PDF Oxu

Sosial

  • 8

Xalqın qanla yazılmış azadlıq tarixi

Xalqın qanla yazılmış azadlıq tarixi

Dünən YAP Kürdəmir rayon təşkilatının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir keçirildi. Tədbir iştirakçıları, ilk öncə, 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli bildirdi ki, bu günlər ölkənin hər yerində, eləcə də, rayonumuzda 20 Yanvar faciəsinin ildönümü geniş anım tədbirləri ilə qeyd olunur: "Rayonun bütün müəssisə, idarə və təşkilatlarında 20 Yanvar gününün Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin simvolu kimi qeyd edilməsi ilə əlaqədar yığıncaqlar, konfranslar, xatirə və anım tədbirləri keçirilir. Təhsil və mədəni-maarif müəssisələrində ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həsr olunmuş səhnəciklər, tamaşalar, bədii qiraətlər təşkil edilir. "Şəhidlər Xiyabanı", "20 Yanvar" park və abidəsi, kəndlərdəki şəhid məzarları ətrafında təmizlik və abadlıq işləri aparılır. Rayonun ümumtəhsil məktəbləri şagirdlərinin, məktəbəqədər təhsil müəssisələrinin, peşə liseyi və kollec tələbələrinin "20 Yanvar" abidəsi və Şəhidlər Xiyabanına ziyarətləri təşkil olunur. Mədəni-maarif müəssisələri və ümumtəhsil məktəblərində 20 Yanvar hadisələrinə həsr olunmuş foto-stendlər və rəsm əsərlərindən ibarət sərgi təşkil edilir. "20 Yanvar" şəhidlərinin xatirəsinə həsr olunmuş idmanın mini - futbol növü üzrə rayon turniri, yunan-Roma güləş növü üzrə açıq rayon birinciliyi keçirilir".

A.Kərimli, həmçinin, onu da vurğuladı ki, Azərbaycan xalqının azadlıq mübarizəsində, müstəqillik yolunda nümayiş etdirdiyi əzmdən qorxuya düşən sovet rəhbərliyi xalqımıza qarşı qanlı faciə törətdi: "Başda Qorbaçov olmaqla, xalqımıza qarşı düşmən mövqeyi seçənlər 1990-ci ilin 20 Yanvarında ağır texnika ilə silahlanmış sovet ordusuna günahsız və silahsız insanlarımızı qətlə yetirmək əmri vermişdilər".

Həmin müdhiş gecədə baş vermiş hadisələrin heç zaman Azərbaycan xalqının yaddaşından silinməyəcəyini vurğulayan A.Kərimli diqqətə çatdıraraq, vurğuladı ki, xalqımızı dar gündə qoyub qaçanları da yaxşı tanıyır: "Faciədən sonra o vaxtkı rəhbərlikdən bir nəfər belə olsun Moskvaya etirazını bildirmədi. Amma hər zaman Azərbaycan xalqının qəlbində yaşayan Ümummilli Liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, öz etirazını bildirmiş, faciəni törədənlərin cəzalandırılmasını istəmişdi. Sonradan Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət vermişdi".

A.Kərimli xalqımızın suverenlik uğrunda apardığı mücadilə öz nəticəsini verdiyini söylədi: "Uzun illər həsrətində olduğumuz müqəddəs arzuya, milli-azadlığa qovuşduq. 20 Yanvar faciəsinin 22-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə biz ötən illəri xatırlamalı, xalqımızın ağır sınaqlardan necə şərəflə çıxdığını iftixar hissi ilə qeyd etməliyik. Elə buradaca bildirməliyik ki, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, dövlətçilik məharəti, cəsarətli addımları sayəsində Azərbaycanda anarxiyanın, xaosun kökü kəsildi, sabitlik bərqərar oldu, Ermənistanla müharibədə atəşkəsə nail olundu, xalqımızın sınmış inamı özünə qaytarıldı, Azərbaycan fəlakət təhlükəsindən xilas olaraq sabit və rəvan yola qədəm qoydu. Lakin bütün bunlar asanlıqla başa gəlmədi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında dövlət çevrilişlərinin qarşısı mərdliklə alındı, ayrı-ayrı siyasi qruplara və şəxslərə xidmət edən müxtəlif silahlı dəstələr ləğv edildi, milli ordu yaradıldı və ordumuzda hərbi vətənpərvərlik, Vətənə və torpağa sədaqət, milli qürur hissi gücləndirildi".

Tədbirdə digər çıxış edənlər də bildirdilər ki, 20 yanvarda Azərbaycan xalqına vurulan zərbə, edilən təcavüz başları hakimiyyət uğrunda mübarizəyə qarışmış o vaxtkı Azərbaycan rəhbərlərinin təqsirkar əməlləri üzündən ört-basdır edildi, faciəyə siyasi qiymət verilməsi ləngidildi. Yalnız Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Onun təşəbbüsü və bilavasitə iştirakı ilə bu qanlı faciə araşdırıldı və öz qiymətini aldı. Keçirilən tədbirlərdə kürdəmirlilər 20 Yanvar faciəsinin Azərbaycanın tarixində həm matəm, həm də qəhrəmanlıq günü kimi qeyd olunduğunu deyərək şəhidlərin ruhuna hər il ehsan verəcəklərini bildiriblər.


RƏFİQƏ

Digər xəbərlər