Son vaxtlar Azərbaycanla bağlı müxtəlif hesabatlar açıqlanır. Bu yaxınlarda "Amnesty İnternational" təşkilatı Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinin yenə də ağır olduğunu bildirib. Həmçinin, "Transparency İnternational" təşkilatı öz hesabatında Azərbaycanın adını korrupsiyanın yüksək olduğu ölkələr sırasında qeyd edib. Azərbaycanla bağlı mənfi imicli hesabatların yayılması ilə bağlı millət vəkilləri verdikləri açıqlamada vurğuladılar ki, bu cür bəyanatların heç bir əhəmiyyəti yoxdur.
Bəxtiyar Sadıqov: "Bu tipli bəyanatlara əhəmiyyət vermək lazım deyil"
Millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirdi ki, hələ uzun müddət Azərbaycanla bağlı bu cür açıqlamalar, arayışlar olacaq: "Çünki nə qədər ki, Azərbaycan müstəqil siyasət yürüdür, nə qədər ki, Azərbaycan xarici siyasət xəttində milli maraqları, dövləti maraqları əsas tutur, ölkəmizə qarşı bu cür əsassız, qeyri-obyektiv, qərəzli hesabatlar, bəyanatlar olacaq. Öz iradəsini Azərbaycana birbaşa qəbul etdirə bilməyən müəyyən dövlətlər, qurumlar var, onlar çalışacaqlar ki, bu vasitə ilə Azərbaycana təsirmi, təzyiqmi göstərsinlər. Ancaq bu, mümkün olan şey deyil. Azərbaycan, çox şükür ki, iqtisadi cəhətdən müstəqildir. Bu, böyük işdir. Azərbaycan heç bir dövlətə, heç bir quruma gedib əl açmır ki, mənə filan işdə kömək et, onlar da bundan bir təzyiq vasitəsi kimi istifadə etsin ki, sən də bu işi belə et, əvəzində biz də belə edək. Azərbaycan müstəqil siyasət yürütdüyünə görə, birincisi, bunu bəyənməyənlər, onu qəbul etməyənlər həmin o qurumlara tapşırıqlar verirlər, o qurumlar da bu cür bəyanatlar, hesabatlar ortaya qoyurlar. O biri tərəfdən də bizim düşmənlərimiz var. Məsələn, erməni əsilli milyonçular var ki, onların da maliyyələşdirdiyi müxtəlif qurumlar mövcuddur. Onlar da Azərbaycanın beynəlxalq imicinə ziyan gətirmək üçün vaxtaşırı bunu edirlər".
Digər məqama toxunan B.Sadıqov bildirdi ki, həmin dairələrə bizim müxalifətin də içindən, adını hüquq müdafiəçisi qoyub, adını jurnalist təşkilatı qoyub, gizlincə qrant almaq üçün bu cür arayışlar göndərənlər var: "Onlar da həmin arayışı açıqlamadan, yoxlamadan (çünki onlara sərf edir) bu cür bəyanatlar verirlər. Bunlara əhəmiyyət vermək lazım deyil. Azərbaycan inkişaf edib, Azərbaycanda demokratiya dərinləşib. Bu, bizim tutduğumuz yoldur və bizi də-dövlətimizə heç kim, heç nə yolundan sapındıra bilməyəcək, buna müvəffəq olmayacaq. Həmçinin, nə qədər sərt yazırlar-yazsınlar, onların hesabatlarının Azərbaycan dövlətinə və cəmiyyətinə heç bir təsiri olmayacaq".
Musa Quliyev: "Fransa deputatlarının özləri də qəbul etdikləri qanunun nə tarixi, nə hüquqi əsası olmadığını yaxşı bilirlər"
"Fransa deputatlarının özləri də qəbul etdikləri qanunun nə tarixi, nə hüquqi, nə də mənəvi əsası olmadığını yaxşı bilirlər. Bu sənəd siyasi qərar olaraq ermənilərin guya pozulmuş hüquqlarını qorumağa, haqqa-ədalətə yönəlməyib, sadəcə, Türkiyəyə və türk dünyasına qarşı yönəlib", sözlərini deyən millət vəkili Musa Quliyev bildirdi ki, əslində, tarixi baxımdan yanaşsaq, 1960-cı illərdə Əlcəzair xalqına qarşı Fransa ordusunun törətdiyi qətliam soyqırımıdır. Onun fikrincə, hansısa məsələyə siyasi qiymət verilməsinə və demokratiya prinsiplərinin pozulmasına tənqidi yanaşmada Fransa deputatları birinci özlərindən başlamalıdırlar.
Millət vəkili bu sənədin Senat tərəfindən qəbul olunacağına və prezident Nikolya Sarkozi tərəfindən təsdiqlənəcəyinə inanmadığını deyib. Millət vəkili hesab edir ki, bu sənəd təsdiq olunarsa, bundan sonra Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ probleminin həllində iştirakı mümkünsüzdür.
M.Quliyevin sözlərinə görə, Fransa bu prosesdə iştirak etsə də, ondan ədalətli qərar gözləmək inandırıcı deyil: "Bir daha Fransa parlamenti Milli Assambleyasının məlum qərarını pisləyir və qeyd edirəm ki, bunun heç bir əsası yoxdur".
RƏFİQƏ