Yanvarın 7-də Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatının IX konfransı keçirilib. Konfransda millət vəkilləri, partiya fəalları və rayon ictimaiyyəti nümayəndələri iştirak edib.
Konfrans nümayəndələri ilk öncə Ümummilli Liderimiz Heydər Əliyevin Balakən şəhərinin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər. Konfransı giriş sözü ilə açan YAP Balakən rayon təşkilatı idarə heyətinin üzvü Azad Balayev konfrans iştirakçılarını salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. Hesabat məruzəsi ilə çıxış edən A.Balayev təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Natiq rayon təşkilatının rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs edərək qarşıda duran vəzifələrə toxunub. A.Balayev bildirib ki, dövlət müstəqilliyinin bərpasının 20 illiyini böyük təntənələrlə qeyd etdiyimiz müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 19 il bundan əvvəl yaradılmış YAP şərəfli yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ulu Öndər Heydər Əliyevin ideyaları, Onun zəngin siyasi irsi, inkişaf konsepsiyası dönməz və əbədi olan müstəqilliyimizin yollarını daim işıqlandırır.
A.Balayev onu da bildirib ki, yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilib. Qüdrətli siyasi qüvvəyə çevrilən YAP-ın sıralarının gündən-günə artdığını deyən natiq, onu da vurğulayıb ki, bu gün partiyanın nüfuzunun daha da yüksəlməsinin səbəbi yaradıcısı və ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, Ümummilli Liderimiz Heydər Əliyev olub. Eyni zamanda, bu siyasi təşkilata Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etməsidir. O, Yeni Azərbaycan Partiyasının zəngin həyat yolu keçdiyini, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqlədiyini söyləyib. Bildirib ki, rayon təşkilatının fəalları prezident, bələdiyyə və parlament seçkilərində sistemli və aktiv fəaliyyət göstərməklə keçirilmiş seçkilərdə YAP-ın ümumi qələbəsinin əldə olunmasına öz töhfələrini veriblər: "Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu yolla irəliləyir, inkişaf edir, böyüyür, böyüdükcə ölkəmiz də güclənir. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev bu gün sadəcə YAP-çıların deyil, hər bir azərbaycanlının rəhbəri olaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkəsini və millətini yüksək səviyyədə təmsil edir. Ancaq biz təşkilat olaraq, bugünkü uğurlarımızla kifayətlənmək fikrində deyilik. Daha da yüksəlmək, qazandığımız uğuru itirməmək üçün bundan sonra da siyasi meydanda bacarığımızı ortaya qoyacağıq". A.Balayev hesabat dövründə partiya üzvlərinin sayının artdığını vurğulayıb. Diqqətə çatdırılmışdır ki, hazırda YAP Balakən rayon təşkilatı 66 ərazi ilk partiya təşkilatını özündə birləşdirir: "Hesabat dövründə partiya üzvlərinin sayı 5387 nəfərdən 7140 nəfərə çatmış 9 yeni məhəlli və ərazi ilk partiya təşkilatları yaradılmışdır. Bunlardan 3729 nəfərini qadınlar, 2011 nəfərini gənclər təşkil edir". Sonra təşkilatın nəzarət-təftiş qrupunun hesabatı dinlənilib, məruzə ətrafında çıxışlar olub.
Tədbirdə Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Aydın Mirzəzadə, rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildiriblər. Millət vəkilləri, həmçinin, YAP Balakən rayon təşkilatının fəaliyyətini qənaətbəxş hesab edərək, təşkilata uğurlar arzulayıblar. Konfransda təşkilati məsələyə baxılıbdır. Azad Balayev YAP Balakən rayon təşkilatının sədri seçilməklə yanaşı, həmçinin, təşkilatın şurasının, idarə heyətinin və nəzarət-təftiş qrupunun üzvləri də seçiliblər. YAP üzvlüyünə yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilibdir.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
RƏFİQƏ KAMALQIZI