Azərbaycanın dünya miqyasında formalaşan imici artan iqtisadiyyatın, ölkədə hökm sürən sabitliyin, əmin-amanlığın təzahürü olaraq özünü göstərir. Bu və digər amillərin nəticəsi olaraq ölkənin ümumilikdə sferasında, görkəmində nəzərəçarpacaq nəticələr əldə edilib.
Ölkə həyatında irimiqyaslı layihələrin bir qismi də Azərbaycan səhiyyəsinin müasir tələblər çərçivəsində qurulmasına yönəlib. Bütün bunlar Azərbaycan əhalisinin sosial rifahının təminatı istiqamətində görülən işlərdir. Sözsüz ki, bu uğurların hər biri insanların sağlam həyat tərzinin yaşanılmasında önəmli faktorlardır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qayğısı və diqqətinin məntiqi nəticəsi kimi 2011-ci ildə iqtisadiyyat və sosial sferanın bütün sahələri kimi səhiyyə sahəsində də görülən işlər böyük vüsət almışdır. Müasir dövrümüzdə gələcəyin təminatı olaraq insan faktorunun əsas götürülməsi onların fiziki cəhətdən sağlam və gümrahlığının diqqətdə saxlanılmasına gətirib çıxarıb. Bu istiqamətdə görülən işlərin məntiqi olaraq yeni tibb müəssisələrinin istifadəyə verilməsi, bir sıra xəstəxanaların təmir və bərpası əhalini sağlamlığına dövlət səviyyəsində ayrılan diqqətdir. Bu diqqət və qayğının bariz nümunəsi kimi təkcə yola saldığımız 2011-ci ilin son günlərində istifadəyə verilən tibb müəssisələrini qeyd etmək kifayətdir. Belə ki, əsaslı təmir və yenidənqurma işlərindən sonra Xəzər rayonundakı 35 saylı Kardiorevmatoloji Sanatoriya, Xətai rayonundakı 2 saylı Uşaq Poliklinikası, Nizami rayonundakı 19 saylı Uşaq Poliklinikası, Binəqədi rayonu 28 may qəsəbəsində həkim məntəqəsi, Qaraçuxur qəsəbəsində 15 saylı BŞX-nin poliklinikası və Psixi Sağlamlıq Mərkəzi istifadəyə verildi. Hər bir səhiyyə müəssisəsi mövcud son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub.
Qeyd edək ki, son illərdə əldə edilmiş dinamik inkişaf tibbi demoqrafik və səhiyyə göstəricilərinin yaxşılaşması üçün də güclü zəmin yaradıb. Ötən illərlə müqayisədə statistik göstəricilər bizə deməyə əsas verir ki, doğum göstəricisi yüksəlmiş, ölüm hallarının sayı aşağı enmişdir. Təbii artım 8,1-dən 13,5-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biri olan ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyəti yaxşılaşdırılıb. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Yeddi perinatal mərkəzinin yaradılması, yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması bu sahəyə olan xüsusi qayğının nümunəsidir. Bütün bunlar dövlət tərəfindən səhiyyəyə göstərilən diqqətdir.
Bu günlərdə Səhiyyə Nazirliyinin 2011-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında ildən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin artırılması diqqətə çəkilmiş və 2001-ci illə müqayisədə 2011-ci ildə bu vəsaitin təxminən 12 dəfə artdığı göstərilmişdir. Bu da səhiyyə müəssisələrində çoxsaylı təmir və tikinti işlərinin aparılmasına və müasir səviyyədə təchizatına imkan vermişdir. Yalnız son 5 ildə 400-dən artıq tibb müəssisəsi yeniləşərək əhalinin ixtiyarına verilmişdir.
Azərbaycan səhiyyəsi bu gün dünya səhiyyəsi ilə rəqabət apara biləcək gücə malikdir. Belə ki, müxtəlif orqanlar üzərində əməliyyatların aparılması, orqanların transplantasiyası və s. son illərin nailiyyət və uğurların sırasındadır. Məlum olduğu kimi Elmi Cərrahiyyə Mərkəzində artıq açıq ürək əməliyyatlarının icrasına başlanılıb və statistik göstəricilər əsasında deyə bilərik ki, yola saldığımız ötən il ərzində 300-dən artıq əməliyyat uğurla baş tutub. M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında böyrəkköçürmə əməliyyatlarına başlanılması da səhiyyəmizin uğurlu inkişafını şərtləndirən amillərdir. Əlbəttə ki, bu əməliyyatların ölkə daxilində aparılması, Azərbaycan vətəndaşlarını sağlamlığna ona diqqətdir.
Uğurla həyata keçirilən dövlət proqramlarının icrası zamanı xroniki xəstəliklərin aşkarı edilməsi və müalicə profilaktika tədbirlərinin görülməsi xəstəliklərin vaxtında və düzgün olaraq aşkarlanmasına və müalicəsinə təkandır. Şəkərli, onkoloji xəstəliklərin aşkarlanması, vərəmlə mübarizə işinin yüksək səviyyədə qurulmasına diqqət yetirilmişdir. Belə ki, ötən illə müqayisədə 2011-ci ildə ilkin xəstələnmə və bu xəstəliklərdən ölüm hallarının sayı azalmışdır.
Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədilə hər il respublikanın bölgələrində yeni dializ mərkəzlərinin açılması da səhiyyənin uğurları kimi qiymətləndirilir. Hazırda respublikamızda 24 mərkəzdə 1800-ə yaxın xəstə hemodializ seansları ilə pulsuz təmin olunur.
Səhiyyənin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır ki, bu sahədə də görülən işləri vurğulamaq vacibdir. İnkişaf etmiş ölkələrdə olduğu kimi tibb işçilərinin sertifikasiyasına start verilib. "Təhsil haqqında Qanun"a uyğun olaraq, 2011-ci ildən ilk dəfə olaraq həkimlərin ixtisaslar üzrə hazırlığının rezidentura vasitəsi ilə həyata keçirilməsinə başlanılıb. Bir il ərzində 200-dən artıq həkim və orta tibb işçisi xarici ölkələrinin qabaqcıl klinikalarında ixtisasartırma kursları keçib.
Səhiyyə sahəsində uğurları diqqətə çəkərkən beynəlxalq əməkdaşlığı da qeyd etmək vacib məsələlərdəndir. Ölkələr arasında siyasi və iqtisadi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsi beynəlxalq əlaqələri də genişləndirir. Bunun bariz nümunəsi olaraq 2011-ci ildə ölkəmizdə keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci Sessiyasını vurğulamaq önəmlidir. Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının məntiqi nəticəsidir.
Bütün bu uğurların, qanun və islahatların icrasında birbaşa iştirakçı olan həkimlərə göstərilən diqqət də önəmlidir. Ölkə başçısı tərəfindən onlara maddi və mənəvi cəhətdən stimul verilərək, bu işdə fəallıqları artırılıb. Belə ki, təkcə ötən il ərzində bir sıra tibb işçisinə "əməkdar həkim", "əməkdar müəllim" fəxri adları, "Şərəf" ordeni, "Tərəqqi" medalı verilmişdir ki, bu sahənin mütəxəssislərinin daha da prinsipial olaraq öz peşə borclarını layiqincə yerinə yetirmələriniə təkan verən qüvvədir.
Əldə olunmuş nailiyyətlərin hər biri ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, 2011-ci il səhiyyəmiz üçün uğurlu və nailiyyətlərlə yaddaqalan zamana çevrildi.
NƏZAKƏT