

Sosial

  • 10

Azərbaycan media rəhbərləri etiraz etdilər

Azərbaycan media rəhbərləri etiraz etdilər

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının keçirdiyi tədbirdə Fransa parlamentinin "erməni soyqırımı" ilə bağlı hazırladığı sənəd qərəzli və dünya dəyərlərinə hörmətsizlik kimi qəbul olundu

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Fransa parlamentinin aşağı palatasının - Milli Assambleyasının "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə etirazını bildirən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə tədbir keçirildi.


Sevil Yusifova: "Təəssüf ki, Fransanın Türkiyəyə qarşı belə ədalətsiz mövqeyi "erməni soyqırımı" ilə əlaqədar tətbiqinə çalışdığı cəza və cərimə ilə məhdudlaşmır"


Tədbiri giriş sözü ilə açan AJQA sədri Sevil Yusifova bildirdi ki, Avropanın mədəniyyət beşiyi adlandırılan, AŞPA, YUNESKO kimi insan hüquqlarının qorunması ilə məşğul olan təşkilatların yerləşdikləri bir ölkədə "erməni soyqırımı"nı tanımayanların bir il həbs cəzası və 45 min avro ilə cərimələnəcəyi barədəki təklif demokratik dəyərlərə zidd olmaqla fransız xalqının mövqeyini əks etdirmir: "Milli Assambleyanın Nümayəndələr Palatasının dekabrın 22-də keçirilən iclasında 577 deputatdan cəmi 45 nümayəndənin iştirak etməsi də deyilənləri təsdiq edir. Bu, bir daha göstərir ki, 60 milyonluq əhalisi olan Fransada xalqın mənafeyini 500 min nəfərlik erməni icmasının düşüncəsi ilə idarə etmək düzgün deyil. Təcrübə də göstərir ki, heç bir ölkədə icma maraqları dövlət maraqlarını üstələyə bilməz. Bu kimi anti-demokratik amillərin əsasında bir məqsəd dayanır. Nüfuz və iqtisadi inkişaf baxımından güclənən Türkiyənin Avropa Birliyinə üzvlüyünə əngəl olmaq. Təəssüf ki, Fransanın Türkiyəyə qarşı belə ədalətsiz mövqeyi "erməni soyqırımı" ilə əlaqədar tətbiqinə çalışdığı cəza və cərimə ilə məhdudlaşmır. Cari ildə Liviyada baş vermiş iğtişaşlar zamanı insanlar arasında antitürk təbliğatını genişləndirən Fransa elə o hadisələr zamanı bir neçə il bundan əvvəl də başladığı oyunu davam etdirdi".


Qənirə Paşayeva: "Türk dünyasının və birliyinin əleyhinə yönəlmiş qərar ikiüzlülük, riyakarlıq olmaqla tək jurnalist təşkilatlarını deyil, hər bir vətəndaşı düşündürməlidir"


Milli Məclisin deputatı Qənirə Paşayeva Fransa parlamentinin belə ədalətsiz mövqeyini bir neçə aspektdən şərh edərək bildirdi ki, bu qərar qəbul olunduqdan sonra Fransada obyektivliyi müdafiə edən jurnalistlər açıq söz demək imkanından məhrum edilir. Bu Avropanın, eyni zamanda, qitə dövləti kimi Fransanın illərdən bəri üzərində dayandığı söz azadlığı dəyərlərinə zərbədir: "Təbii ki, bu kimi hallar dözülməzdir. Əslində, Fransanın özündə də bu qərarın qəbulunu siyasi oyuncaq hesab edərək pisləyənlərin sayı ermənilərin mövqeyini dəstəkləyənlərdən qat-qat artıqdır. Türk dünyasının və birliyinin əleyhinə yönəlmiş qərar ikiüzlülük, riyakarlıq olmaqla tək jurnalist təşkilatlarını deyil, hər bir vətəndaşı düşündürməlidir. Çünki Türkiyə heç bir zaman heç bir xalqa qarşı soyqırımı törətməyib".

Sosial şəbəkələrdə yayılan Macarıstanın sabiq prezidentlərindən birinin "Nə yaxşı ki, biz Osmanlı imperiyasının tərkibində qaldıq, dinimizi və dilimizi itirmədik" sözlərini xatırlatmaqla Türkiyənin digər xalqların dəyərlərinə daim hörmətlə yanaşdığını bildirən millət vəkili Fransanın Əlcəzairdə 800 mindən artıq dinc əhalini qətlə yetirdiyini də xatırlatdı. Bildirdi ki, Fransa başqalarının tarixinə əl uzatmaqdansa, öz keçmişinə nəzər yetirsəydi yaxşı olardı.


Qüdrət Həsənquliyev: "Fransanın belə ədalətsiz mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllində də özünü göstərir"


Millət vəkili Qüdrət Həsənquliyev həmkarlarının fikrinə şərik olduğunu qeyd etməklə bildirdi ki, bir millət-iki dövlət olan Türkiyə- Azərbaycan həmrəyliyi həmişə sınaqlardan mətinliklə çıxıb: "Bu dəfə də rəsmi Ankarının mövqeyini dəstəkləyən Azərbaycan xalqı Fransanın məlum qərarının qəbulunu söz, vicdan azadlığının pozulması kimi dəyərləndirir".


