PDF Oxu

Sosial

  • 6

Mətbuat Şurası 2011-ci ildəki fəaliyyətinə həsr olunmuş hesabat konfransı keçirdi

Mətbuat Şurası 2011-ci ildəki fəaliyyətinə həsr olunmuş hesabat konfransı keçirdi

Dünən Mətbuat Şurası 2011-ci ildəki fəaliyyətinə həsr olunmuş hesabat konfransı keçirdi. Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransda çıxış edərək, bildirdi ki, 2011-ci ildə Azərbaycan Mətbuat Şurasının başlıca fəaliyyət istiqamətləri daxil olan şikayət və müraciətlərin araşdırılması, qərar və rəylərin qəbulu, "Reket jurnalistika"ya qarşı mübarizə tədbirləri, diffamasiya təşəbbüslərinin reallaşdırılması, "Diffamasiyadan müdafiə haqqında" qanun layihəsinin hazırlanması, Prezidentin fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşdırılması, media sahəsində layihələrin həyata keçirilməsi, konfrans, seminar və dəyirmi masaların təşkili və beynəlxalq əməkdaşlıq olub.

MŞ-nin sədrinin sözlərinə görə, 2011-ci ildə İdarə Heyəti müxtəlif KİV-lərdəki şikayət motivlərini əsas götürən 33 qərar və 1 xüsusi rəy çıxarıb ki, bunlardan 24-də şikayətlər üzrə komissiyanın, 10-da "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının rəylərinə istinad edilib: "MŞ-nin İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 9-a xəbərdarlıq edilməsini nəzərdə tutub. 15 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 9 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının "qara siyahı"sına salınmasını, 1-i isə yenidən siyahıya qaytarılmasını nəzərdə tutub".

Ə.Amaşov 2011-ci ildə quruma daxil olan şikayətlərin bir hissəsinin bölgələrin payına düşdüyünü də söylədi: "Əvvəllər şikayətlərin hamısı Bakıdan olurdusa, artıq Mətbuat Şurasına 48 rayon və şəhərdən qəzetlərlə bağlı şikayətlər daxil olub".

Şura sədri, həmçinin, 2011-ci ildə "Diffamasiyadan müdafiə haqqında" qanun layihəsinin ilk müzakirəsinin də keçirildiyini vurğuladı. Ə.Amaşov söylədi ki, Mətbuat Şurası 2011-ci ildə Prezidentin fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşdırılması, media sahəsində layihələrin həyata keçirilməsi istiqamətində də müvafiq işlər görüb: "Ötən il medianın dil xüsusiyyətləri də MŞ-nin diqqət mərkəzində olub".

"Mətbuat Şurasının "qara siyahı"sında 89 KİV-in adı var" sözlərini deyən Ə.Amaşov qeyd edərək bildirdi ki, MŞ İdarə Heyətinin müvafiq qərarları ilə 2011-ci ildə 7 nəşrin üzərindən "reket nəşr" adı götürülüb və onlar "qara siyahı"dan çıxarılıb: "Mətbuat Şurası 2011-ci ildə "reket jurnalistika"ya qarşı mübarizəni 2 əsas istiqamətdə aparıb. Bunlardan birincisi "reket nəşr"lərin elan olunması, adlarının ictimaiyyətə çatdırılması, ikincisi, onlara qarşı ictimai qınağın fəallaşdırılmasıdır. Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Şuranın Şikayətlər üzrə Komissiyasının və "Reket jurnalistikaya" qarşı Mübarizə Komissiyasının təqdimatı əsasında il ərzində 4 dəfə "reket nəşr"lərin adlarını açıqlayıb. Mətbuatın "qara siyahı"sı tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib".

Ə.Amaşovun sözlərinə görə, "reket nəşr"lərə qarşı ictimai qınağın fəallaşdırılması məqsədilə ölkədə fəaliyyət göstərən mətbəələrə və yayım firmalarına məktublar göndərib: "Həmin məktublarda bildirilib ki, "qara siyahı"dakı KİV-lə bağlı tədbirin görülməsində həmin KİV-in "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na məhəl qoymamaları, etik prinsiplər və peşə əxlaqı ilə bir araya sığmayan hərəkətlərə yol vermələri, barələrindəki qərar və rəylərdən, tövsiyə və iradlardan nəticə çıxarmamaları əsas götürülüb. Həmçinin, KİV-lə əməkdaşlıq qurularkən bu faktların nəzərə alınması tövsiyə edilib".

