Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır.
Bu illər ərzində, xüsusilə də, son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının layihəsinin hazırlanmasına ümumi rəhbərlik, təşkilati və əlaqələndirici səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Respublikası Prezident Administrasiyasına həvalə edilib.
Aydın Mirzəzadə,
Miili Məclisin deputatı, YAP Siyasi Şurasının
üzvü:
Bu konsepsiyada ölkənin bütün sahələr üzrə inkişaf parametrləri müəyyənləşib. Bu gün 8 ildir hakimiyyətdə olan Prezident İlham Əliyevin siyasi fəaliyyətinin nəticələrinin böyüklüyündən danışılır. Ölkə başçısı prezident seçkilərindən sonra regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramını elan edirdi. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş birinci və ikinci dövlət proqramları uğurla icra edildi. Ölkəmizin uğurlu nəticələrinə nail olmaq üçün bütün fəaliyyəti ona bağlamaq strategiyası götürüb. Burada həm dünya, həm də Azərbaycan təcrübəsindən yararlanmaq lazım gəlir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın inkişafında böyük sıçrayışlar baş verdi. Bir sözlə, büdcəmiz ildən-ilə artır, iqtisadiyyat güclənir, diplomatik fəaliyyət müsbət nəticəsini verir. Artıq respublikamız dünyada qəbul olunan sivil, nüfuzlu demokratik ölkə kimi öz adını yaza bilib. Bu gün bütün sahələr üzrə inkişafın modeli hazırlanıb. Birincisi, dövlətin effektli dövlət idarəetmə aparatı istiqamətində səylərin davam etdirilməsi, demokratiya və insan haqlarının yüksək səviyyədə təmin edilməsidir. Eyni zamanda, iqtisadi sahədə yeni addımların atılması və dünya iqtisadiyyatına inteqrasiyadır. Bu, Azərbaycan mədəniyyətinin ölkə daxilində inkişaf etdirilməsi və dünya mədəniyyətinə öz töhfəsidir. Həmçinin, bu, insan kapitalının zənginləşdirilməsi üçün yeni təkliflərin verilməsidir. Nəzərə alsaq ki, 2020-ci ilə 8 il qalır, biz bu nəticələrə mütləq çatacağıq. Cənab Prezidentin fəaliyyəti göstərdi ki, O, sözünün sahibidir. Prezident İlham Əliyev 2003-cü ildə qeyd etmişdir ki, 2008-ci ilə qədər 1 milyon qaçqın çadırlardan mənzillərə köçürüləcək. Həmçinin, ölkə başçısı qeyd etmişdir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsinə bərabər olacaq. Biz buna da nail olduq. Ölkəmiz inkişaf etmiş ölkələr cərgəsinə daxil olmaq əzmindədir və bu istiqamətdə ciddi addımlar atılır. Qarşıya qoyulmuş məqsədlər üçün elmi əsaslar işlənməli, iqtisadi baza müəyyənləşməlidir. Bunun da inkişaf yolları görülməlidir. Fikrimcə, bu, Azərbaycan təcrübəsi dünya üçün də kifayət qədər maraqlı olacaqdır.
Fəzail İbrahimli,
Milli Məclisin deputatı:
- Azərbaycanın gələcək inkişafı ilə bağlı imzalanmış bir Sərəncamdır. Respublikamız sürətlə inkişaf etməkdədir. Azərbaycan iqtisadi, siyasi, hərbi gücünə görə, regionun lider ölkəsinə çevrilib. Bu, Ümummilli Lider Heydər Əliyevin siyasətini ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Hesab edirəm ki, imzalanmış bu Sərəncam ölkənin təhsil və elminin gələcək inkişafına da öz müsbət təsirini göstərəcək. Bu Sərəncam ölkə ictimaiyyəti, o cümlədən, ziyalılar tərəfindən də müsbət qarşılanıb. Mən elm və təhsilə bağlı olan bir şəxs kimi qeyd etmək istəyirəm ki, bu gün ölkə rəhbərliyi tərəfindən hər bir sahəyə olduğu kimi, elm və təhsil sahəsinə də diqqət və qayğı göstərilir. Azərbaycanda yüzlərlə təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri, eyni zamanda, Prezident yanında Elmin İnkişafı Fondunun yaradılması dediklərimizin təsdiqidir. Heç şübhəsiz ki, respublikamız daha da inkişaf edəcək və ölkəmizin adı inkişaf etmiş ölkələrin cərgəsində duracaq. Prezident İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında imzaladığı Sərəncam bu sahədə aparılan işlərə bir təkan rolunu oynayır.
GÜLYANƏ,
ANAR