PDF Oxu

Sosial

  • 8

Argentinalı deputatlardan ermənilərə sarsıdıcı zərbə!

Argentinalı deputatlardan ermənilərə sarsıdıcı zərbə!

Son günlər erməni mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin lideri Bako Saakyanın Argentinaya səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının üzvləri Alfredo Nestor Atanasof və Oskar Raul Aguad ilə keçirdiyi görüşlər barədə həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, əslində isə bu tədbirdə hər iki deputat Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bir daha təsdiqləyərək, erməni mətbuatında gedən məlumatların həqiqətə uyğun olmadığını qeyd ediblər. Onlar bu məlumatların təkzib olunmasına dair Azərbaycan mətbuatında onlara istinadən vəziyyətlə bağlı əsl həqiqətləri dərc etməyi xahiş etmiş və məmnuniyyətlə Azərbaycana səfər etmək istəklərini dilə gətiriblər.

Bako Saakyanla görüşmüş Argentina Milli Konqresinin Deputatlar Palatasının xarici işlər və etiqad komissiyasının sədri, deputat Alfredo Nestor Atanasof bildirib ki, o, separatçıların liderinə Argentina hökumətinin rəsmi mövqeyini, Argentina Xarici İşlər Nazirliyinin bu haqda müvafiq məktubunu xatırladıb, ölkəsinin "Dağlıq Qarabağ Respublikası" adlı bir qurumu tanımadığını və münaqişə ilə bağlı BMT qətnamələrinin əsas götürüldüyünü diqqətə çatdırıb.

"Union Civic Radical" partiyasının nümayəndəsi Oskar Aguad isə Argentina-Ermənistan dostluq qrupu çərçivəsində keçirilən görüşə dəvət edildiyini, ümumiyyətlə, kiminlə görüşdüyünə diqqət yetirmədiyini bildirmiş və istəmədən belə bir vəziyyətdə qaldığına təəssüfləndiyini qeyd etmişdir. Görüşdə separatçı rejimin rəhbəri BMT-nin müvafiq qətnamələrinə münasibət bildirərkən, həmin qurumda qeyri-demokratik mühitin hökm sürdüyünü və məhz buna görə Azərbaycanın sözügedən qətnamələrin qəbul etdirilməsinə nail olduğunu demişdir.

Göründüyü kimi, qondarma respublikanın nümayəndəsi Ermənistandakı mövcud qeyri-demokratik rejimə göz yumaraq, BMT kimi mötəbər bir beynəlxalq təşkilatın obyektivliyini şübhə altına salmağa çalışmış, lakin bu cür bəsit üsullarla heç kəsi aldada bilməyəcəyini diqqətdən qaçırmışdır. Çünki artıq dünya ictimaiyyəti bölgə həqiqətlərindən xəbərdardır, kimin işğalçı, kimin isə işğala məruz qaldığını dəqiq bilir.

Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu ermənilərin bu cür hiylələrini vaxtında ifşa etməyə qadirdir. Baş verənlərə əsasən onu demək olar ki, ermənilərin bu məkrli niyyəti də nəticəsiz qalmış və onlar növbəti dəfə dünya ictimaiyyətinə iç üzlərini nümayiş etdirmişlər.

Digər xəbərlər