PDF Oxu

Sosial

  • 7

“Rusiya Ermənistana təsir  etmək üçün konkret rıçaqlara malik olan ölkədir”

“Rusiya Ermənistana təsir etmək üçün konkret rıçaqlara malik olan ölkədir”

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə yanvar ayında Soçi şəhərində Azərbaycan-Ermənistan prezidentlərinin növbəti görüşü keçirilməsi planlaşdırılır. Bu görüşdən hansısa nəticələrə ümid etmək olarmı? Bu və ya digər siyasi proseslərin düzgün analizi üçün politoloq Hikmət Babaoğluna üz tutduq. Həmin müsahibəni təqdim edirik.

- Hikmət müəllim, Azərbaycan-Ermənistan prezidentlərinin yanvar ayının 23-24-də Soçidə nəzərdə tutulan görüşündə hər hansı bir razılaşmanın əldə olunacağı gözlənilirmi?

-Rusiya prezidentinin təşkilatçılığı ilə Azərbaycan-Ermənistan prezidentlərinin arasında keçirilən görüşlər artıq ənənə halını alıb. Əlbəttə, Azərbaycan tərəfi Dağlıq Qarabağ probleminin həlli üçün atılan bütün addımlara müsbət reaksiya verir, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün bütün mümkün cəhdləri məqbul hesab edir. Hazırda bir neçə istiqamətdə görüşlər aparılır. Rusiyanın bu problemin həllində iştirakı və təşəbbüsü çox önəmlidir. Çünki Rusiya həm ATƏT-in həmsədr ölkələrindən biri, həm regionda böyük nüfuza malik, həm də Ermənistana təsir etmək üçün kokret "rıçaqları" olan ölkədir. Rusiya Federasiyası bu gün bütün qüdrəti və gücü ilə, istəsək də - istəməsək də mövcuddur və regionda baş verən bütün hadisələrə təsir edə biləcək gücə malikdir. Bütün bunları nəzərə alaraq, prezidentlərin görüşünün keçirilməsi üçün təşəbbüsün məhz Rusiya tərəfindən gəlməsi və bu görüşlərə Rusiyanın ev sahibliyi etməsi, hesab edirəm ki, problemin həlli üçün ən real platformadır. Hər hansı mümkün, xəyali, real və ya başqa platformalarda müzakirə olunduğu təqdirdə, Dağlıq Qarabağ məsələsinin həll olunması o qədər da konkret görünmür. Mən əminəm ki, Rusiya Federasiyasının istədiyi anda bu problem həll ediləcək. Amma əsas məsələ burasındadır ki, Rusiya artıq tələsməlidir. Hələ ki, beynəlxalq və regional, siyasi və hərbi şərtlər buna imkan verir. Qloballaşan dünyada çox sürətli ictimai-siyasi, iqtisadi və hərbi proseslər baş verir. Bu da region dövlətlərinin məsələyə mövqeyinin zamanla dəyişməsinə səbəb olur. Ona görə də, Rusiya şəraitin ona verdiyi şansdan istifadə edərək, Dağlıq Qarabağ probleminin həlli üçün əlindən gələni etməlidir. Çünki problemin yaranmasında da, sonrakı illərdə davamında və bugünkü status-kvonun saxlanmasında da Rusiyanın rolu böyük olub. Rusiya, nəhayət, öz milli və dövlətçilik maraqlarını da düşünərək, bu problemi həll etməlidir. Cənubi Qafqazda sabitlik yaranması, təbii ki, Rusiya üçün də əhəmiyyətlidir. Ümumiyyətlə, heç bir dondurulmuş münaqişə sona qədər belə qalmır. Rusiya tərəfi çox yaxşı bilir ki, Azərbaycan öz ərazi bütövlüyündən və hüquqlarından imtina etməyəcək. Respublika Prezidenti də bu barədə prinsipial mövqeyini dəfələrlə bəyan edib. Belə olan halda, Cənubi Qafqazda siyasi sabitliyin pozulması istər-istəməz Şimali Qafqaza da öz təsirini göstərər və bu qeyri-sabitlik Rusiyanın içərilərinə doğru irəliləyə bilər.