"Ötən il Azərbaycan Mətbuat Şurasına, ümumilikdə, 651 müraciət daxil olub" fikrini söyləyən Ə.Amaşov bu müraciətlərdən 295-i ayrı-ayrı vətəndaşlardan, 196-sı dövlət idarə, müəssisə və təşkilatlarından, 74-ü özəl müəssisələrdən, 48-i ictimai qurumlardan, 29-u yerli özünüidarəetmə orqanlarından, 9-u isə siyasi partiyalardan daxil olduğunu bildirdi: "651 müraciətdən 499-u kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Şura Katibliyi həmin şikayətlərlə bağlı cavabdeh və şikayətçi tərəfləri şuraya dəvət edib. Bu mərhələdə 301 məsələ katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 198 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib. 2011-ci ildə Şuraya daxil olan şikayətlərin 198-i komissiyalarda araşdırılıb. Bunlardan 128-i şikayətlər üzrə komissiyada, 54-ü "Reket jurnalistikasına" qarşı Mübarizə Komissiyasında, 7-si mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasında, 9-u sosial komissiyada araşdırılıb. Yerdə qalan 152 müraciətdən 89-u Mətbuat Şurasının "qara siyahı"sında olan KİV-lə bağlıdır".

Ə.Amaşov jurnalistlərin şəhərdaxili nəqliyyatdan pulsuz istifadə etməsi məsələsinə də toxundu: "Şəhərdaxili nəqliyyatdan pulsuz istifadə üçün hər kütləvi informasiya vasitəsindən 10-a qədər əməkdaş vəsiqə ilə təmin olunsa, problemi müəyyən zaman çərçivəsində həll etmək olar. Mətbuat nümayəndələrinin şəhərdaxili nəqliyyat vasitələrindən pulsuz istifadəsi məsələsi çoxdandır Mətbuat Şurasının gündəmindədir. Bununla bağlı dəfələrlə müvafiq qurumlarda müzakirələr aparılıb. Xarici ölkələrdə jurnalistə işlədiyi redaksiya tərəfindən mənzilin verilməsi, nəqliyyatla təmin olunması kimi təcrübələr var. Əsasən iqtisadi baxımdan güclü nəşrlərdə belə hallar olur. Təəssüf ki, Azərbaycanda belə təcrübə yoxdur. Çünki redaksiyaların maliyyəsi yetərincə deyil. Bir vaxtlar bəzi qrup insanlar nəqliyyatdan pulsuz istifadə edirdilər və jurnalistlər də həmin qrupa daxil idi. Son illərdə isə bu güzəştlər götürüldü".

Şura sədri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rəhbərliyi ilə bu barədə müzakirələrin aparıldığını da diqqətə çatdırdı.

Tədbirdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurası haqqında qanunun qəbul olunmasının vacibliyini söylədilər. Bildirdilər ki, Mətbuat Şurası haqqında qanun qəbul olunmalıdır. O qanunda "reket qəzet"lərin - "qara siyahı"ya salınan nəşrlərin müvəqqəti bağlanması, fəaliyyətinin məhdudlaşdırılması, bu məsələlərlə bağlı məhkəməyə və ya Ədliyyə Nazirliyinə müraciət edilməsi üçün Mətbuat Şurasına səlahiyyət verilməlidir.

Həmçinin, tədbirdə vurğulandı ki, Mətbuat Şurasının fəaliyyətinin 30 faizi "reket qəzet"lərlə mübarizəyə həsr olunub. Bu qəzetlər həm mətbuata, həm də jurnalist adına ləkə gətirirlər. İnsanları qəzetlərdən narazı salmaqla digər qəzetlərin satışının qarşısını alır. Onlar şəxslərin şərəf və ləyaqətini ictimai şəkildə təhqir edirlər. Çıxış edənlər Mətbuat Şurasının fəaliyyətini qənaətbəxş hesab etdilər.

Sonda Mətbuat Şurası səyyar qəzet satışının lisenziyalaşdırılmasına kömək göstərməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanladı.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər