Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov öncə media nümayəndələrini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, cari ildə görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. S.Müslümov bildirdi ki, 2011-ci il Dövlət Sosial Müdafiə Fondunun həyatında xüsusi yadda qalan il olub.
Cari ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu islahatlar və həyata keçirilən düzgün iqtisadi siyasət nəticəsində vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yüksəlmiş, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılaraq, bu istiqamətdə mühüm addımlar atılmışdır. 2011-ci ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən gəlirlərin icrası, maliyyə dayanıqlığının qorunması son nəticədə pensiyaçıların sosial müdafiəsinə xidmət etmiş, il ərzində dövlət başçısının əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 4 Sərəncamı uğurla icra olunmuşdur. Belə ki, ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən 2011-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunub. Eyni zamanda, 2011-ci ilin mayında imzalanan "1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi" barədə Sərəncama əsasən təxminən 32400 nəfərdən artıq şəxsə birdəfəlik maddi yardımın çatdırılması təmin edilib.
Fondun sədri bildirdi ki, bundan başqa, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya təminatındakı fərqlərin aradan qaldırılması məqsədilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyin tətbiqi nəticəsində cari il iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyalar yenidən hesablanmış və 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılıb: "Bununla da bütün pensiyaçıların 97,4 faizi yoxsulluq səviyyəsindən də yuxarı həddə pensiya almağa başlamışdı. Pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə, ölkəmizdə bu proses tam gerçəkləşdirilib."
O da bildirildi ki, bu, çox maliyyə yüklü tədbir idi: "Bir illik maliyyə yükü təqribən 400 milyon manat təşkil edirdi. Dövlət başçısı İlham Əliyevin göstərişi əsasında bu addım atıldı. Maliyyələşdirmə mənbələri müəyyənləşdirilərək, Dövlət Sosial Müdafiə Fondunun illik büdcəsinə müvafiq dəyişikliklər edildi. Son 6 ayda bu artımlar yüksək səviyyədə həyata keçirilib."
Fondun sədri qeyd etdi ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə edilən digər dəyişiklik nəticəsində Azərbaycanda elmi dərəcəsi olanların əmək pensiyalarına əlavələr edilib. Elmi tədqiqat və ya tədris müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat məbləğində, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanmışdır. Artımlar təxminən 5960 nəfər pensiyaçıya şamil olunub. Onlardan 1460 nəfəri elmlər doktoru, 4500 nəfərə yaxını isə elmlər namizədidir: "Görülən bütün bu tədbirlər nəticəsində əmək pensiyalarının orta aylıq məbləği 2011-ci ilin əvvəlinə nisbətən 28,4 faiz artaraq 145 manat, o cümlədən, yaşa görə pensiyalar üzrə 160 manatı ötmüşdür. "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq görülən tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənmişdir. İlkin məlumatlara əsasən, fərdi uçot sistemində şəxsi hesabı olan sığorta olunanların sayı ilin əvvəli ilə müqayisədə 9,23 faiz artıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığorta olunanların sayı 1 966 607 nəfərə yüksəlib."
S.Müslümov məlumat üçün bildirdi ki, hesabat dövrü ərzində kənd yerlərində yaşayan pensiyaçıların pensiyalarının plastik kartlarla ödənilməsi genişləndirilib: "Hazırda pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99 faizinin, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, ümumilikdə isə, 99,4 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Təkcə bu il fondun sifarişi ilə əlavə olaraq 15 bankomat quraşdırılıb və pensiyaçılara xidmət göstərən bankomatların sayı 512-yə çatdırılıb. Dövlət Sosial Müdafiə Fondu tərəfindən elektron xidmətin təşkili məqsədilə fondun rəsmi internet səhifəsində elektron xidmətlər bölməsi yaradılaraq, bu bölmədən maneəsiz və sərbəst istifadə təmin edilib. Həmçinin, hər bir pensiyaçı əmək stajı barədə müvafiq məlumatları daxil etməklə fondun internet saytında fəaliyyət göstərən "pensiya kalkulyatoru" vasitəsilə pensiyasının məbləğini özü hesablamaq imkanı əldə edib. Sığorta edənlərdən 2006-2010-cu illər üçün məcburi dövlət sosial sığorta haqları üzrə sığorta olunanlar haqqında məlumatların qəbulu prosesi davam etdirilib. Bunun nəticəsində fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığorta olunanların məlumatlandırılması işi təşkil olunacaq ki, hər bir işləyən şəxs öz gələcək pensiya təminatı naminə sosial sığorta haqlarının tam və vaxtında ödənilməsində maraqlı olacaq. Beləliklə, inzibati nəzarət daha səmərəli ictimai nəzarətlə əvəzlənəcək. Artıq bu məqsədlə müvafiq proqram təminatı hazırlanaraq sınaqdan keçirilir."
S.Müslümov onu da bildirdi ki, ATƏT-in Bakı ofisinin dəstəyi ilə "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı İctimai Birliyi və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsinin 21 dekabr 2011-ci il tarixdə keçirdiyi "Dövlət orqanlarının elektron xidmətin göstərilməsi səviyyəsinin qiymətləndirilməsi ilə bağlı aparılan monitorinqin nəticəsi olaraq hazırlanan hesabat"ın təqdimat mərasimində elektron xidmətin təşkili sahəsində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti xüsusi qiymətləndirilib: "Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndiriləsinin nəticəsidir ki, cari il iyunun 28-də Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin rəsmi açılış mərasimi keçirilmişdir. Belə bir mötəbər qurumun özünün əlaqələndirmə mərkəzinin açılmasında ölkəmizə istinad etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi sürətli sosial-iqtisadi islahatlarla əldə olunmuş nailiyyətlərin və yüksək beynəlxalq nüfuzun əyani göstəricisidir".
Fondun sədri pensiyaçıların sayı barədə də məlumat verərək, bildirdi ki, hazırda bu say həyata keçirilən tədbirlər nəticəsində azalır. "Bilirsiniz ki, qəbul edilmiş əlavə və dəyişikliklərə görə qadınların pensiya yaşı artmaqda davam edir. 2011-ci ilin yanvarından qadınlar üçün pensiya yaşı 58-ə, kişilər üçün isə 63 yaşa çatdırılıb. Bununla bağlı olaraq cari ilin birinci yarısında pensiya təyinatı çox az idi. İkinci yarısından pensiya təyinatı başladı. Cari il oktyabrın 1-nə olan məlumata görə pensiyaçıların sayı bir milyon 279 min 422 nəfər olmuşdur. Hansı ki, 2011-ci il yanvarın 1-nə olan məlumata görə bu rəqəm bir milyon 292 min 155 nəfər idi. Düşünürük ki, 2012-ci il yanvarın 1-nə olan tarixə görə bu rəqəm bir milyon 278 min nəfərdən də aşağı düşəcək."
O da bildirildi ki, aparılan təhlillər bu tempin 2020-ci ilə qədər saxlanılacağını göstərir. "Bu da bizə imkan verəcək ki, bu illər ərzində digər islahat tədbirlərini müvəffəqqiyyətlə həyata keçirə bilək. Hazırda gündəlikdə duran məsələ pensiya sistemində yığım elementinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyətə başlaması, könüllü sığorta ödəmələri və bunun fərdi bank hesablarına yığılması, eləcə də, məcburi yığımlardan müəyyən hissənin müəyyən tarixdən sonra doğulmuş şəxslər üçün məcburi qaydada yığım fondlarında hesablarına toplanması, yerləşdirilməsi məsələləridir."
Sonda Dövlət Sosial Müdafiə Fondunun sədri media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.
RƏFİQƏ KAMALQIZI