PDF Oxu

Sosial

  • 11

İrəvan hansı şərtlərlə ermənilərə verilmişdi?

İrəvan hansı şərtlərlə ermənilərə verilmişdi?

"İrəvanın ermənilərə verilməsi tarixi zərurət olsa da qəbul edirik ki, bədbəxt hadisədir". Bu sözlər 1918-ci ildə may ayının 29-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən keçirilən Milli Şuranın iclasında səsləndirilib. Həsən bəy Ağayevin sədrliyi il toplanan iclasda gündəlikdə duran əsas məsələ Ermənistan-Azərbaycan münasibətləri, xüsusilə, İrəvanın mərkəz kimi ermənilərə verilib- verilməməsi idi.

Bu gün də Azərbaycanın qarşısında duran ən aktual məsələlərdən biri İrəvanın ermənilərdən alınaraq yenidən geri qaytarılmasıdır. Çünki vaxtilə ermənilərə icarəyə verilən İrəvanla bağlı müqavilənin müddəti başa çatmaq üzrədir. Beynəlxalq hüquq normalarına uyğun olaraq 2017 ci ildə - 99 ildən sonra İrəvanın Azərbaycana qaytarılması reallaşa bilər. Hazırda tarixçilər və politoloqlar arasında o zaman İrəvanın ermənilərə verilməsi ilə bağlı atılan addımların səhv və ya düz olması ciddi fikir ayrılıqları yaradır. Bəs əslində, 1918-ci ildə verilən bu qərarın qəbul edilməsinə səbəb nə idi. Tarixə qısa nəzər salsaq, görərik ki, 1918-ci ilin may ayının 29-da Milli Şuranın ikinci iclasında çıxış edən Baş nazir Fətəli Xan Xoyski məlumat verərək bildirib ki, Azərbaycan Milli Şurasının üzvləri ilə Erməni Milli Şurasının üzvüləri arasında danışıqlar aparılır. Danışıqların predmeti isə İrəvanın ermənilərə siyasi mərkəz kimi verilməsi idi. Milli Şuranın 20 nəfər üzvünün iştirakı ilə keçirilən iclasda 16 nəfər lehinə, 1 nəfər əleyhinə, 3 nəfər bitərəf olmaqla İrəvanın ermənilərə paytaxt kimi verilməsi qəbul olunub. Bu zaman Azərbaycan hökuməti əmin idi ki, bu addımdan sonra ermənilər Dağlıq Qarabağa olan iddialarından əl çəkəcək və eyni zamanda, iki dövlət konfederasiya kimi birləşəcək. Bununla bağlı may ayının 29-da Fətəli Xan Xoyskinin İstanbula Məmmədyusif Cəfərova yazdığı məktubunda deyilir: Biz erməni nümayəndə heyəti ilə danışıqlar apardıq, İrəvan onlara mərkəz kimi verilir, onlarda əvəzində Qarabağa, eləcə də, Azərbaycanın bütün torpaqlarına olan iddialarından əl çəkirlər".Tarixçilər isə o zaman Azərbaycan hökumətinin atdığı bu addımı siyasi manevr kimi dəyərləndirirlər. Tarix elmlər doktoru Anar İsgəndərovun fikrincə, vaxtilə verilən bu qərarın əsas səbəbkarı Osmanlı dövləti idi.Çünki Osmanlı dövləti o zaman regionda əsas söz sahibi olaraq qərarların verilməsində birbaşa rol oynayırdı. "Həmin dövrdə Osmanlı dövləti regionda söz sahibi idi. O zaman

