PDF Oxu

Sosial

  • 14

Yeni Azərbaycan Partiyasının Xocavənd rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal iştirak edir

Yeni Azərbaycan Partiyasının Xocavənd rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal iştirak edir

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının VII konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.

Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsinin mədəniyyət evində keçirilən tədbirdə hesabat məruzəsi ilə çıxış edən təşkilatın sədri Məhəmmədəli Bayramov VI konfransdan ötən dövrdə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb.

Bildirilib ki, rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən siyasi kampaniyalarda ulu öndər Heydər Əliyev ideyalarına, dövlətə, dövlətçiliyə sadiqliyini daim nümayiş etdirir və ictimai-siyasi sabitliyin qorunub saxlanması istiqamətində fəal mövqe tutur. Hazırda partiyanın rayon təşkilatının 668 üzvü 10 ilk təşkilatda birləşir və rayonun ictimai-siyasi həyatında fəal iştirak edir.

Konfransda rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və başqaları çıxış edərək ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən YAP-ın Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan, qazanılan uğurlarda partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıblar. Vurğulanıb ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı YAP-ın sədri, Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkə iqtisadiyyatı inkişaf edib, əhalinin firavanlığı təmin olunub. Konfransda təşkilati məsələyə də baxılıb, Məhəmmədəli Bayramov yenidən YAP Xocavənd rayon təşkilatının sədri seçilib. Həmçinin YAP rayon təşkilatı şurasının, idarə heyətinin və nəzarət-təftiş qrupunun üzvləri seçiliblər.

Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Konfransda Milli Məclisin deputatı Tahir Rzayev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul nümayəndəsi Ramil Mirzəyev iştirak ediblər.

Digər xəbərlər