Naxçıvan Dövlət Universitetinin elmi kitabxanasında universitetin Tələbə Gənclər Təşkilatlarının "20 Yanvar - qan yaddaşımız" mövzusunda elmi konfransı keçirilmişdir. Tələbələr əvvəlcə "Şəhidlər unudulmur" adlı sərgiyə baxmışlar.
NDU-nun Media mərkəzindən AzərTAc-a bildirmişlər ki, konfrans başlanılmazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı giriş sözü ilə universitetin prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev açmışdır. Prorektor 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlığa gedən yolunda böyük itkilər bahasına başa gələn bir zəfər gecəsi olduğunu vurğulamışdır. Natiq, bu faciənin əslində bir xalqa yox, bəşəriyyətə qarşı bir qətliam olduğunu qeyd etmişdir.
Bu faciəni törədənlər Azərbaycan xalqının birliyini, azadlıq, müstəqillik duyğusunu qırmağa çalışsalar da buna nail ola bilməmişlər. 1990-cı ilin yanvar ayının 22-də, sovetlərin elan etdiyi fövqəladə vəziyyətə baxmayaraq Azərbaycan xalqı bir daha öz həmrəyliyini, birliyini göstərmişdir. Milyonlarla azərbaycanlı həmin qanlı gecədə şəhid olan oğullarını torpağa tapşırmaq üçün yenidən toplanmış və öz mətinliyini, mübarizliyini bir daha göstərmişdir. Tədbirdə tələbə Elnur Kəlbizadənin "Genefondumuza qarşı təcavüz" adlı məruzəsi dinlənilmişdir. Sonra çıxışlar olmuşdur. Konfransda 20 Yanvar gecəsi lentə alınan kadrlar, şəhidlərin dəfn edildiyi anları əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.