Arif Hacıyev:
İndi Müsavatda hörmət itəcək,
Hər bir iddiaçı məni didəcək,
Başqanlıq postundan İsa gedəcək,
Yeganə namizəd, sözsüz, mənəm mən.
Arzu Səmədbəyli:
Məni sevməyənin kor olsun gözü,
Burda görmüşəm çox simasız üzü,
Məni dəstəkləyir İsanın özü,
Gərək hər rəqibi udam, yenəm mən.
Nüşabə Sadıxlı:
Vəzifə bəxtimə tuş gələn kosdu,
Ətrafa yığaram düşməni, dostu,
Heç kəsə vermərəm müqəddəs postu,
Çətin məqsədimdən geri dönəm mən.
Arif Hacıyev:
Sonda möhkəm durar çoxu hinində,
Hamısı partlayır nifrət-kinində,
Bir yetkili durmaz nitqim önündə,
Sənə kömək edər möhkəm çənəm, mən.
Arzu Səmədbəyli:
Yoxdu başqanlıqda kimsənin yeri,
Arif dərhal küsər, mən desəm kiri,
Heç kəs bu məqamda qayıtmaz geri,
Məcbur eyləsələr, gərək dinəm mən.
Nüşabə Sadıxlı:
Arzuya, Arifə yalan qənimdir,
Müsavat yurdumdu, "İP" vətənimdir,
Bu post heç kəsin yox, yalnız mənimdi,
Aşıq Qərib İsa, bir Şahsənəm mən.
Arif Hacıyev:
Başqan mən olacam, qoy gülən gülsün,
İsanı sevməyən yanıma gəlsin,
Qoy qəti fikrimi İsa da bilsin,
Sanma, başqası tək çökəm, enəm mən.
Arzu Səmədbəyli:
Yoxdu bəzisinin bir manat pulu,
Belində hiss edib bir ulaq çulu,
Çoxu posta gedir gözüyumulu,
Arxam çox böyükdü, beş yüz, minəm mən.
Nüşabə Sadıxlı:
Namizədin çoxu fitnə-felində,
Üzür gecə-gündüz xülya gölündə,
Zülmətə gedənlər Ağ Qoç belində,
Postu Bozat bilib gərək minəm mən.
Arif Hacıyev:
İsa avazıyıb sərin yuxuda,
Nüşabə Sadıxlı şirin yuxuda,
Arzu Səmədbəyli dərin yuxuda,
Arzu-istəyində haqlı, çinəm mən.
Arzu Səmədbəyli:
Rəqiblər önündə baryer tin kimi,
Posta oturaram İblis, Cin kimi,
Uzağa gedərəm, iti şin kimi,
İçi dəmir hava möhkəm şinəm mən.
Nüşabə Sadıxlı:
Arif də, Arzu da çox dayaz çaydı,
Bu ona, o buna yaraşan taydı,
Rəqib qaranlıqda görünən Aydı,
Gözlərə sancıllam, gündüz Günəm mən.
Arif Hacıyev:
Arzu olmamışdır İsanın dostu,
Bu posta yerləşməz Nüşabə mostu,
Bir mənə layiqdi başqanlıq postu,
Rəqiblər önündə bağlı tinəm mən.
Arzu Səmədbəyli:
Bədxah tapılmadı tuta qolumdan,
İmtina etmərəm öz titulumdan,
Bir kimsə sapdırmaz məni yolumdan,
İntiqam eşqilə coşan kinəm mən.
Nüşabə Sadıxlı:
Əhliləşdirərlər yüz bayquşu da,
Deyil başlarında huşu-guşu da,
Başıma qonmaqda şahlıq quşu da,
Əyləşə biləcək nazlı sənəm mən.
Arif Hacıyev:
Arzu çarpayıya çöküb yatacaq,
Nüşabə bu fikri başdan atacaq,
Başqanlıq, şübhəsiz, mənə çatacaq,
Gözə görünməyən Divəm, Cinəm mən.
Arzu Səmədbəyli:
Onların cibində yoxdu bir quruş,
İstəkləri isə qalmaqal, vuruş,
Heç biri önümdə gətirməz duruş,
Hər bir namizəddən başam, önəm mən.
Nüşabə Sadıxlı:
Sizə geri getmək, mənə irəli,
Sözsüz ki, gedirəm yenə irəli,
Həmişə baxmışam önə, irəli,
Sanma, öləziyib, sonra sönəm mən.
Arif Hacıyev:
Bağlamasın köhnə nəsil uğura,
Arzu, səni qənim kəsil uğura,
Mən çox inanıram əsil uğura,
Elə sifətdən də xeyli şənəm mən.
Arzu Səmədbəyli:
Qorxuram rəqibin gözü qamaşa,
Mən tamarzı qalam bozbaşa, xaşa,
Post mənə etməkdə gendən tamaşa,
Postdan əl çəkmərəm, qalın gönəm mən.
Nüşabə Sadıxlı:
Başqanın olmalı cüt aslan dişi,
Bir mən bacararam yaxşı bu işi,
Bu işi bacarmaz, əlbət, heç kişi,
Bu posta çox yaxın, sözsüz, tənəm mən.
Arif Hacıyev:
Mənə yol göstərir həm məntiqim də,
Yoluna qoyulub min təqibim də,
Sözsüz, mənə çatmaz bir rəqim də,
Eşidilə bilən səsəm, ünəm mən.
MİRZƏ QƏRƏNFİL