Azərbaycana böyük uğur gətirən "Eurovision-2011" Mahnı Müsabiqəsi ölkənin ictimai, siyasi və mədəni həyatında hadisəyə çevrildi. Bu uğur dünya ölkələrin də diqqətindən kənarda qalmadı. Artıq süqut etmiş SSRİ-nin keçmiş respublikalarından olan Azərbaycan belə möhtəşəm mahnı yarışında dördüncü dəfə iştirak etməsinə baxmayaraq, qibtə ediləcək dərəcədə böyük uğura imza atdı. Beləliklə də, Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə "Eurovision" Mahnı Müsabiqəsinin qaydalarına əsasən, qalib ölkənin növbəti ildə yarışmanı keçirmək hüququnu qazanması Azərbaycana nəsib oldu.
Avropa ölkələrini əhatə edən bu müsabiqənin dünya miqyasında oxşarı belə yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, "Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir." Bəli, bu uğur "Eurovision-2011" Mahnı Müsabiqəsi tarixində Azərbaycan öz sözünü demiş oldu. Azərbaycan artıq bir çox sahələrdə, xüsusilə də, idmanda qələbələrə imza atmışdır. Bir çox görkəmli sənətkarlarımız, gənclərimiz milli muğamlarımızı, xalq mahnılarımızı, caz musiqimizi, milli mədəniyyətimizi vətənin hüdudlarından kənarda layiqincə təmsil etmişlər. Lakin estrada musiqisi ilə belə möhtəşəm qələbəyə imza atan olmamışdı. Bu sahədə qələbə bizim oldu.
Belə bir möhtəşəm layihənin ölkəmizə gətirilməsi dövlətimiz üzərində böyük bir məsuliyyət qoymuş oldu. Hər zaman qələbələrə imza atan Azərbaycan bu yarışmada yüksək səviyyədə ölkələri qəbul etməyə, demək olar ki, artıq hazırdır. Prezident İlham Əliyevin məlum Sərəncamına əsasən, Bakı şəhərində yaradılan "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsi fəaliyyətini genişləndirib. Təşkilat Komitəsinin sədri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən atılan addımlar bu müsabiqənin ən yüksək səviyyədə təşkilinə yönəlib. Paytaxtımızda müəyyən işlər görülməkdədir. Artıq Azərbaycanda keçiriləcək "Eurovision-2012"nin konsepsiyası təsdiq olunub. Təşkilat Komitəsinin məlumatına əsasən, "Eurovision" Mahnı Müsabiqəsinin konsepsiyası hər il ev sahibi ölkə tərəfindən yenilənərək buna uyğun şüar və simvol hazırlanır. Ənənəvi olaraq şounun konsepsiyasını özündə əks etdirən şüar və simvol "Eurovision" Mahnı Müsabiqəsinin əsas loqosuna əlavə edilir. Hər iki element müsabiqənin keçirildiyi ölkəyə aid olmaqla yanaşı, həm də "Eurovision" layihəsinin mahiyyətinə uyğun seçilməlidir. Şüarın və vizual elementin iştirakçılarda və televiziya tamaşaçılarında müsbət emosiya yaratması da vacibdir. Bütün bu prinsiplərin əsasında hazırlanan "Eurovision -2012" Mahnı Müsabiqəsinin şüar və simvolu Azərbaycana məxsus dəyərləri özündə əks etdirir.
"Eurovision"un təşkilatı məsələlər üzrə direktoru Sietse Bakkerin sözlərinə görə, bütün hazırlıq qrafikə uyğun şəkildə, vaxtı-vaxtında həyata keçirir.
Azərbaycan bu müsabiqənin keçirilməsi ilə bağlı dəqiq müstəvilər götürüb. Bu yarışmanın yüksək səviyyədə keçirilməsi üçün rəsmi Bakı dövlət səviyyəsində addımlar atmaqdadır. Bu, Azərbaycanın keçdiyi tarixi yolu, mədəniyyəti, adət-ənənəni göstərmək qeyri-xalqlara təqdim etmək üçün vasitədir. Elə Azərbaycanda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsinə tamaşa etməyə gələcək qonaqlar üçün hazırlanan atlas da bu görülən işləri məntiqi davamıdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən atlası hazırlamaqda məqsəd müsabiqəni izləməyə gələn xarici vətəndaşların Bakıda sərbəst hərəkət etmələrinə şərait yaratmaqdır.
Azərbaycanın səhiyyə sistemində də "Evrovision-2012" Mahnı Müsabiqəsi ilə bağlı hazırlıq işləri aparır. Artıq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından həkimlər ingilis dilində kurs keçməyə başlamışdır. İşçilərin siyahısında artıq ingilis və alman dillərini bilənlər də var. Beləliklə, artıq tibbi mərkəzlərdə ingilis dilini 150 həkim və tibb işçisi bilir. "Evrovision" müsabiqəsi keçirilən günlərdə tibbi yardım briqadaları ictimai yerlərdə - müsabiqə ilə bağlı tədbirlərin keçirildiyi konfrans zallarında, eyni zamanda, otellərdə növbədə olacaqlar.
Adları aşkarlanan Sloveniya, Almaniya, Norveç, Finlandiya, İsveçrə, Avstriya, Ermənistan, Çexiya, Belçika, Macarıstan, Gürcüstan, Danimarka, Niderland, Slovakiya, Xorvatiya, İsveç və Estoniya və digər onlarla belə dövlətlərin Azərbaycanda keçiriləcək müsabiqədə iştirak edəcək təmsilçiləri və qonaqlar üçün lazımı şərait mövcuddur. Azərbaycanda sürətlə gedən iqtisadi inkişaf, aparılan islahatlar, həyata keçirilən irimiqyaslı layihələr paytaxtımıza gələcək qonaqların qarşılanmasına hazır vəziyyətdədir. Belə ki, Azərbaycanda iqtisadiyyatla yanaşı, turizm sektoruna da ayrılan diqqət bu sahə ilə bağlı olan mövcud məsələlərin həllində müstəsna rol oynayır. Azərbaycanda inşa olunan hotellər şəhərimizə gələn qonaqların sayından asılı olmayaraq qəbul etmək iqtidarındadır. Qətiyyətlə demək mümkündür ki, Bakıdakı hotellər artıq "Eurovision - 2012" Mahnı Müsabiqəsində iştirak etmək üçün Azərbaycanın paytaxtına gələcək qonaqları qəbul etməyə hazırdır. Artıq 500-dən artıq otel qonaqları qarşılamağa tam hazırdır.
Bakıya təşrif buyuracaq qonaqları böyük sürprizlər gözləyir. Hal-hazırda Bakı şəhərində "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə əlaqədar olaraq şəhərin bütün ərazilərində abadlıq işləri aparılır. Şəhərdə olan istirahət mərkəzləri, restoranlar, otellər, hava limanı da daxil olmaqla bütün obyektlər bu il müsabiqədə Bakıya gələcək qonaqları qarşılamağa tam hazırdır. Bir sıra layihələrin miqyasına görə Bakı bu il müsabiqədə ölkəyə gələcək turistləri və qonaqları təəccübləndirmək niyyətindədir. Şəhər daha çox qədim memarlıq və tarixi abidələri ilə qonaqların diqqətini özünə cəlb edəcək. EBU-nun baş direktoru "Eurovision-2012"yə bu hazırlıqlarına görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
NƏZAKƏT