Artıq 20 ilə yaxındır ki, Azərbaycanın 20 faiz torpağı erməni işğalı altındadır. Demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində Rusiya prezidentinin təşəbbüsü ilə prezidentlərin bir neçə dəfə görüşləri keçirilib. Son Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərəcək? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Aydın Mirzəzadə,
millət vəkili:
- Rusiya prezidentinin təşəbbüsü ilə yenidən prezidentlərin Soçidə üçtərəfli görüşü keçirildi. Bu görüş Azərbaycanın işğal olunmuş torpaqlarını işğaldan azad etmək və iki dövlət arasında normal şəkildə, beynəlxalq hüquq normalarına uyğun münasibətlərin qurulmasına xidmət edir. Bu gün işğalçı ölkə olan Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi bu məsələyə çatmağa mane olur. Dağlıq Qarabağ münaqişəsinin həllinin iki yolu var. Birincisi, müharibə yoludur. Yəni, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə işğaldan azad edir və buna qadirdir. İkinci isə danışıqlar yoludur, yəni, diplomatik səylərlə sözügedən problemin həll etməyə çalışırlar. Burada Azərbaycan dövləti üçün variantların ikisi də məqbuldur. Bir sözlə, ölkəmiz hər iki variant üzərində çox ciddi şəkildə işləyir. Fikrimcə, Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində aparılan hər görüş xırda da olsa irəliyə doğru bir addımdır. RF-nin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezdentlərinin Soçidə keçirilən son görüşü müəyyən qədər ümidlər verdi. Hətta tərəflər danışıqları intensivləşdirmək barəsində razılığa gəldi. Bu isə, o deməkdir ki, tərəflər tez-tez görüşəcəklər. Eyni zamanda, tək yüksək səviyyədə deyil, o cümlədən, digər səviyyələrdə görüşlərin keçirilməsi mümkün olunacaq. İkinci isə tərəflərin əsas prinsiplər üzərində işləməklə bağlı danışıqlar aparmalarıdır. Üçüncü, humanitar əlaqələrin qurulması məsələsidir ki, Azərbaycan tərəfi buna razılıq verdi. O ki qaldı Ermənistan tərəfinin bu məsələyə münasibətinə, demək olar ki, burada işğalçı ölkə hətta icma nümayəndələrini görüşünə maneçilik törədir. Burada isə söhbət ziyalıların, mütəxəssislərin və icmaların bir-biri ilə görüşündən söhbət gedir. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan son görüş müəyyən qədər ümidlər verir. Amma bu nə dərəcədə real olacağını gələcək göstərəcək.
Elçin Mirzəbəyli,
politoloq:
- Məlum olduğu ki, Rusiya prezidentinin təşəbbüsü ilə Soçidə prezidentlərin üçtərəfli görüşü keçirildi. Yəni, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verildi. Bu bəyanatda əsas baza prinsipləri üzərində danışıqların davam etdirilməsi barədə ümumi razılıq əldə olundu. Bu prosesin necə davam edəcəyi sonrakı keçiriləcək görüşlərdən bəlli olacaq. Hələ ki, Ermənistan tərəfinin keçirilən görüşlə bağlı rəsmi mövqeyi ortalıqda deyil. Sadəcə olaraq, ortalıqda üçtərəfli verilən bəyanatlar var. Bu bəyanatın özündə də, konkret olaraq, hansı məsələ ətrafında razılaşmanın əldə olunduğu və yaxud da olunmadığı barədə heç bir nüans yoxdur. Düşünürəm ki, Azərbaycan artıq sülh sazişinin imzalanması ilə bağlı Ermənistana konkret olaraq, vaxt verilməsi məsələsini daimi olaraq gündəmdə saxlamalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların sonsuza qədər uzadılması uğurlu bir nəticəyə gətirib çıxarmayacaq.
GÜLYANƏ