M Ə L U M A T I
Son günlər bəzi kütləvi informasiya vasitələrində Babək rayon Nehrəm kənd sakini, AXCP üzvü Bağırzadə Zeynalabdin Bağır oğlunun Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında işgəncəyə məruz qalması, bununla əlaqədar səhhətinin ağırlaşması barədə məlumatlar yayılmışdır.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunun 12.4-cü maddəsinə əsasən Müvəkkil Ülkər Bayramova və Preventiv qrupun üzvləri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Zeynalabdin Bağırzadə ilə görüşmüş və saxlanma sənədləri ilə tanış olmuşlar.
Müəyyən olmuşdur ki, Bağırzadə Zeynalabdin Bağır oğluna 2011-ci il dekabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2-ci (Bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2-ci (Dələduzluq) maddələri ilə ittiham elan olunub. Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun vəsatəti ilə həmin tarixdə Naxçıvan şəhər Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilmiş və saxlanılması üçün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasına göndərilmişdir.
Görüş zamanı Z.Bağırzadə istintaq təcridxanasında ona qarşı hər hansı təzyiq və ya işgəncə halının, o cümlədən saxlanma şəraiti ilə bağlı heç bir narazılığının olmadığını qeyd etmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Zeynalabdin Bağırzadənin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsində prosessual qanunvericiliyinin tələblərinə əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Hazırda Naxçıvan Muxtar Respublikasının Prokurorluğu tərəfindən Z.Bağırzadənin işi üzrə istintaq davam edir.