Dünən YAP Binəqədi rayon təşkilatının VII konfransı keçirildi. Konfransda YAP-ın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Milli Məclisin komitə sədri, millət vəkili Əli Hüseynli, YAP Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov, millət vəkilləri Madar Musayev, Rafael Cəbrayılov, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri Məmməd Məmmədov iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra konfransı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov geniş hesabat məruzəsi ilə çıxış etdi: "VII konfrans Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə təsadüf edir.
Geniş nüfuz dairəsinə malik olan hakim Yeni Azərbaycan Partiyası öz ətrafında yarım milyondan çox üzvü birləşdirərək, ümumxalq partiyasına çevrilmişdir". Sonra rayon təşkilatının sədri təşkilatın yaranma tarixinə nəzər salaraq bildirdi ki, YAP çox ağır və çətin bir zamanda yaranıb. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qısa bir zaman çərçivəsində ölkənin ictimai həyatında dönüş yarandı. Bu irəliləyişlər ölkə həyatının bütün sferalarında özünü doğrultdu. YAP Azərbaycanın simasını dəyişərək onu inkişaf etmiş ölkələrin sırasına çıxardı. O, nüfuzlu dövlətlər sırasında tanınmağa başladı.
N.Xəlilov qeyd etdi ki, bu gün YAP dünya dövlətləri ilə geniş əlaqələr quraraq, əməkdaşlıq əlaqələrini genişləndirir. Bu günlərdə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirildi. İnkişaf etmiş dövlətlər arasında tanınan Azərbaycanda ardıcıl olaraq, konfranslar, simpoziumlar keçirilir.
Nəbi Xəlilov bildirdi ki, Azərbaycanın müstəqil bir dövlət kimi qazandığı uğurların içərisıində YAP-ın da rolu danılmazdır. YAP Binəqədi rayon təşkilatının hesabat dövrü çərçivəsində əldə etdiyi nailiyyətlərə nəzər salaraq, YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq bir sıra tədbirlər həyata keçirmişdir. Ölkənin siyasi və ictimai həyatına önəm verən rayon təşkilatı prezident, parlament, bələdiyyə seçkilərində yaxından iştirak etmişdir. Keçirilən bələdiyyə seçkilərində qadınlara və gənclərə geniş yer verilmişdi. Üzvlərinin sayı 13 minə çatan Binəqədi rayon təşkilatı özündə 206 ilk ərazi partiya təşkilatını birləşdirir. Ətrafında bütün təbəqələrdən olan insanları birləşdirən yarım milyondan artıq YAP-ın üzvü olması onun böyük gələcəyindən xəbər verir. Sonra o, konfrans iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili, YAP Binəqədi rayon təşkilatının sədr müavini Eldar İbrahimov rayon təşkilatının işini yüksək qiymətləndirərək, bildirdi ki, bu gün bu təşkilatın 13 min üzvünün olması təsadüfi deyil. Bu, xalqımızın partiyaya göstərdiyi böyük inam və etibardan irəli gəlir. Ölkəmizdə aparılan böyük quruculuq işləri, əmin-amanlıq xalqımıza böyük ruh verir. YAP-ın təşəbbüsü ilə keçirilən beynəlxalq konfrasnlar, forumlar onun yüksək nüfuz dairəsindən irəli gəlir. ÜDünyada böyük nüfuz dairəsinə malik olan Azərbaycanın BMT-nin Millətlər Təşkilatının qeyri-daimi üzvü olmasından qürur duyduğunu diqqətə çatdırdı. O, hamını ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə, ölkəmizin daha da inkişaf etməsində və çiçəklənməsində iştirak etməyə çağırdı.
YAP-ın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxış edərək bildirdi ki, YAP tarixi və şanlı bir yol keçib. Bu gün Yeni Azərbaycan Partiyası 500 minə yaxın üzvü öz ətrafında birləşdirib. YAP-ın ən önəmli vəzifələrindən biri Ulu Öndər Heydər Əliyevin irsini gələcək nəsillərə çatdırmaqdır. Hər bir azərbaycanlı bu missiyanın daşıyıcısı olmalıdır. O bildirdi ki, hələ o zaman Azərbaycanın əhalisi 7 milyon idi, bu gün isə əhalinin sayı 9 milyonu ötüb. Bu, o deməkdir ki, ölkə əhalisi 2 milyon çoxalıb. Biz Heydər Əliyev irsini gənc nəslə çatdırmalıyıq. Azərbaycanın müstəqilliyi dönməzdir. Azərbaycan inkişaf etdikcə, onun müstəqilliyi daha daha qüdrətlənir. Prezidentin gördüyü işlər canlı şəkildə xalqa çatdırılmalıdır. M. Qurbanlı bildirdi ki, bu gün ölkədə gedən genişmiqyaslı quruculuq işləri əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətinə yönəldilmişdir. Gənclərə böyük önəm verilərək, onlara yüksək etimad göstərilir. Partiya hər bir ailənin rifahı naminə çalışır. 2012-ci ildə partiyanın 20 illiyi qeyd olunacaq, 2013-cü ildə isə alternativi olmayan Prezident İlham Əliyev cənabları yenidən Azərbaycanın Prezidenti seçiləcək.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatı nəzarət-təftiş qrupunun sədri Əliyar Fərzəliyev, rayon təşkilatının qadınlar şurasının sədri Məlahət İbrahimova, rayon təşkilatının gənclər birliyinin sədri Qüdsi Bayramov rayon təşkilatının 2007-2011-ci illərdə gördüyü işlərə nəzər salaraq, hesabat məruzəsi ilə çıxış etdilər. Bildirildi ki. ötən dövr ərzində rayon təşkilatı partiyanın proqram və nizamnaməsini rəhbər tutaraq, genişmiqyaslı tədbirlər həyata keçirirlər. Partiyanın üzvləri keçirilən seçkilərdə yaxından iştirak edərək, mədəni-kütləvi tədbirlərdə, xeyriyyə tədbirlərində yaxından iştirak etmişlər.
Tədbirdə çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev hesabat-seçki dövründə rayon təşkilatının gördüyü işləri qənaətbəxş hesab etdi. O bildirdi ki, YAP rayon təşkilatı rayonun ictimai-siyasi işlərində, o cümlədən, bu dövr ərzində keçirilən seçkilərdə yaxından iştirak edərək, seçkilərin yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Sonra isə o, İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkədə aparılan böyük quruculuq işlərinə nəzər salaraq, Binəqədi rayonu ərazisində əldə olunmuş nailiyyətlərdən danışdı.
Sonra təşkilati işlərə baxılaraq, yekdilliklə Nəbi Xəlilov yenidən YAP Binəqədi rayon təşkilatının sədri, 62 nəfər şura, 5 nəfər tərkibdə nəzarət-təftiş komissiyasının üzvü seçildi.
Sonda konfrans iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olundu.
ZÜMRÜD