PDF Oxu

Sosial

  • 11

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməkdədir

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməkdədir

Son illər ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. Respublikamız iqtisadi inkişaf tempinə görə nəinki regionda, o cümlədən, MDB məkanında lider mövqeyə malikdir. İqtisadçı-ekspert Vüqar Bayramov "Səs" qəzetinə müsahibəsində vurğuladı ki, Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf etmişdir və bu inkişafın göstəricisidir ki, dünyada baş verən maliyyə böhranı ölkəmizə təsir etmədi.


"ÖLKƏMİZDƏ İQTİSADİ İNKİŞAF TEMPİ QORUNUB, SAXLANMIŞDIR"


- Vüqar müəllim, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafını necə xarakterizə edərdiniz?

- İlk öncə, onu qeyd edim ki, Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf etmişdir. Ötən ilin iqtisadi baxımdan xarakterik cəhətlərindən biri də ondan ibarətdir ki, dünyada maliyyə böhranın müşahidə edilməyinə baxmayaraq, bu böhran ölkəmizdə hiss olunmadı. Ötən ilin mühüm iqtisadi nailiyyətlərindən biri də ondan ibarətdir ki, iqtisadiyyatda inkişaf tempi qorunub saxlanmışdır. Həmçinin, 2011-ci ildə dövlət gəlirləri sahəsində də ölkəmiz heç bir problem yaşamadı və iqtisadiyyatımız öz sabitliyini qoruyub saxladı.


"AZƏRBAYCAN DÖVLƏTİNİN ƏSAS MƏQSƏDİ REGİONLARDA SAHİBKARLIĞIN İNKİŞAFINA NAİL OLMAQDIR"


- SKMF tərəfindən ötən il verilən kreditlərin 75 faizi regionların, 25 faizi isə Bakı qəsəbələrinin payına düşüb. Bu cür kreditlərin verilməsi regionların inkişafına nə kimi təsir göstərir?

- Dövlət tərəfindən kreditlərin verilməsi sahibkarların fəaliyyətinə müsbət təsir göstərən amillərdəndir. Qeyd edim ki, SKMF tərəfindən son üç ildə müasir texnologiyalara əsaslanan 185 layihəyə 313,3 mln. manat güzəştli kredit vəsaiti verilmişdir. Bu, Azərbaycanda sahibkarlığın inkişafına təsirsiz ötüşmür. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda sahibkarlıq inkişaf etməkdədir. 2011-ci ildə sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və bu kreditlərin regionları əhatə etməsi olduqca vacib və müsbət amillərdən hesab olunur. Çünki bu gün paytaxt Bakıda sahibkarlığın inkişafı ilə bağlı heç bir problem yoxdur. Azərbaycan dövlətinin əsas məqsədi paytaxtla yanaşı, regionların inkişafına nail olmaqdır. Regionlarda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində uğurlu addımlar atılmaqdadır. Qeyd etmək lazımdır ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki Dövlət Proqramı qəbul edilib və bu proqramların icrası nəticəsində Azərbaycan regionları sürətlə inkişaf etmişdir.


"AZƏRBAYCANDA QEYRİ-NEFT SEKTORU İNKİŞAF ETMƏKDƏDİR"


- Prezident İlham Əliyevin ölkəmizdə üzümçülüyün inkişafı ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncamı bu sahənin, ümumilikdə, aqrar sektorun inkişaf etməsinə nə cür təsir göstərəcək?

- İlk öncə, onu qeyd edim ki, dövlətin diqqət və qayğısı nəticəsində aqrar sektor inkişaf etməkdədir. Bildiyiniz kimi, bu sektorun inkişafı ölkə üçün əhəmiyyətli hesab olnur. Eyni zamanda, üzümçülük də kənd təsərrüfatının ənənəvi sahələrindən hesab olunur. SSRİ dövründə Azərbaycanda üzümçülük ən inkişaf etmiş sektor idi. Nəzərə alaq ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı prioritet məsələ hesab olunur və Azərbaycanda qeyri-neft sektoru inkişaf etməkdədir . Ölkəmizdə ixrac məhsulu kimi tanınan üzümçülüyün inkişafı da proretet məsələdir. Bu baxımdan üzümçülüyün inkişafı ilə bağlı dövlət proqramının təsdiq edilməsi mühüm hadisədir. Bu sahəyə dövlət tərəfindən diqqətin ayrılması müsbət qiymətləndirilməlidir. Bu, həm kənd təsərrüfatının ÜDM-də payının artmasına səbəb olacaq, həm də fermerlərin diqqətini üzümçülük sahəsinə yönəldəcək. Bunun da nəticəsində fermerlərin gəlirləri artacaq. Bu, qeyri-neft sektorunun inkişafına da öz müsbət təsirini göstərəcək.

ANAR MƏCİDZADƏ

Digər xəbərlər