PDF Oxu

Sosial

  • 8

Xalqın istək və arzularını reallaşdıran partiya

Xalqın istək və arzularını reallaşdıran partiya

Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan, Azərbaycan xalqının milli maraqlarının, dövlətçilik ənənələrinin qorunmasında mütəşəkkil siyasi qüvvə kimi iştirak edən Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının yaranmasının 19-cu ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

İclasda geniş məruzə ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov təşkilatın 19 illik fəaliyyəti barədə geniş məruzə ilə çıxış edərək, partiyanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini əks etdirən maraqlı məqamlara toxundu: "Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti ilə yaranan Yeni Azərbaycan Partiyasını təsadüfən milyonların partiyası adlandırmırlar. 21 noyabr 1992-ci ildə yaranan, təsis konfransında cəmi 550 nəfərin iştirak etdiyi YAP-ın ətrafında toplaşanların sayının sürətlə artması, insanlar tərəfindən rəğbətlə qarşılanması deyilənlərin təsdiqidir. Nizamnamə və Əsasnaməsinin əsas prinsipləri kimi demokratiyaya sadiq qalmaqla, bəşəri dəyərləri inkişaf etdirərək mətinləşən, ölkədə siyasi sabitlik, vətəndaş həmrəyliyinin yaradılması üçün çoxpartiyalılıq sisteminin tətbiqini ən vacib amil kimi diqqətdə saxlayan Ümummilli Lider Heydər Əliyev üçün bir meyar var idi: Azərbaycanı dünya miqyasında iqtisadi cəhətdən inkişaf etmiş, siyasi sabitliyi ilə fərqlənən, demokratik, qüdrətli ölkə kimi tanıtmaq, insanların yaşayış səviyyəsini yüksəltmək, milli- mənəvi dəyərləri qoruyub yaşatmaq və inkişaf etdirmək".

YAP-ın xalq tərəfindən daim dəstəkləndiyini qeyd edən R.Muradov başçılıq etdiyi Gədəbəy rayon təşkilatının yaranma tarixindən və fəaliyyətindən də söz açdı.

Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən, partiyanın yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin vətəninə, xalqına bağlılıq hisslərindən söz açan Gədəbəy rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik və neft strategiyalarının təntənəsini bu gün hamı öz gündəlik həyatında hiss edir: "Yeni Azərbaycan Partiyasını yaratmaqla insanların ideologiyasında, məfkurəsində millilik, müasirlik, yenilik duyğuları aşılayan Ulu Öndərin ideyalarını ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycana daha böyük uğurlar qazandırır. YAP-ın cəmiyyətdəki rolu günbəgün artır".

Natiq çıxışında Prezident İlham Əliyevin Sədrliyi ilə 16 yanvar 2012-ci il tarixdə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vurğuladığı əhəmiyyətli tezislər haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

Tədbirdə YAP Gədəbəy rayon təşkilatı idarə heyətinin üzvləri Namiq Rüstəmov, Məryam Həsənova, Nəzakət Hüseynova, ərazi ilk partiya təşkilat sədrlərindən Baxış Nağıyev, Cəlal Tomuyev, Asəf Nağıyev, Natiq Nağıyev, partiya fəallarından Raifə Musayeva, Siyavuş Bağırov və başqaları Yeni Azərbaycan Partiyasının sıralarının sürətlə artdığını və bu inkişafın səbəbini açıqladılar. Bildirdilər ki, bu, xalqın YAP-a inamından irəli gəlir. Partiya bu gün də yenilik hissi ilə irəliləyir, inkişaf edir, mətinləşir.

Tədbirdə iştirak edən bir qrup YAP fəallarına, YAP Gədəbəy rayon təşkilatı idarə heyətinin qərarına əsasən fəxri fərman və hədiyyələr verildi. Sonda tədbir iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olundu.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər