Yanvarın 13-də "Yakındoğu" universitetinin (YDU) xəstəxanasında vəfat edən Şimali Kipr Türk Respublikasının (KKTC) yaradıcısı və sabiq prezidenti Rauf Denktaş dəfn edilib. SİA-nın məlumatına görə, mərhum lider Lefkoşa şəhərindəki "Cumhuriyyət" parkında dəfn edilib. Denktaşın son sözləri "Müstəqillik önəmlidir, Ana vətən Türkiyəyə güvənin" olub. Türkiyə mətbuatının yaydığı məlumata görə, Denktaş bunu son anlarında qızına deyib.
Dəfn mərasimində Türkiyə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, xarici işlər naziri Əhməd Davudoğlu, baş nazirin müavinləri Bəkir Bozdağ və Bəşir Atalay, maliyyə naziri Mehmet Şimşək, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəl, ana müxalifət - Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu, CHP-nin keçmiş lideri, 1974-cü ildə Kipr adasına ordu göndərən Türkiyə hökumətində nazir vəzifəsi tutmuş Dəniz Baykal, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı, digər siyasətçilər, millət vəkilləri, Şimali Kiprin prezidenti Dərviş Əroğlu və digər hökumət nümayəndələri, mərhumun ailə üzvləri, yaxınları, eləcə də sıravi vətəndaşlar iştirak edib.
Rauf Denktaş 1924-cü il yanvarın 27-də Kiprin Baf bölgəsində dünyaya gəlib. Atası hakim olan və 1.5 yaşında anası vəfat edən Denktaşa 6 yaşına qədər nənəsi ilə babası baxıb. Rauf Denktaş 1930-cu ildə təhsil üçün İstanbula göndərilib. İbtidai və orta məktəbi İstanbulda oxuyan R.Denktaş Kiprə qayıdaraq litseyi burada bitirib və II dünya müharibəsinin başa çatması ilə hüquq təhsili üçün İngiltərəyə gedib. Ali təhsilini bitirdikdən sonra bir müddət vəkillik edən R.Denktaş 1949-cu ildən işinə prokuror kimi davam edib. Eyni il Aydın xanımla ailə həyatı qurub. Denktaş 1948-ci il Kipr türklərinin təşkil etdiyi ilk mitinqdə Dr.Fazil Kiçik ilə natiq kimi iştirak edib. Adada türk icmasının liderlərindən olan Faiz Kaymak və Fazil Kiçik arasında vasitəçilik edib və daha sonra hər iki liderin də məsləhəti ilə Kipr Türk Qurumları Federasiyasının sədri seçilib. 1955-ci ildə "Enonis" (Kiprin Yunanıstana birləşdirilməsi) və EOKA (Milli Kipr Döyüşçüləri Hərəkatı) qarşısında Kipr türklərinin müqavimətinə istiqamət verən Denktaş 1958-ci ildə hökumətdəki vəzifəsindən istefa verib. Eyni il yoldaşları ilə birlikdə Türk Milli Müqavimət Hərəkatını yaratıb. 1958-ci ildə R.Denktaş Fazil Kiçiklə birlikdə Ankarada Türkiyənin xarici işlər naziri Fatin Rüşdü Zorlu ilə görüşdü. Bu görüşlər vaxtı Denktaş adaya türk hərbçilərinin göndərilməsi fikrini irəli sürüb. 1975-ci il fevralın 13-də Kipr Türk Federal dövlətinin elan edilməsindən sonra prezident və parlamentin spikeri olan Denktaş 1976-cı ildə keçirilən seçkidə prezident seçilib. 1981-ci ildə yenidən bu vəzifəyə seçilib. 1990-cı il aprelin 22-də və 1995-ci ildə prezident seçilən Denktaş 2005-ci ildə namizəd olmayaraq vəzifəsini Mehmet Əli Tələtə təhvil verib. Rauf Denktaş siyasətçi olmaqla yanaşı, həm də yazıçı və fotoqraf idi.