Dünən YAP Yasamal rayon təşkilatının VIII konfransı keçirilib. Konfrans iştirakçıları ilk öncə Fəxri Xiyabana gedərək, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və abidə önünə əklil, tər gül dəstələri düzüblər. Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının akt zalında davam edən konfransda millət vəkilləri, dövlət idarə, müəsissə və təşkilatlarının nümayəndələri, incəsənət xadimləri iştirak edib.
Konfrans Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra konfransı giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov tədbirin gündəliyini elan edib. Konfrans iştirakçıları gündəliyi təsdiq etdikdən sonra YAP Yasamal rayon təşkilatının sədri F.İsmayılov hesabat məruzəsi ilə çıxış edib. F.İsmayılov YAP Yasamal rayon təşkilatının hesabat dövründə üzvlük haqlarının yığılması, partiyaya qəbul, təsdiq olunmuş iş planına uyğun tədbirlərin keçirilməsi, nizam-intizamın gücləndirilməsi və rayonun ictimai-siyasi həyatında mövqeyini daha da gücləndirmək istiqamətində bir çox işlərin görülməsi olduğunu söylədi: "Bu gün YAP Yasamal rayon təşkilatında 155 ərazi ilk partiya təşkilatı 25 min nəfər partiya üzvünü özündə birləşdirir. Qeyd edim ki, ötən dövr ərzində ərazi ilk partiya təşkilatlarında partiya sıralarına qəbul dinamikası qənaətbəxş hesab olunmuşdur".
F.İsmayılov VII konfransdan ötən dövr ərzində YAP Yasamal rayon təşkilatında 51 iclasın keçirildiyini və bu iclasdan 12-nin təşkilatın ümumi iclası olduğunu diqqətə çatdırıb. O, təşkilatın 1996-ci ildən etibarən ənənəvi olaraq qaçqın və məcburi köçkünlərlə əlaqələr saxladığını, kimsəsiz ailələrin uşaqlarına pulsuz dərs ləvazimatları payladığını bildirib: "2000-ci ildən təhsildə fərqlənən 15 kimsəsiz uşağa təşkilat tərəfindən 40 manat məbləğində təqaüd verilib".
Konfransda təşkilatın nəzarət-təftiş qrupunun sədri Rəşid Nağıyev hesabat məruzəsi ilə çıxış etdi. Tədbirdə rayon təşkilatının gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev, rayon təşkilatı qadınlar şurasının sədri Tamilla Şahbazova, millət vəkili, BDU-nun rektoru Abel Məhərrrəmov və başqaları çıxış edərək, YAP rəhbərliyinin yürütdüyü siyasi kursdan bəhs etdilər, partiyanın Yasamal rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Konfransda YAP Yasamal rayon təşkilatının idarə heyətinin üzvü, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinin bundan sonra da uğurla davam edəcəyini bildirdi: "Yeni Azərbaycan Partiyasının da yürütdüyü strateji xətt həmin uğurlara hesablanıb. Bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyevin gördüyü hər bir iş öz monolitliyi və mükəmməlliyi ilə göz önündədir. Azərbaycan xalqı bundan sonra da öz sevimli Prezidentinin ətrafında sıx birləşərək, daha böyük uğurlara imza atacaq.
Sonra təşkilati məsələlərə baxıldı. YAP Yasamal rayon təşkilatının şura tərkibi, idarə heyəti və nəzarət-təftiş qrupu formalaşdırıldı. Fikrət İsmayılov yenidən YAP Yasamal rayon təşkilatının sədri seçildi.
Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarına müraciət qəbul olundu.
R.KAMALQIZI