Milli Aviasiya Akademiyasında Kosmik Məsələlər üzrə Şuranın növbəti, ikinci iclası keçirilib. İclasda Şuranın sədri, akademik Arif Paşayev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
İclasda Kosmik Məsələlər üzrə Şuranın nəzdində müxtəlif nazirlik və komitələrin və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət işçi qrupunun sədri və üzvləri seçiliblər. "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq ilk telekommunikasiya peykinin hazırlanmasının icra vəziyyəti, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə mərkəzlərinin tikintisi və kadr hazırlığı istiqamətində aparılan işlər barədə məruzə dinlənilib.
İclasda ölkəmizdə aşağıorbitli məsafədən zondlama peyk sistemlərinin yaradılması mövzusunda müzakirələr aparılıb. Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev məsafədən zondlama peyklərinin orbitə çıxarılmasının respublika üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək bu istiqamətdə aparılan işlərə dair öz tövsiyələrini verib.
Xatırladaq ki, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli Sərəncamına uyğun olaraq ölkəmizdə kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək, eyni zamanda, sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədilə Kosmik Məsələlər üzrə Şura yaradılıb.