Osmanlı dövləti öz mövqelərini qoruyaraq 3 əsas prinsiplə hərəkət edirdilər. Birinci, İrəvan ermənilərə verilsə, o zaman ermənilər Vandan çıxarılacaq. Bu zaman ermənilər də Qarabağ iddialarından əl çəkəcək. Bakının bolşeviklərdən təmizlənməsinə yardım ediləcək. Azərbaycan və Ermənistan birləşərək konfederasiya yaradacaq". Tarixçi alim deyir ki, Osmanlı dövləti İrəvan ermənilərə verilməyəcəyi təqdirdə, yeni yaranmış Azərbaycan hökumətinin tanımayacağını və ona dəstək olmayacağını da bildirib, eyni zamanda, o zaman ermənilərin Vandan çıxarılan silahlıları da İrəvana yerləşdirilib. İrəvanın qorunması üçün isə Azərbaycan silahlılarından bir nəfər də olsa, şəhərdə yox idi. Bütün bunları nəzərə alaraq, məcburiyyət qarşısında Azərbaycan hökuməti də iki ziyanlıdan daha az ziyanlını seçməli olub. Belə vəziyyətdən isə hamı qazandı. Türkiyə öz torpaqlarından erməni idiasını aradan qaldıraraq, erməniləri ərazidən uzaqlaşdırdı. Ermənilər ilk dəfə dövlət quraraq İrəvanı qazandılar. Azərbaycan öz dövlətçiliyinə uzun müddətdən sonra yenidən qovuşdu. Lakin sonradan tarix göstərdi ki, ermənilər yenə də aldadıcı mövqe tutaraq, verdikləri sözə əməl etmədilər. Kifayət qədər edilən güzəştlərdən sonra yeni iddialar irəli sürdülər. 1928-ci ildə Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra ermənilər 16 maddədən ibarət müqavilənin 15-ci bəndini əldə əsas tutaraq, yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar. Müqavilənin 15-ci bəndində isə deyilirdi: "İran ərazisində olan ermənilər istədikləri zaman Çar Rusiyası tərəfindən işğal edilən Azərbaycan ərazisinə köçə bilərlər. Bu bəndi əsas tutub kifayət qədər erməni Qarabağa, Şamaxıya, Bakıya və Naxçıvana köçürüldülər". Qeyd edək ki, 1918 -ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman regionda onu suveren dövlət kimi tanımaq istəməyən dövlətlərdən biri də İran idi ki, o da müstəqilliyin elə ilk günlərində Azərbaycana nota göndərir. Sənəddə deyilir: "Azərbaycan deyiləndə Azərbaycan haradır?" ADR isə bu zaman Qafqaz sözünü Azərbaycan sözünə əlavə etməklə İranın nəzərinə çatdırır ki, söhbət Qafqaz Azərbaycanından gedir və bundan sonra 1920-ci ilin mart ayının 21-də İran Azərbaycanın suverenliyini tanıyır. Politoloqlar isə hesab edir ki, vaxtilə imzalanan bu müqavilə əsasında bu gün Azərbaycan İrəvanı geri qaytarmaq üçün əla fürsət qazanıb. Çünki beynəlxalq hüquq müqavilələri tələb edir ki, torpaqla bağlı qəbul olunan hər hansı bir qərardan 99 il keçdikdən sonra həmin torpaqlar geri qaytarılmalıdır. "Sözü gedən müqavilədə 99 illik icarə haqqı ilə bağlı maddə olmasa da icarə müddətinin başa çatması o səbəbdən 99 il nəzərdə tutulur ki, bütün beynəlxalq müqavilələr 99 illik bağlanılır. İlk dəfə də bu məsələni Prezident İlham Əliyev qaldırdı. "İrəvanı icarəyə vermişdik, indi vaxt tamam olan zaman geri istəyəcəyik". Bu çıxış isə erməniləri əməlli-başlı şoka saldı. Çünki hazırda onlar bunu gözləmirdilər"- politoloq Cümşüd Nuriyev deyir.

Hər halda, ümid edək ki, aparılan siyasi danışıqlar yaxın gələcəkdə fayda verəcək. Torpaqlarımızı qorumağa da, itirdiklərimizi qaytarmağa da bu gündən hazır olmalıyıq.

İlahə Vəliyeva

Digər xəbərlər