Fazil Mustafa: "Bu qərardan sonra Fransanın Minsk Qrupunun tərkibində qalmasını cəmiyyətimiz qəbul etməyəcək"


Millət vəkili Fazil Mustafa isə vurğuladı ki, Fransanın belə ədalətsiz mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllində də özünü göstərir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın ermənipəst, ikili siyasəti bəlli idi. Bu qərardan sonra Fransanın Minsk Qrupunun tərkibində qalmasını cəmiyyətimiz qəbul etməyəcək. Qeyd olundu ki, erməni diasporunun geniş hazırlıq gördüyü "erməni soyqırımı"nın 100 illik tədbirlərinin əsil mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırılmalı, tarixi hadisələrə siyasi don geyindirən Ermənistanın qərəzli və ədalətsiz mövqeyinin ifşa olunması üçün bütün türk dövlətləri həmrəy olaraq birgə mübarizə aparmalıdırlar.


Bəhruz Quliyev: "Əgər Fransa, həqiqətən də, beynəlxalq aləmdə demokratiyanın beşiyi sayılırsa, azad söz, azad fikir ölkəsi kimi tanınırsa, bu ölkə əsil həqiqətləri kənara qoyub qondarma "erməni soyqırımı"nı tanımazdı"


"Səs" qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev isə öz çıxışında xüsusi olaraq vurğuladı ki, bu cür qərəzli sənədin qəbul olunması təkcə jurnalist həmkarları tərəfindən deyil, digər siyasi-ictimai və hüquqi qurumlar tərəfindən də şiddətlə qınanılmalıdır: "Təklif edirəm ki, Fransa parlamentinin aşağı palatasının qəbul etdiyi və birtərəfli mövqe tutan qərəzli sənədinə qarşı yalnız media qurumları, eləcə də digər siyasi-ictimai və hüquqi qurumlar qətiyyətlə etiraz etsinlər".

Bəhruz Quliyev digər mühüm məqama da toxunaraq vurğuladı ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində həmsədr ölkələrdən biri də Fransadır. Belə ki, Fransa ATƏT-in Minsk Qrupunda uzun illərdir ki, vasitəçilik edir və bu vasitəçilik heç də müsbət məqamları ilə yadda qalmır: "Biz hər zaman müşahidə etmişik ki, ATƏT-in Minsk Qrupunda vasitəçilik rolu oynayan Fransa heç də münaqişənin sülh yolu ilə həllində xüsusi təşəbbüsləri ilə seçilməyib. Çünki həmsədr olaraq burada yalnız birtərəfli dəstək halları müşahidə ounub. Belə olan vəziyyətdə boş-boş vədlər verən Fransanın həmsədrləri bu cür addımlar atırlarsa, bu ölkədən daha hansı müsbət addımlar gözləmək mümükündür?"

Bəhruz Quliyev son olaraq bunu da qeyd etdi ki, bu gün Fransa istər Avropa, istərsə də dünya miqyasında özünün demokratiya carsçısı adlandırmaqla, əslində, bunun belə olmadığını sübut etdi: "Əgər Fransa, həqiqətən də, beynəlxalq aləmdə demokratiyanın beşiyi sayılırsa, azad söz, azad fikir ölkəsi kimi tanınırsa, bu ölkə əsil həqiqətləri kənara qoyub qondarma "erməni soyqırımı"nı tanımazdı. Məgər demokratiya bu cür təqdim olunmalıdır? Əlbəttə ki, bu, belə deyil. Fransa qondarma soyqırımını tanımaqla demokratik dəyərlərdən nə qədər kənar olduğunu sübuta yetirmiş oldu. Mən bütün Azərbaycan ictimaiyyətini bu haqsızlığa qarşı etiraz etməyə dəvət edirəm".

Tədbirdə xalq artisti Nurəddin Mehdixanlı, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, publisist Esmira Fuad, qeyri-hökumət təşkialatları nümayəndələri Aygün Həsənoğlu, Əhməd Qəşəmoğlu, Səlcuq Düzgün və başqaları çıxış edərək bildirdilər ki, bütün müsəlman xalqları, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatında təmsil olunan 56 dövlət də birgə bəyanatla məsələyə münasibətini bildirməlidir.

Tədbirdə "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli AJQA ilə birlikdə hazırladıqları və Avropanın 9 jurnalist təşkilatına ünvanlanmış bəyanatı oxudu. Bəyanatda qeyd olunduğu kimi, belə bir qanunun YUNESKO-nun "Dünya İrsi Siyahısı"na salınmış və 1789-cu ildə qəbul olunmuş bir sənədin - dünyada insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı ilk deklorasiyasının qüvvəyə mindiyi bir ölkədə qəbulu təəssüf və təəccüb doğurur.

Tədbirdə çıxış edənlər bu qərəzli sənədi bütünlükdə türk dünyasına qarşı qərəzli mövqe, insan hüquqlarının pozulması, demokratik dəyərlərə etinasızlıq adlandırdılar.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər