PDF Oxu

Sosial

  • 11

Azərbaycan dünyada lider statusunu müəyyən edib

Azərbaycan dünyada lider statusunu müəyyən edib

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Keçirilən iclasada geniş nitq ilə çıxış edən ölkə başçısı İlham Əliyev ötən 2011-ci ilin yekunları və 2012-ci ildə görüləcək işlərlə bağlı fikirlərini bildirmiş, nazirliklərə və dövlət komitələrinə öz tövsiyə və tapşırıqlarını vermişdir.

Mövzu ilə bağlı millət vəkilləri və iqtisadçı-ekspertlərin fikirlərindən də bəlli olur ki, bu gün Azərbaycan Respublikası bütün sahələrdə gedən dinamik inkişafı ilə nəinki regionda, eləcə də, düntyada lider statusunu müəyyən edib. Təbii ki, bütün bu uğurlu inkişaf modelinin mütəşəkkilliyi bilavasitə Prezident İlham Əliyev tərəfindən istiqamətləndirilən mütərəqqi daxili və xarici siyasət tendensiyalarının ali təcəssümüdür.


Ziyad Səmədzadə, millət vəkili: " Prezident İlham Əliyev tərəfindən hələ bir neçə il bundan əvvəl irəli sürülmüş sənayeləşmə təşəbbüsləri artıq öz uğurlu nəticələrini verməkdədir"


- Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında vurğuladığı kimi, 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilibdir. Əlbəttə ki, bu, belədir və həqiqətən də, nəzər salsaq görərik ki, artıq elə bir vəzifə yoxdur ki, icra olunmamış qalsın. Nəzərdə tutulmuş bütün planlar respublikamızın həyatında öz əksini tapıb və 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam etmişdir. Gəlin bir daha rəqəmlərə müraciət edək. Bütövlükdə, iqtisadi artım 0,1 faiz təşkil etmişdir. Ancaq ölkə iqtisadiyyatının qeyri-neft sektoru da artmışdır ki, bu artım 9,4 faizi təşkil etmişdir. Bütün bunlar görülmüş uğurlu işlərin nəticəsidir.

Digər tərəfdən, artıq bir neçə ildir ki, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün praktiki addımlar atılır, proqramlar qəbul edilibdir, dövlət siyasəti də bu istiqamətdə aparılır və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün bütün gözəl imkanlar yaradılmışdır. Nəticədə, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Nəzərə alsaq ki, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır. Bu zaman bir daha məlum olur ki, bu amil həm iqtisadi, həm sosial inkişafa müsbət təsir göstərir.

Bu sektordakı inkişaf, eyni zamanda, qeyri-neft sənayesində də artmışdır. Belə ki, qeyri-neft sənayesinin artımı bütövlükdə 11,1 faiz artmışdır. Bu rəqəm onu göstərir ki, Prezident İlham Əliyev tərəfindən hələ bir neçə il bundan əvvəl irəli sürülmüş sənayeləşmə təşəbbüsləri artıq öz uğurlu nəticələrini verməkdədir. Digər tərəfdən, əvvəlki illərdə təməlini qoyduğumuz müəssisələr bu il və gələn il istifadəyə veriləcək, onda görərik ki, gələcəkdə də qeyri-neft sənayesinin inkişafı üçün çox gözəl, mükəmməl, dayanıqlı imkanlar mövcuddur.

Azərbaycan 2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail ola bilmiş ölkələrdən biri kimi liderliyini qoruyub saxlayır. Çünki hər il ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi böyük templə artır. Ölkədə 2010-cu ildə 17,6 milyard dollar investisiya qoyulsa da, 2011-ci ildə ilk dəfə olaraq investisiyalar 20 milyard dollara bərabər olmuşdur. Eləcə də, Prezidentimizin vurğuladığı kimi, təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulmuşdur. Buraya əvvəlki illərdəki investisiyaları da əlavə etsək, görərik ki, Azərbaycanda nə qədər nəhəng işlər görülmüş, layihələr reallaşdırılmışdır. Bu gün həm yerli, həm də xarici investorlar ölkəmizin iqtisadiyyatına kifayət qədər çox maraq göstərirlər. Onlar Azərbaycanın uğurlu inkişafına ölkə vətəndaşları ilə bərabər, bizim kimi inanırlar. Əlbəttə ki, bu investisiyaların təşkilində dövlət siyasəti və Prezident İlham Əliyevin şəxsi siyasi-iqtisadi və digər əhəmiyyətli təcrübəsi həlledici rol oynayır.


Eldar İbrahimov, millət vəkili: "Valyuta ehtiyatlarımız 40 milyard dollar səviyyəsinə çatmışdır, bu, çox uğurlu göstəricidir"


- Ötən 2011-ci ildə Azərbaycanda böyük investisiya proqramları reallaşdırılmışdır, valyuta ehtiyatlarımız artmışdır. Xüsusilə, qeyd etmək istərdim ki, ilk dəfə olaraq, Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatmışdır. Bu gün Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycanımızın davamlı inkişafı ölkəmizin nüfuzunu artırıb və artırmaqdadır. Dövlət başçısı keçirdiyi son iclasda da vurğulayıb ki, bu, bizim strateji ehtiyatlarımızdır. Yəni dövlət bu ehtiyatların idarə edilməsindən gəlir götürür. Növbəti dövr üçün isə qeyd olunduğu kimi yeni konsepsiya hazırlanmışdır və Azərbaycanda valyuta ehtiyatları daha da çoxşaxəli formada idarə ediləcək. Cənab Prezident İlham Əliyev bu məsələ ilə bağlı müvafiq göstərişlərini verimişdir.

Eyni zamanda, Prezident İlham Əliyevin apardığı siyasətin mühüm hissələrindən biri də sosial sahədir. Belə ki, sosial sahədə də bizim siyasətimiz uğurla davam etmişdir, 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artmışdır və bu da müəyyənləşdirilmiş sosial siyasətin əsas istiqamətlərindən biridir. Artıq bu gün insanların rifah halı yaxşılaşır, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min nəfəri təşkil edir. Təbii ki, bu da, onu göstərir ki, hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə dövlət daim diqqət göstərir və hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verilir. Bu, çox mükəmməl bir göstəricidir. Lakin Prezident İlham Əliyev bu rəqəmlərin daha da artırılması üçün yorulmadan öz uğurlu fəaliyyətini davam etdirir. Nazirlər Kabinetinin sonuncu iclası zamanı ölkə rəhbərimiz vurğulamışdır ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bu prinsipləri rəhbər tuturuq. Ancaq biz sosial siyasətdə də çox uğurla addımlar atırıq və sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq.

Bəli, bu, belədir. Bu gün Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş 460 dollara yaxındır və bu göstərici MDB məkanında ən uğurlu göstəricidir.


Tahir Süleymanov: " Biz ümid edirik və inanırıq ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız erməni tapdağından azad olacaq "


- Azərbaycan 2011-ci ili uğurla başa vurub. 2012-ci ildə isə həmin uğurlar daha da artacaq. Çünki bu gün ölkə rəhbərliyində Prezident İlham Əliyev kimi mütərəqqi Lider var. Həmçinin, biz ümid edirik və inanırıq ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız erməni tapdağından azad olacaq.

Buradan bir daha bəlli olur ki, Prezident İlham Əliyev heç vaxt ermənilərə güzəştə getməyəcək. O, həm də Azərbaycan xalqının Ali Baş Komandanıdır. Və lazım olan anda O, lazımi addımlarını ataraq Ermənistanın işğalçı siyasətinə son qoyacaq. Bu baxımdan da həmin iclasda Prezidentimiz vurğulamışdır: "Azərbaycanın ərazi bütövlüyü şübhə altına qoyulmur, Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara qayıdırlar və gələcəkdə Dağlıq Qarabağın statusu haqqında qeyri-müəyyən vaxtda qeyri-müəyyən formada təkliflər irəli sürüləcəkdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu da təbiidir ki, Azərbaycan dövləti və xalqı heç vaxt Dağlıq Qarabağa Azərbaycanın kənarında heç bir statusa razılıq verə bilməz və verməyəcəkdir. Prinsiplər bundan ibarətdir".

R.RƏSULOV,

R.HÜSEYNOVA

Digər xəbərlər