PDF Oxu

Sosial

  • 14

Bu dünyadan bir Qədir Rüstəmov keçdi ...

Bu dünyadan bir Qədir Rüstəmov keçdi ...

SƏNƏTKARLARDAN daha birini itirdik!

Elə bir sənətkarı ki, təvazökarlığı və əsil xalq adamı olmağı ilə həm seçilirdi, həm sevinirdi, həm də sevilirdi. Elə təkcə "Qarabağ şikəstəsi", gözəl muğamlar onun ifasında Qarabağın şaqraq bulaqlarının və min illərdən bəri bu torpaqların sahibi olan azərbaycanlıların əsil Qarabağ sevgisinin gur səsi kimi qüdrətli səslənirdi... Düzdür, mən də başqaları kimi yenə də min illər boyu yol gələn, qətiyyən xoş olmayan ənənəvi adətimizə sadiq qalaraq, bu yazını böyük sənətkarın həyata vida etməsindən sonra yazıram. O adətə ki, əsil sənətkarı sağlığında qiymətləndirmək bizlik deyil. Bu adətə görə, bizlər böyük korifeylərimizi, nəhəng sənət adamlarımızı Əzrayıl cənginə keçirəndən sonra qiymətləndiririk ...

20-ci əsrin sonlarında rəhmətlik Cabir Novruz "Sağlığında qiymət verin insanlara" deyib hayqırırdı. Yox, şair, biz bunu bacarmırıq, vallah, bacarmırıq. Bu iş bizlik deyil. Əvəzində ağsaqqalı-qarasaqqalı, kişili-qadınlı, uşaqlı-böyüklü "Onun yarısı", "Toy olsun" kimi düşük, mənəviyyatsız, ən əsası isə bütöv bir xalqın varlığını ayaqlar altına atıb onun gələcək GENOFONUNU məhv edən "verilişlərə", "Bu şəhərdə", "Parni iz Baku" kimi əttökən, insanların şüurunu məişət səviyyəsinə endirən, cılızlaşdıran tərbiyəsiz "komediyalara" elə tamaşa edirik, elə qulaq kəsilirik ki, heç bircə dəfə də olsa Qurani-Kərimi elə dinləmək həvəsinə düşmürük.

Biz əsil sənətkarlarımızı, böyük korifeylərimizi tanımırıq, amma əvəzində ərinə, ailəsinə, getdiyi ocağa min bir dəfə xəyanət edərək "şou-biznesə" qatılan, tərbiyə üzü görmədiyi halda milyonlarla insana "tərbiyə dərsi" keçən ləçər "müğənniləri", qulağına sırğa taxan, kişilik və qeyrət hissini tamamilə itirərək, Azərbaycanın gələcəyi olan yeniyetmə və gəncləri də gələcəkdə özləri kimi "qoluboy" simasında görmək istəyən "kişi sənətkarları" gözüyumulu tanıyırıq. Budur bəlamız. Günün günorta çağı Bakının küçələrinə çıxıb yeniyetmə və gənclərimiz arasında əsil sənətkarlarımız haqqında sorğu aparsaq, çox əminəm ki, 100 nəfərdən heç 10-15 nəfəri onların adları bir yana, heç şəkillərini belə tanıya bilməz. Çünki onlar göz açandan bəri əsil sənətkar əvəzinə, tərbiyəsiz "şou ulduzlarını" görüblər, tanıyıblar. Baxın, ən böyük bəlamız ÖZÜMÜZÜ TANIMAMAĞIMIZDIR!

Erməni qondarma "qəhrəmanlar", "tarixlər", "ədəbiyyatlar" yaradır, biz isə bütün dünyanı heyran edən klassiklərimizi uşaqlarımıza tanıtmırıq və ya elə özümüz unuduruq. Unutmayaq ki, böyük sənətkarlar bu dünyadan yalnız bircə dəfə gəlib keçirlər. Elə Qədir Rüstəmov kimi...

Digər xəbərlər