-Sizcə, Medvedev hakimiyyəti Putinə ötürməzdən əvvəl dünyada tarix yazan prezident olduğunu Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqla göstərə bilərmi?

-Ümumiyyətlə, siyasət populizmi sevmir. Rusiya kimi ciddi dövlətçilik ənənəsi formalaşmış bir dövlətdə hər hansı prezidentin bu cür populist cəhdləri olacağına inanmıram. Rusiyada mövcud olan dövlət institutları regionda baş verən prosesləri dərindən analiz edirlər. Ona görə də, indiki beynəlxalq şəraitdə Rusiya problemi həll etməkçün əlindən gələni etməlidir. Çünki Rusiya hazırda Şərqi Avropada ciddi nüfuza, iqtisadi, siyasi "rıçaqlara" sahib güclü ölkədir. Amma hadisələrin bu cür sürətlə cərəyan etdiyi bir vaxtda Rusiyanın eyni statusu qoruyub saxlayacağına, Çin-Rusiya, Amerika-Rusiya münasibətlərinin bu cür davam edəcəyinə heç kim zəmanət verə bilməz. Ona görə də, gələcəyi proqnozlaşdırmağın çətin olduğu bir vaxtda Rusiya bugünündən istifadə etməlidir.

-Hikmət müəllim, son dövrlərdə ABŞ və Qərb dövlətləri tərəfindən sıxışdırılan İran Dağlıq Qarabağ məsələsinin həlli üçün Ermənistana hər hansı bir təsir göstərə bilərmi?

-Biz İranın Ermənistana təzyiq göstərməsini istəmirik, istəsək də heç İran bunu etməz. Bunun də müəyyən səbəbləri var. Azərbaycanın İrandan umduğu tək şey heç olmasa Ermənistana kömək etməməsidir! Əgər adi iqtisadi əlaqələrini dondursaydı, bu gün Ermənistan əhalisinin sayı 1 milyon yarım deyil, 700-800 min olardı. Orada yaşayan əhalinin böyük əksəriyyəti İran vasitəsilə ərzaq, qida, geyim kimi tələbatlarla təmin edilir. Ona görə də bir az realist yanaşmaq lazımdır, siyasətdə idealizmə və romantizmə yer yoxdur! Bütün bunları nəzərə alaraq, İranın Azərbaycana kömək edərək Ermənistana təzyiq göstərməsini gözləmək sadəcə idealist düşüncə olardı! Lakin maraqlı bir fakt var. Bu yaxınlarda Türkiyədə səfərdə olan İran parlamentinin sədri Əli Laricani Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istədiklərini bildirdi. Məncə, İranın bu mövqeyi belə mövcud beynəlxalq hərbi-siyasi şərtlərlə bağlıdır. Yəni bu mövqe bir növ məcburiyyətdən doğub.

-Hikmət müəllim, iddialara görə Qərb-İran qarşıdurması yanvar ayının sonuna kimi müharibə ilə nəticələnə bilər. Bu halda, Azərbaycanı hansısa mənfi nəticələr gözləyər?

-Əvvəla, mən hələlik Qərb-İran müharibəsini proqnozlaşdırmıram. Artıq 2003-cü ildən İraq-Qərb müharibəsi başladığı dövrdən başlayaraq hər gün bu məsələ aktuallaşır, konkret vaxtlar qoyulur, lakin hər dəfə də bu iddiaların yanlışlığının şahidi oluruq. Ümumiyyətlə, İran çox ağıllı siyasət yeridir. Bu siyasət bizim arzuladığımız formada olmasa belə, öz dövlət maraqları nöqteyi-nəzərindən ağıllı siyasət yürüdürlər. Əgər belə bir müharibə baş verərsə, İran sona kimi öz prinsipial mövqeyini qoruyub saxlamayacaq. Çünki onlar Qərblə müharibəyə getməyin aqibətini təsəvvür edə bilirlər. Heç Qərb də belə bir iddiada deyil. Sadəcə, Qərb öz maraqlarını İranda yerinə yetirəcək yeni hakimiyyət formalaşdırmaq niyyətindədir.


GÜNAY MƏMMƏDOVA

Digər xəbərlər