Ötən ilin sonlarında dövlət başçısı İlham Əliyevin sərəncamı ilə uşaq bağçalarının Təhsil Nazirliyindən alınaraq icra hakimiyyətlərinə verilməsi bu sahənin inkişaf etdiriləcəyinə və çoxsaylı problemlərə nəhayət ki, son qoyulacağına ümid yaratdı.
Xatırladaq ki, sərəncama əsasən, uşaq bağçaları, körpələr evləri, uşaq evlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şərait yaradılmalıdır.
Məlumdur ki, ölkə ərazisində uşaq bağçaları ilə bağlı çoxsaylı problemlər mövcuddur. Kimi bağçalarda rüşvət hallarının olmasından, kimi uşaqlara verilən yeməklərin keyfiyyətsizliyindən, kimi tərbiyəçilərin savadsızlığından və uşaqlarla kobud davranmasından və s. narazıdır.
Problemlər sırasında ölkə ərazisində uşaq bağçalarının çatışmazlığı, özəlləşdirilmədən sonra bağçaların profilinin dəyişdirilməsi də var. Belə ki, respublika üzrə 83, o cümlədən Bakı şəhərində 47 məktəbəqədər müəssisə özəlləşdirilib. Ancaq özəlləşdirilən müəssisələrdən cəmi 7-si profili üzrə fəaliyyət göstərir. Onlardan 6-sı Bakı, 1-i isə Sumqayıt şəhərində yerləşir. Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin 80 faizi orta ixtisas təhsillidir. Ölkənin 30 faiz yaşayış məntəqələrində isə tamamilə bağça yoxdur.
Məktəbəqədər təhsil müəssisələri modernləşdirilməlidir
Bütün bu problemləri aradan qaldırmaq üçün icra strukturlarının qarşısında görüləsi xeyli işlər durur. Ekspertlər hesab edir ki, icra hakimiyyətlərinin başçıları uşaq bağçalarına xüsusi qayğı ilə yanaşsa, atılan bu addım müsbət nəticə verə bilər. Məktəbəqədər təhsil müəssisələrinin inkişafı üçün bu sahəyə dövlət büdcəsindən ayrılan maliyyənin artırılması, uşaqlara keyfiyyətli qidaların verilməsinin təmin olunması, yeni bağçaların tikintisi, bağçaların modernləşməsi, beynəlxalq təcrübədən yararlanma və.s addımlar uğurlu nəticəyə səbəb ola bilər.
Ancaq bağçaların Təhsil Nazirliyindən alınıb icra hakimiyyətlərinə verilməsindən sonra bu müəssisələrlə bağlı neqativ məlumatlar da səslənməyə başlanıb. Yayılan xəbərlərdə bağçalarda ərzaq qıtlığının yaranması bildirilir. Bu şayiələrin nə dərəcədə doğru olması və bağçaların inkişafı ilə bağlı perspektivdə görülməsi nəzərdə tutulan işlərlə maraqlandıq.
Ərzaq çatmazlığı ilə bağlı yayılan xəbərlər yalandır
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bağçalarda ərzaq paylanmasında problemlərin yaranması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir: "Uşaq bağçalarına lazımı səviyyədə ərzaqla təmin olunur. Ancaq bu müəssislərlə bağlı olan problemləri bir günün içində həll etmək qeyri-mümkündür. Bağçaların inkişaf etdirilməsi üçün qarşıya qoyulan məqsəd və vəzifələrin həyata keçirmək üçün icra hakimiyyəti orqanlarınıa vaxt lazımdır. Nəzərdə tutulub ki, bağçaları ərzaqla təmin etmək üçün ayrılan vəsait 2 dəfə artırılsın.
Eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşması istiqamətində də işlər görüləcək.
Hazırda Azərbaycan ərazisində olan 4 min yaşayış məntəqəsində 1800-ə yaxın bağça var. Bütün uşaqların məktəbdən əvvəl bağçaya getməsini təmin etmək üçün dövlət proqramına uyğun olaraq yerlərdə bağçalar da tikilir".
Yeniliklə əlaqədar bağçaların ciddi şəkildə yoxlanması da nəzərdə tutulub. Nöqsan aşkarlanan bağçalarla bağlı tədbirlərin görülməsi gözlənilir.
Bağçaların Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq yerli icra hakimiyyəti orqanlarına verilməsi məktəbəqədər təhsil müəssislərinin rəhbərlərinin sevincinə səbəb olub. Məsələ ilə bağlı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə apardığımız sorğu zamanı məlum oldu ki, Prezidentin məlum sərəncamından sonra müsbət tərəfə yeniliklər gözləyirlər.
Bağçalarla bağlı ədalətsizlik bərpa olunacaq
"XXI əsr" Təhsil Mərkəzinin sədri, təhsil məsələləri üzrə ekspert Etibar Əliyev isə bildirdi ki, dövlət bağçasının bu sərəncamı məktəbəqədər təhsildə olan problemlərdən çıxış yolu olacaq: "İcra hakimiyyətlərinin qarşısında çoxsaylı işlər durur. Düşünürəm ki, bu sərəncamdan sonra özəlləşdiriləndən sonra profili dəyişdirilən bağçalarla bağlı ədalətsizlik bərpa olunacaq. Bununla belə bu sektora nəzarət etmək üçün Bakı şəhər İcra Hakimiyyətində yeni struktur formalaşacaq ki, təkmilləşmiş tərbiyə prosesini qura bilsin. Bakı Şəhər İcra Hakimiyyəti bağçaların maddi-texniki bazalarını yaxşılaşdırmalı, təmir məsələləri, bağçaların özəlləşdirilərkən onlardan alınmış ərazilərin geri qaytarılması və s. işləri də həyata keçirəcəyi gözləniləndir. Hesab edirəm ki, islahatlar üçün bağçaların müəllim kontingentinə də baxılmalıdır. Aparılan islahatlardan sonra bağçaların təkmilləşəcəyinə inanırıq".
Mirvari Kamilqızı