PDF Oxu

Sosial

  • 9

“İctimai Palata”  parçalanır

“İctimai Palata” parçalanır

Müxalif düşərgəsində yer alan qüvvələrin siyasi proseslərə təsir imkanlarının kifayət qədər aşağı olması heç kimə sirr deyil. Həmçinin, müxaliflərin elektoratlarının ildən-ilə sürətlə seyrəlməsi və cəmiyyətdə dayaqlarını tamamilə itirmələri də danılmaz həqiqətdir.

Hazırda yaranmış vəziyyəti təhlil edən analitiklər isə müxalifətdə budəfəki parçalanma növbəsinin "İctimai Palata"ya və burada yer alan əsas partiyalardan biri qismində çıxış edən Müsavata çatdığını proqnozlaşdırırlar. Məsələ burasındadır ki, "İctimai Palata"nın qarşıdan gələn prezident seçkilərində vahid namizədinin kimliyi artıq indidən ziddiyyət predmetinə çevrilməkdədir. "İctimai Palata"nın son sessiyasında əsas etibarilə müsavatçılar tərəfindən belə fikirlər səsləndirilib ki, müxalifətin prezident seçkilərində vahid namizədi İsa Qəmbərov olmalıdır. Lakin AXCP (i) tərəfdarları bu fikirlə razılaşmırlar və onlar vahid namizəd qismində "Yurd" şefi Əli Kərimovu görürlər. Tərəflərin biri-birinə güzəştə getməmələrini nəzərə alsaq, bu, artıq "İctimai Palata"nın dağılmasına yol açacaq ilkin işartılardan sayıla bilər.


Bilinməyən "başqan"

Digər bir məqam da var ki, o da Müsavat partiyasının daxilində də vəziyyətin getdikcə gərginləşməsidir. Məsələ burasındadır ki, İ.Qəmbərovdan sonra partiyanın başqanı postuna iddia edənlərin sayı hər gün artmaqdadır. Partiyadan verilən məlumata görə, bu həftə ərzində Müsavat partiyasının başqanlığına namizədlər müəyyənləşdiriləcək. Partiya başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, partiyanın VIII qurultayının keçiriləcəyi tarix artıq müəyyənləşdirildiyindən namizədlərin seçilməsi üçün bir az vaxt lazımdır.

İ.Qəmbərov mediaya verdiyi açıqlamasında Müsavat partiyası başqanlığına gətirəcəyi adamın artıq müəyyənləşdirdiyini söyləyib. Həmin açıqlamasında İ.Qəmbərov vurğulayırdı ki, partiyada Arif Hacıyevin başqan olmasını istəyənlərin sayının çox olmasına baxmayaraq, Arzu Səmədbəylinin başqan olmasını arzu edir. Hətta Müsavat başqanı onu da bir daha təkrarən vurğulayıb ki, partiyanın Ali Məclis sədri A.Səmədbəylinin başqan olması üçün ciddi işlərə başlayıb. Ancaq İ.Qəmbərovun bu qərarına A.Hacıyevin tərəfdarlarının narazılığı müşahidə olunmaqdadır.


Daha kimlər?

Müsavatın qurultayı yaxınlaşdıqca partiyada yaranmış iki cəbhənin mübarizəsi də daha da kəskinləşməkdədir. Hətta o məlumatlar da hələ dolaşmaqda davam edir ki, Müsavat başqanı İ.Qəmbərov Vurğun Əyyubovu da başqanlığa ehtiyat variant kimi nəzərdən keçirir. Bu da onunla əlaqələndirilir ki, əgər partiyanın A.Hacıyev qanadı ilə A.Səmədbəyli qanadı arasında barışıq əldə olunmasa, İ.Qəmbərov onların heç birinin başqanlığa gəlməyinə imkan verməyəcək. Əvəzində V.Əyyubov Müsavat başqanlığına gətiriləcək. Bununla yanaşı, partiya başqanlığına daha bir namizəd qismində Qubad İbadoğlunun da adı hallanmaqda davam edir. Son vaxtlarda isə Müsavatda Qubad İbadoğlunun özünə xeyli tərəfdar toplaması gələn məlumatlar sırasındadır və onlar da məhz öz namizədlərinin başqan olmasında israrlıdırlar. Seçimlərdən narazı qalan qruplaşmaların isə Müsavatı tərk edəcəyi gözlənilir və onlardan bəzilərinin hətta ayrıca partiya yaradacaqları barədə də fikirlər səslənir.

İ.Qəmbərov, ümumiyyətlə, başqan postunu tərk etməsi də mümkündür. Çünki İ.Qəmbərovun Müsavat başqanlığında qalması üçün partiya nizamnaməsinin dəyişdirilməsi barədə fərqli fikirlər mövcuddur. Müsavat funksioneri Gülağa Aslanlı da daha əvvəl bildirib ki, İ.Qəmbərovun Müsavat başqanlığında qalması üçün partiya nizamnaməsində dəyişiklik edilməsi mümkündür. Müsavat başqanının digər müavini Tofiq Yaqublu isə mediaya açıqlamasında bir neçə dəfə bildirib ki, Müsavatda bəzi adamlar var ki, səmimi şəkildə İ.Qəmbərovun başqanlıqda qalmasını arzulayır. Onlar hesab edir ki, İ.Qəmbərov başqanlıqdan getsə, partiyada uğursuzluqlar yaşanacaq. Onun sözlərinə görə, partiya rəhbərliyində təmsil olunan heç bir şəxsdə belə bir fikir yoxdur ki, nizamnamə dəyişilməlidir.


Rəfiqə Hüseynova

Digər xəbərlər