Yanvarın 13-də Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının VII konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Daha sonra konfrans rayon mədəniyyət sarayında işini davam etdirib. Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında məruzə ilə çıxış edib. D.İbramxəlilov bildirib ki, YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır. Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox mühüm uğurlar qazanıb.
D.İbramxəlilov ötən dövrdə həyata keçirilən tədbirlər haqqında da ətraflı məlumat verib. Tədbirdə daha sonra rayon təşkilatının Nəzarət-Təftiş qrupunun üzvü İkram Tumarxanov çıxış edib. O Nəzarət-Təftiş qrupunun hesabat dövrü ərzindəki fəaliyyəti haqqında məlumat verib. Konfrans nümayəndələrindən Niftəli Fərzəliyev, Kəmalə Qılıçova və Elvira Poladxanova çıxış edərək hesabat dövründə YAP Qusar rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Tədbirdə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Komitə sədri Eldar İbrahimov çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 19 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Onun sözlərinə görə, YAP ölkəmizin ən böyük siyasi qüvvəsidir. E.İbrahimov qeyd edib ki, partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlarda özünün böyük töhfələrini verib. YAP Siyasi Şurasının üzvü müstəqillik illərində Azərbaycanın bütün sahələrinin inkişaf etdiyini, o cümlədən, iqtisadiyyat sahəsində əhəmiyyətli nailiyyətlər qazanıldığını vurğulayıb. Konfransın işində iştirak edən Milli Məclisin üzvləri İlham Əliyev, Azər Badamov və Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək YAP rayon təşkilatına yeni -yeni nailiyyətlər arzulayıblar.
Daha sonra konfransın qərar layihəsi qəbul edilib və rayon təşkilatının fəaliyyəti qənaətbəxş hesab olunub.
Konfransda daha sonra təşkilati məsələlərə baxılıb. David İbramxəlilov yenidən YAP Qusar rayon təşkilatının sədri seçilib. Həmçinin, rayon təşkilatının yeni tərkibdə şura və idarə heyəti də müəyyənləşdirilib. Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.