Moskvada Azərbaycan sahibkarları tərəfindən "SET Schools beynəlxalq təhsil mərkəzi" layihəsi çərçivəsində inşa edilmiş uşaq bağçasının təntənəli açılış mərasimi olub. Yetmişdən çox uşaq üçün nəzərdə tutulmuş bu bağçada təlim Azərbaycan, rus və ingilis dillərində aparılacaq. Açılış mərasimi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilib.Layihə Azərbaycan diasporunun nümayəndələri, Moskvada Azərbaycanlıların Mədəniyyət və Həmrəylik Mərkəzinin üzvləri tərəfindən həyata keçirilib.
Uşaq bağçasının icraçı direktoru Yelena Kanareykina təntənəli mərasimi açaraq, bir çox ailənin ehtiyac duyduğu məktəbəqədər müəssisənin yaradılmasına görə Azərbaycan səfirliyinə və sahibkarlarına minnətdarlığını bildirib. O, həmçinin, mərasimdə iştirak etdiyinə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya təşəkkür edib.Polad Bülbüloğlu qeyd edib ki, Azərbaycan diasporunun nümayəndələri tərəfindən yeni uşaq bağçasının açılması çox əhəmiyyətli hadisədir, ölkəmizin və azərbaycanlıların imicini daha yüksək pilləyə qaldırır. Layihənin təşəbbüsünün və realizə edilməsinin özü hər cür təşviqə və dəstəyə layiqdir. Üstəlik, həmvətənlərimiz üçün yaxşı örnəkdir. Rusiyalı və azərbaycanlı uşaqlar üçün uşaq bağçasının Azərbaycan Prezidenti İlham Əliyevin ad günündə açıldığını vurğulayan səfir azərbaycanlılar adından dövlətimizin başçısına cansağlığı və xoşbəxtlik arzulayıb.
ÜAK-ın baş katibi Mikayıl Hüseynov əlavə etmişdir ki, Ümumrusiya Azərbaycan Konqresi həmvətənlərimizin təhsil və humanitar layihələrin icrasına yönəlmiş təşəbbüslərini dəstəkləyir. ÜAK həmvətənlərimizi Rusiya cəmiyyətinin ictimai və sosial həyatında iştirak etməyə həvəsləndirir.Uşaq bağçasının baş direktoru Elxan Bənnayev və təsisçilərindən biri İlqar Həmidov çıxışlarında beynəlmiləl xarakter daşıyan, uşaqları tolerantlıq və başqa mədəniyyətlərə hörmət ruhunda tərbiyə edən və ölkəmizin imicinə müsbət təsir göstərəcək uşaq bağçasının yaradılması ideyasından danışıblar. İlqar Həmidov qeyd edib ki, bir il əvvəl yeni konseptual təhsil mərkəzi açmaq qərarına gəliblər. Bu layihənin icrası biznesin Rusiya cəmiyyətinə töhfə olduğunu vurğulayıb. Sonra Heydər Əliyev Fondunun RF nümayəndəliyinin əməkdaşı Ayan Həsənova fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təbrik məktubunu oxumuşdur. Məktubda təhsil mərkəzinin yaradıcılarına dəstək sözləri ifadə olunur, Azərbaycanda məktəbəqədər təhsilin inkişafına göstərilən böyük diqqətin əhəmiyyəti vurğulanır. Leyla Əliyevanın adından uşaq bağçasına Yeni il hədiyyələri, oyuncaqlar və uşaq kitabları təqdim olunub. Sonra uşaqlar musiqi kompozisiyaları ilə çıxış ediblər.
ZÜMRÜD