Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Böyük akt zalında 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdən əvvəl ADPU-nun professor-müəllim heyəti və tələbə kollektivi Şəhidlər Xiyabanını ziyarət etdilər. Mərasimdə iştirakçılar 20 Yanvar şəhidlərinin, eləcə də, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və milli dövlətçiliyi uğrunda şəhid olmuş bütün soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edib, məzarları üstünə çiçək dəstələri qoydular.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən, müəssisə, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, dəyirmi masa və mühazirələrin təşkil edildiyini bildirdi. Eyni zamanda, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və Azərbaycan icmaları vasitəsi ilə müvafiq tədbirlər həyata keçirilir.
Universitetin rektoru Sovet Ordusunun Bakıda törətdiyi bu qanlı cinayətə münasibətini ifadə edərək, 1990-cı il yanvarın 22-də Ulu Öndərin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, hadisələrin dünya ictimaiyyətinə çatdırılmasındakı rolunu vurğuladı. O, qeyd etdi ki, Heydər Əliyev bu hadisəni kəskin pisləyən bəyanat verdi və faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Bu, həmin ağır və çətin dövrdə insandan böyük cəsarət, hünər, mərdlik və vətənpərvərlik, millətsevərlik tələb edirdi. Böyük vətənpərvər Heydər Əliyev bütün dünyaya sübut etdi ki, belə cəsarətli və prinsipial addımı yalnız Heydər Əliyev ata bilər: "Əslində, Ulu Öndərin bu bəyanatı elə Azərbaycan xalqının haqq səsi idi. Bu bəyanat həm də faciədən sonra mənəvi-psixoloji cəhətdən sarsılmış xalqımıza böyük təsəlli olmaqla yanaşı, dünya ictimaiyyətinə Azərbaycanda baş vermiş faciənin miqyası barədə əsil həqiqətlərin lazımınca çatdırılmasında mühüm rol oynadı".
Y.Məmmədov 20 Yanvar faciəsinə nəzər salaraq bu faciəyə hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda xalqın təkidli tələbi ilə yenidən ali dövlət hakimiyyətinə qayıtmasından sonra verildiyini bildirdi: "Ulu Öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Azərbaycanın o vaxtkı riyakar və ikiüzlü rəhbərliyindən fərqli olaraq, 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymətin verilməsi üçün böyük qətiyyət və prinsipiallıq nümayiş etdirdi. Belə ki, hələ 1990-cı il noyabr ayının 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Ali Məclisi 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması haqqında qərar qəbul etdi. Bu, əslində, həmin hadisəyə verilən ilk hüquqi-siyasi qiymət idi. Bundan başqa, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 29 avqust tarixli sessiyasında böyük cəsarətlə bu hadisəyə konkret münasibət bildirərək demişdir: "Bu məsələnin həm siyasi tərəfi var, həm hüquqi tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki qaldı hüquqi cəhəti, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunmaları, onu şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə başqa tədbirlər həyata keçirmək mümkün olmur".
Y.Məmmədov dövlət tərəfindən 20 Yanvar şəhidlərinin və bu qəbildən olan şəxslərin ailələrinə dövlət tərəfindən göstərilən qayğını da diqqətə çatdırdı. O, faciənin acı nəticələrini qeyd etməklə yanaşı, bu tarixi günün Azərbaycanın müstəqillik tarixində oynadığı rolun əhəmiyyətinə də nəzər saldı.
Tədbirdə çıxış edən türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müdiri, dosent Rəcəb Əliyev, həmin kafedranın müəllimi Taleh Cəfərov və başqaları Azərbaycanda genişlənən milli-azadlıq hərəkatından söz açaraq, 20 Yanvar hadisəsinin xalqımızın müstəqil milli dövlət qurmaq arzusunu daha da gücləndirdiyini bildirdilər.
Anım mərasimində 20 Yanvar faciəsinə həsr olunmuş videofilm nümayiş etdirildi.
NƏZAKƏT ƏLƏDDİNQIZI