PDF Oxu

Sosial

  • 9

2011-ci il Azərbaycan üçün yüksəliş ili oldu

2011-ci il Azərbaycan üçün yüksəliş ili oldu

Yola saldığımız 2011-ci il ölkəmiz və xalqımız üçün bir çox mühüm hadisələrlə yadda qaldı. Azərbaycanın hərtərəfli və çoxşaxəli inkişafı, eləcə də, beynəlxalq aləmdə əldə olunan ciddi nailiyyətlər bir daha təsdiq etdi ki, ölkəmiz həqiqətən də, lider dövlət kimi öz yerini möhkəmlədib.

Bu və bu kimi digər əhəmiyyətli məsələlərə toxunaraq münasibət bildirən Milli Məclisin vitse-spikeri Bahar Muradova "Səs" qəzetinə verdiyi açıqlamasında qazanılan uğurlar barədə danışarkən vurğulayıb ki, bu səbəbdən əldə olunan uğurların hər birinə qiymət vermək çətindir: "Əsas odur ki, əvvəlki illərdə olduğu kimi, 2011-ci il də Azərbaycan üçün yüksəliş dövrü oldu. Bu il Azərbaycanda respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Dünyada müşahidə olunan iqtisadi böhran Azərbaycandan yan keçdi. Azərbaycan bu il bir sıra mühüm və iri iqtisadi layihələrin reallaşdırılması istiqamətində öz fəaliyyətini davam etdirdi. Əlbəttə, əsas odur ki, dünya Azərbaycanda mədəniyyətin inkişafını və iqtisadi sahədə uğurları dərk etməyə başladı. Hesab edirəm ki, 2011-ci ildə kənd təsərrüfatı və sənaye sektorunun inkişafının saxlanması, ümumilikdə, iqtisadiyyatın balanslaşdırılmış və dayanıqlı inkişafının təmin olunması işində çox ciddi qərarlar qəbul olundu. Bundan əlavə, ölkənin qanunvericilik bazası təkmilləşdirildi və möhkəmləndirildi".


"Nizamlanma prosesində tərəqqinin olmamasına

baxmayaraq, 2011-ci il beynəlxalq təşkilatlarda

Qarabağ probleminin müzakirəsi işində fəal il oldu"


Bahar Muradova Azərbaycan xalqının və dövlətinin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, təəssüflə qeyd etdi ki, sülhə nail olmaq istiqamətində yaranan ümidlər özünü doğrultmadı: "Təəssüf ki, ötən ilin əvvəlində sülhə nail olunmaq istiqamətində yaranan ümidlər özünü doğrultmadı. Lakin qeyd etmək lazımdır ki, 2011-ci ildə beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ problemi fəal şəkildə müzakirə olundu. Bununla əlaqədar olaraq, deyə bilərəm ki, nizamlanma prosesində tərəqqinin olmamasına baxmayaraq, 2011-ci il beynəlxalq təşkilatlarda Qarabağ probleminin müzakirəsi işində fəal il oldu. Beləliklə, Qarabağ münaqişəsinin beynəlxalq təşkilatların gündəliyinə salınmasını problemin nizamlanması prosesində irəliləyiş kimi qiymətləndirmək olar. Məlum olduğu kimi, müxtəlif beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qətnamələr qəbul edir, Xocalı soyqırımı ilə bağlı qərarlar verirlər. Bundan başqa, beynəlxalq təşkilatların ayrı-ayrı təmsilçiləri Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə və normalarına, eləcə də, BMT TŞ-nin qətnamələrinin müvafiq şəkildə həll olunmasının lehinə çıxışlar edirlər. Başqa sözlə, desək, əgər daha əvvəl dünyanın müxtəlif ölkələrinin parlamentlərinin bir-birinin ardınca qondarma "erməni soyqırımını" tanımasının şahidi olurduqsa, bu gün bunun tam əksini görürük. İstənilən halda, hesab edirəm ki, Azərbaycan sona çatmaqda olan il ərzində Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzər-diqqətinə çatdırılması və beynəlxalq təşkilatlar tərəfindən bu problemlə bağlı qətnamələrin qəbul olunması ilə əlaqədar səylərini doğru şəkildə istiqamətləndirə bildi".


"Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bütün lazımi tədbirləri görməkdədir"


Milli Məclisin vitse- spikeri qaçqınlar və məcburi köçkünlərin həyat səviyyələrinin yaxşılaşdırılması istiqamətində aparılan müntəzəm işlər barədə də söz açaraq bildirdi ki, qaçqınlar və məcburi köçkünlər artıq öz sosial çətinliklərindən daha az söz açırlar. Onlar indi əsasən, doğma torpaqlarına qayıtmaq hüquqlarının təmin edilməsi ilə bağlı tələblərlə çıxış edirlər: "Çünki Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bütün lazımi tədbirləri görməkdədir. Onların bugünkü gündə yeganə problemi, onların özlərinin də dediyi kimi, doğma yurd-yuvalarına qayıtmaqla bağlıdır".

Bahar Muradova 2012-ci il ilə bağlı hansı gözləntilərin olduğuna da nəzər salaraq, qeyd etdi ki, Azərbaycan öz inkişafını davam etdirəcək: "Ən əlamətdar hadisələr isə Azərbaycanın növbəti ildə BMT TŞ-nin qeyri-daimi üzvlüyü statusunu əldə etməsi və ölkədə "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçirilməsi olacaq".


R.KAMALQIZI

Digər xəbərlər