PDF Oxu

Sosial

  • 12

KİVDF jurnalistləri mükafatlandırıb

KİVDF jurnalistləri mükafatlandırıb

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalistlər arasında elan etdiyi yazı müsabiqəsi qaliblərinin və fond ilə Nərimanov rayon İcra Hakimiyyətinin birgə keçirdiyi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafalandırıb. SİA-nın xəbərinə görə, tədbirdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri, qəzet redaktorları, ziyalılar və s. iştirak edib. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə start verilib. Daha sonra KİVDF-nin fəaliyyəti haqqında məlumat verilərək bildirilib ki, fond Azərbaycan mediasının inkişafında, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsində müstəsna xidmətlər göstərib. Qeyd olunub ki, fond qısa müddət ərzində üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirib. Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, fond qısa bir müddətdə yaranıb və 3 ildən artıqdır ki, fəaliyyət göstərir: "Fondun keçirdiyi birinci müsabiqədə 76 yazı təqdim olunub. Həmin 76 yazıdan 20-si qaliblər sırasına daxil edilib. Müsabiqənin şərtlərinə görə, qaliblər üçün xüsusi diplomlar və hər birinə 1000 manat pul mükafatı verilib. Nərimanov rayon İcra Hakimiyyəti ilə keçirdiyimiz müsabiqə isə birinci yer üçün 1000 manat, ikinci yer 800 manat, üçüncü yer 600 manat və beş jurnalist 200 manat həvəsləndirici pul mükafatına layiq görülüb".

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxış edərək, fondun yarandığı üç ildə Azərbaycanda junalistlərin həmrəy olmasında, onların bir araya gəlməsində, mətbuata maddi dəstəyin göstərilməsində, eləcə də Mətbuat Şurası ilə bir yerdə görülən işləri təqdirəlayiq hal kimi qiymətləndirib: "Hər il bu mükafatı alanların sayı artır. İndiyənədək 300-dək jurnalist bu fərdi yazı müsabiqəsinin qalibi olub. Yarandığı üç ildə KİVDF Azərbaycan mediasının maddi-mənəvi bazasının gücləndirilməsində, jurnalistlərin peşə hazırlığının artırılmasında, Azərbaycanda söz, mətbuat azadlığının qorunub təmin olunması sahəsində çox işlər görüb. Bu Azərbaycan dövlətinin, cənab prezidentin siyasətidir və bu siyasət bundan sonra da davam etdiriləcək".

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Mükafat layiq görülənlər arasında "Kaspi", "Respublika", "Yeni Müsavat", "Xalq qəzeti", "Şərq qapısı", "Azərbaycan", "Üç nöqtə", "İki Sahil", "Səs", "Yeni Azərbaycan" və s. qəzetlərin əməkdaşları olub. Tədbir sonda maraqlı bədii-kompozisiya ilə davam etdirilib.

Digər xəbərlər