Bəzi siyasiləşmiş QHT-lərin radikal müxalifətin tələb və təkliflərinin icraçılarına çevrilmələri, onların vətəndaş quruculuğu ilə bağlı fəaliyyətlərinə kölgə salır. Statistik məlumatlara görə, 2011-ci ildə xarici fondlar və donorlar Azərbaycanda fəaliyyət göstərən QHT-lərə 29 milyon dollar ayırıb. Bəzi QHT-lər xarici donorlardan qrant alaraq, siyasiləşmiş mövqe nümayiş etdirirlər. Məsələ ilə bağlı "Səs"in suallarını cavablandıran Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirdi ki, QHT-lərə ayrılan vəsait təyinatı üzrə xərclənməli və bu qrantlar çirkin məqsədlər üçün xərclənməməlidir.
-Azərbaycanda fəaliyyət göstərən QHT-lər əsasən milli-mənəvi dəyərlərin qorunması, vətəndaş cəmiyyətinin inkişafı və Azərbaycanın maraqlarının qorunması çərçivəsində hüquqi dövlətin, eyni zamanda, cəmiyyətin yaranması istiqamətində fəaliyyət göstərirlər. Ölkədə nəinki bəzi QHT-lər, hətta bəzi beynəlxalq təşkilatlar var ki, onlar öz mandatına uyğun deyil, öz mandatından kənara çıxıb fəaliyyət göstərirlər. Eyni zamanda, öz fəaliyyətlərini imitasiya edirlər ki, guya bu qurumlar öz mandatları çərçivəsində fəaliyyət göstərirlər. Təəssüflər olsun ki, bununla əlaqədar olaraq, ciddi şəkildə düşünərək QHT-lər bu məsələ ilə bağlı bir çox müzakirələr aparmalıdırlar. Çünki sözügedən məsələlər ictimailəşdirilməlidir. Burada bütün ictimaiyyət bilməlidir ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş QHT-lər və beynəlxalq təşkilatlar öz istiqamətləri üzrə öz nizamnamələri çərçivəsində və qeydiyyatdan keçmiş mandatlarına uyğun fəaliyyət göstərməlidilər.
Ümumiyyətlə, beynəlxalq təşkilatlar öz qrantları haqqında elanlar verirlər. Burada hansı QHT-lər bu qrant müsabiqələrində qalib gəliblərsə, onların adlarını da açıqlayırlar. Eyni zamanda, öz saytlarında demokratik prinsiplərə riayət edən şəffaf təşkilatlar öz hesabatlarını yerləşdirirlər. Amma bütün bunlarla yanaşı, müəyyən sapmalar olur ki, QHT-lər bu məsələyə ictimaiyyətin diqqətini cəlb etməlidir. Təbii ki, burada ölkədə fəaliyyət göstərən KİV-lər də böyük rol oynamalıdır. Çünki öz istiqamətləri, nizamnamələri və eyni zamanda, mandatlarına uyğun fəaliyyət göstərilmirsə, bu, ictimaiyyətə bəlli olmalıdır. Qeyd etdiyiniz kimi, Azərbaycanda sərf olunan qrantlar hansı istiqamətlərə, hansı QHT-lərə yönəlirsə, bunu bütün ictimaiyyət bilməlidir. Burada vətəndaş cəmiyyəti o zaman sağlam şəkildə inkişaf edə bilər ki, bu qrantlar təyinatı üzrə xərclənsin. Yəni, QHT-lərə ayrılan bu qrantlar hər hansı bir çirkin məqsədlər üçün xərclənməməlidir. Biz də QHT olaraq, bu məsələləri təmin edərək, yoluna qoymalıyıq. Hesab edirəm ki, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilk milli donor kimi digər donorlardan daha yaxşı fəaliyyət göstərir.
GÜLYANƏ