Dekabrın 29-da dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilmişdir. Sessiyanın gündəliyi təsdiq ediləndən sonra Ali Məclisin sədri Vasif Talıbov 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir.
"Naxçıvan Muxtar Respublikasının 2012-ci il dövlət büdcəsinin təsdiq edilməsi" və "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin təsdiq edilməsi" barədə məsələlərin müzakirəsi ilə əlaqədar muxtar respublikanın maliyyə naziri Xalid İsgəndərov, vergilər naziri Əli Mahmudov, Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış etmişlər. Müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qanunlar qəbul olunmuşdur.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi" barədə qanun layihəsi müzakirə olunmuş və qəbul edilmişdir.
Sessiyada insan hüquqları üzrə müvəkkil (ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Fransa Milli Assambleyasının soyqırımın inkarı ilə bağlı qərarına münasibət bildirmişdir. Bu məsələ ilə əlaqədar çıxış edən Ali Məclisin sədri demişdir ki, Fransa parlamentinin aşağı palatası "erməni soyqırımı" da daxil olmaqla Fransa qanunvericiliyinin tanıdığı soyqırımların mövcudluğunu inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını qanuniləşdirən qanun qəbul etmişdir. Bu ölkənin hakim partiyası tərəfindən irəli sürülən layihəni qəbul etməklə Fransa parlamentinin aşağı palatası çox ciddi tarixi səhvə yol vermişdir. Aydındır ki, burada bədnam "erməni soyqırımı" bəhanədir. Bu qərar siyasi təzyiq aləti kimi türk dövlətlərinin inkişafının qarşısını almağa, növbəti dəfə ayrı-seçkilik salmağa yönəldilmişdir. Fransa parlamentinin beynəlxalq arbitr roluna iddiası tamamilə yersiz və mənasız bir təşəbbüsdür. Çünki indi dünya tamamilə dəyişib. Beynəlxalq aləm başqa dəyərlərlə yaşayır. Bu dəyərlər ayrı-seçkiliyin yox, inteqrasiyanın, növbəti "soyuq müharibə"nin yox, siyasi birliyin və həmrəyliyin tərəfindədir.
Sessiyada Fransa Milli Assambleyasının qəbul etdiyi layihə Avropa ailəsinin parçalanmasına, bütövlükdə türk dünyasına qarşı yönəlmiş cəhd kimi qətiyyətlə pislənmiş, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinə tövsiyə edilmişdir ki, Fransa Milli Assambleyanın soyqırımın inkarı ilə bağlı qərarının bu qurumun növbəti iclasının gündəliyinə salınmasına və hamılıqla pislənməsinə nail olsun.
Sonra Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimovun məlumatı dinlənilmişdir.
Sessiyada cari məsələyə də baxılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının artırılması haqqında müvafiq qərar qəbul olunmuşdur.
Ali Məclisin sədri sessiyaya yekun vuraraq demişdir: "Yaranmış ənənə üzrə Naxçıvan Muxtar Respublikasında hər yeni il başlayarkən həyata keçiriləcək tədbirlərin xarakterinə uyğun olaraq konkret məqsədlər də müəyyənləşdirilir. 2012-ci ildə milli mənəvi dəyərlər sahəsində tədbirlərə diqqət artırılacaq, milli dəyərlərin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı əvvəlki illərdə başlanmış tədbirlər 2012-ci ildə daha geniş miqyasda davam etdiriləcəkdir. Hər birimiz bu sahədə fəaliyyətimizin nəticəli olmasına çalışmalı, milli dəyərlər ilində muxtar respublikamızın inkişafına öz töhfəmizi verməliyik".
Ali Məclisin sədri daha sonra demişdir: "Biz 2011-ci ilə yekun vurduq. Qeyd olunduğu kimi, yola saldığımız il ərzində muxtar respublikamızda iqtisadiyyatın inkişafı davam etdirilmiş, quruculuq işlərinin həcmi daha da artırılmış, bir sıra uğurlar əldə olunmuşdur. Muxtar Respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürümü bildirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki birləşmə və hissələrinin şəxsi heyətlərini, onların ailələrini, şəhid ailələrini və veteranları, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm".
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış dördüncü sessiyası öz işini başa çatdırmışdır.