PDF Oxu

Sosial

  • 12

Azərbaycanda ordu quruculuğu möhkəmləndirilir

Azərbaycanda ordu quruculuğu möhkəmləndirilir

Yola saldığımız 2011-ci il respublikamızda bir sıra uğurla yadda qalıb. Ötən il də əsas diqqət ordumuzun gücləndirilməsinə yönəldilib. Torpaqlarımızın 20 faizinin hələ də işğal altında olması ordumuzun günü-gündən güclənməsini zəruri etdiyindən, dövlət daim hərbi sahəyə diqqəti artırır. Bu il də ölkəmizin əldə etdiyi iqtisadi uğurlar hərbi sahəyə daha çox diqqət ayırmağa imkan verib. Artıq Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən xeyli çoxdur. Hazırda iki ölkənin silahlı qüvvələrinin sayı və gücü də müqayisə edilməyəcək dərəcədə fərqlidir. Bir sözlə, hazırda Azərbaycan və Ermənistan silahlı qüvvələrini heç bir sahədə müqayisə etmək mümkün deyil. Çünki bu gün ordumuz müasir standartlara uyğun təlim-tədris mərkəzinə, hərbi akademiyaya, bütün qoşun növləri üzrə hərbi məktəblərə malikdir. Bu cür hərbi mərkəzlər Ermənistanda yox dərəcəsindədir. Onlar hazırda Rusiya hərbi məktəblərini bitirən azsaylı kadrlardan yararlanır. Respublikamız isə NATO ilə sıx tərəfdaşlıq edir və bu istiqamətdə işlər davam etdirilib.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Aydın Mirzəzadə "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, bu gün ordunun texniki təminatı ilə yanaşı, şəxsi heyətin sosial problemlərinin həlli istiqamətində də ciddi addımlar atılır: "Hərbçilərin sosial müdafiəsini gücləndirmək istiqamətində işlər daim yüksələn xətlə davam etdirilir. Bu gün orduya diqqət ordunun texniki təminatı ilə yanaşı, şəxsi heyətin sosial problemlərinin həlli istiqamətində çox ciddi addımların atılması ilə müşayiət olunur. Zabit və gizirlərin məvacibi vaxtaşırı artırılır, məqsəd də hərbi qulluqçuların məvaciblərini ölkədə ən yüksək maaşlar kateqoriyasına yaxınlaşdırmaq və bunu ötüb keçməkdir".

Millət vəkili A.Mirzəzadənin sözlərinə görə, hərbi sənayemiz də gündən-günə inkişaf edir: "Azərbaycanda 20-dən çox hərbi müəssisə və hərbi zavod fəaliyyət göstərir, 30-dan çox istehsal sahəsi yaradılıb. Ölkəmizdə ən müasir texnikaların istehsalı ordunun texniki təminatının da daim dövlət rəhbərliyinin ciddi nəzarətində olmasını göstərir. Söhbət yalnız sadəcə təminatdan deyil, həm də ən müasir təminatdan gedir və bu məsələdə Azərbaycanın heç bir problemi yoxdur.Bu yaxınlarda Ermənistan da özünün hərbi paradını keçirdi. Ancaq bu parad sadəcə gülüş doğurdu. Dünyanın heç bir yerində tankın avtomobil qoşqusunda meydandan keçirilməsi görünməmişdi. Hörmətli Prezidentimizin bildirdiyi kimi, ya onların yanacağı yoxdur, ya da texnikaları işləmir. Bu gün Azərbaycan ordusu ilə Ermənistan ordusunu qətiyyən müqayisə etmək mümkün deyil. Artıq Ermənistan generaliteti də ölkəsində ordunun Azərbaycan ordusundan qat-qat geri qaldığını dəfələrlə etiraf edibdir və bundan ciddi narahatlıq hissi keçirir. Bir sözlə, bu gün ordu məsələsi Azərbaycanın, həqiqətən də, çox ciddi dövlətçilik məsələsidir və müvafiq istiqamətdə Azərbaycan bundan sonra da önəmli addımlar atacaq".

Politoloq Mübariz Əhmədoğlu "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, tarixən hansı dövlət iqtisadi cəhətdən güclüdürsə, onun imkanları necədirsə, buna uyğun da ordu saxlayır: "Azərbaycan isə regionun ən güclü dövlətidir. Həm iqtisadi, həm də siyasi cəhətdən Azərbaycan qonşularını qabaqlayıb. İqtisadi gücünə müvafiq olaraq Azərbaycan öz Silahlı Qüvvələrini möhkəmləndirir. Azərbaycan Ordusu son illər böyük inkişaf yolu keçib. Azərbaycanın digər güc strukturlarını da nəzərə alsaq, ölkəmizin hərbi gücü digər ölkələrlə müqayisə edilməyəcək qədərdir. Cənubi Qafqazın hazırda ən güclü ordusu Azərbaycan Silahlı Qüvvələridir. Müharibə başlayarasa, vəziyyət daha da aydınlaşacaq".

M.Əhmədoğlu hesab edir ki, 2012-ci il Ermənistanın hərbi imicinin dağılması prosesinin başlanğıcıdır: "Ermənistanda bu vaxta qədər iqtisadiyyatda və cəmiyyətdə böyük problemlər mövcud idi, amma ölkə hakimiyyəti ordunu daxili və xarici resurslar hesabına qoruyub saxlaya bilmişdi. Lakin bu resurslar artıq tükənməyə başladığından ordunun imicinin də dağılma prosesi başlayıb".

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Orucun sözlərinə görə, Azərbaycan Ordusu son illər böyük bir inkişaf yolu keçib: "Hərbi sahədə də aparılan islahatlar il ərzində davam etdirilib. Nəticədə geniş formada beynəlxalq əməkdaşlıq qurulub. Azərbaycanda hərbi təhsil modelləri işlənib hazırlanıb. Minlərlə hərbçi kurslara cəlb edilərək öz bilik və bacarıqlarını artırıblar. Həmçinin, ordumuz beynəlxalq təhlükəsizlik və sülhyaratma əməliyyatlarında iştirakını davam etdirib. NATO-nun təlim və standartlara uyğun aparılan islahatlar nəticəsində Azərbaycanda çevik və peşəkar ordu formalaşdırılıb. Orduya ayrılan vəsaitin ildən-ilə artırılması ordunun silah və texnika ilə təchizatına imkan yaradıb. Ölkə başçısının dediyi kimi Azərbaycan Ordusu ölkəni hər bir təhlükədən qoruya biləcək".

Z.Oruc Azərbaycan Ordusunun öz üzərinə düşən missiyanı yerinə yetirəcəyinə inanır: "Hazırda ordumuz dostların sevincəyi, düşmənin isə kədərlənəcəyi bir vəziyyətdədir. Bu gün silahlı qüvvələrimiz istər vətəndaşların, istərsə də dövlət başçısının ordunun üzərinə qoyduğu tapşırıqları yerinə yetirməyə hazırdır. Ona görə də, bütün bunlar onu göstərir ki, Ermənistan yaxın müddətdə işğal olunmuş ərazilərdən çıxmağa məcbur olacaq və ya buna məcbur ediləcək. Ölkə başçısının qətiyyətli mövqeyi və həyata keçirdiyi uğurlu siyasət bunu söyləməyə tam əsas verir".


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər